Yeni Azərbaycan Partiyası Nəsimi rayon Maliyyə Nazirliyi ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi. Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri giriş sözü ilə açan nazirliyin ərazi ilk partiya təşkilatının sədri Abbas Salmanov bugünkü iclasın gündəliyində duran məsələlər, ötən dövr, partiyanın 5 illik fəaliyyəti barədə geniş məlumat verdi. O bildirdi ki, ərazi ilk partiya təşkilatının 207 üzvü var. 2006-2011-ci illər ərzində 24 iclas keçirilib. YAP-ın Nizamnamə və Proqramına uyğun olaraq təşkilat mütəmadi tədbirlər həyata keçirib. O cümlədən, dövlət səviyyəsində keçirilən tədbirlərdə yaxından iştirak edib.
A.Salmanov respublikamızın müstəqilliyinin bərpasından ötən iyirmi il ərzində əldə olunan uğurlardan danışdı. O, qeyd etdi ki, Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaradılan YAP yenicə müstəqillik əldə edən ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm işlər görərək çox böyük izlər qoyub.
Ərazi ilk partiya təşkilatının sədri bu gün xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılması, onun sosial rifahının yüksəldilməsi üçün Ümummilli Liderin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən ölkə Prezidenti cənab İlham Əliyevin daimi böyük işlər gördüyünü diqqətə çatdırdı. Ulu Öndərin tövsiyələri rəhbər tutularaq görülən işlərin davam etdiyini və bu sahədə qazanılan uğurların Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə də birbaşa əlaqəli olduğunu qeyd etdi. İqtisadiyyatın dirçəldilməsində, ölkəmizdə aparılan geniş quruculuq işlərində YAP-ın rolunu diqqətə çəkən ərazi ilk partiya təşkilatının sədri Azərbaycanın ictimai-siyasi həyatındakı nailiyyətlərini vurğuladı. O, qeyd etdi ki, Azərbaycan 20 illik müstəqillik tarixində çox uğurlara imza atmış, beynəlxalq miqyasda layiqincə təmsil olunmuşdur. Bu gün Azərbaycanın beynəlxalq əhəmiyyətli iri layihələrinin gerçəkləşməsini, dövlətimizin nüfuz dairəsinin genişlənməsinin nəticəsi kimi qiytmətləndirdi. Təsadüfi deyil ki, oktyabrın 24-də respublikamız BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu, Azərbaycanın böyük uğurlarından xəbər verir. A. Salmanov bundan sonra da ərazi ilk partiya təşkilatının fəaliyyətinin genişləndirilməsinə, Azərbaycanın çiçəklənməsində səylərinin artırılmasını bildirdi.
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatı aparatının rəhbəri Azər Süleymanov nazirliyin ərazi ilk partiya təşkilatının işini qənaətbəxş hesab edərək, ona gələcək fəaliyyətində uğurlar arzuladı. Müstəqillik illərinin ilk illərindən formalaşan Yeni Azərbaycan Partiyasının bu illər ərzində ətrafına yarım milyondan çox uzvünü birləşdirdiyini bildirən Azər Süleymanov iqtidar partiyanın ölkənin həyatında müstəsna mövqeyə malik olduğunu diqqətə çatdırdı. O, YAP-ın bugünkü uğurlarını diqqətə çəkməklə yanaşı, onun parlaq gələcəyinə inamlı olduğunu bildirdi.
Tədbirdə çıxış edən Xalıq Rəhmanov, Cavanşir Yusifov, Firdovsi Xəlilov və başqaları çıxış edərək, Azərbaycanın iqtisadi cəhətdən inkişaf etmiş qüdrətli bir dövlətə çevrildiyini diqqətə çatdırdılar. Bildirildi ki, sabitlikdən modernləşməyə kurs götürən Azərbaycan dövləti dinamik bir inkişaf dövrü keçmişdir.
Çıxış edənlər ərazi ilk partiya təşkilatının işini qənaətbəxş hesab edərək, bundan sonra da partiyanın həyatında daha da yaxından iştirak edəcəklərini bildirdilər.
Sonra yığıncaqda gündəlikdə duran təşkilati məsələlərə baxılaraq, Abbas Salmanov yenidən nazirliyin ərazi ilk partiya təşkilatının sədri, doqquz nəfərdən ibarət idarə heyəti və YAP Nəsimi rayon təşkilatının 8-ci konfransına 9 nəfər tərkibdə nümayəndə seçildi.
ZÜMRÜD