PDF Oxu

Əsas

  • 28

“Heydər Əliyev və müstəqil Azərbaycanın Konstitusiyası”

“Heydər Əliyev və müstəqil Azərbaycanın Konstitusiyası”

Dünən Atatürk Mərkəzində "Heydər Əliyev və müstəqil Azərbaycanın Konstitusiyası" mövzusunda Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşkilatçılığı ilə Konstitusiya Gününə həsr olunan dəyirmi masa keçirilib. Tədbirdə YAP-ın İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli, millət vəkilləri və YAP-ın Gənclər Birliyinin rəhbərliyi və üzvləri iştirak edib.

YAP-ın Gənclər Birliyinin sədri Seymur Orucov ilk öncə Azərbaycan Konstitusiyası ilə bağlı gənclərə geniş məlumat verib. O bildirib ki, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qəbul olunan Konstitusiya ölkədəki bütün demokratik qüvvələri özündə ehtiva edir.


Ziyafət Əsgərov: "Konstitusiyamızda kifayət qədər mütərəqqi hesab edilə biləcək müddəalar mövcuddur"


"Azərbaycanda Konstitusiya Gününün dövlət səviyyəsində qeyd edilməsi dövlətin konstitusiyaya verdiyi çox böyük önəmin, hörmət və ehtiramın ifadəsidir" sözlərini deyən Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov hesab edir ki, bu bayramın keçirilməsi Azərbaycan gənclərində, şagirdlərində, hətta uşaq bağçalarında dövlətə olan güvənlik hissinin artmasına dəlalət edir: "Azərbaycan konstitusiyası Ümummilli Lider Heydər Əliyevin Sədrliyi ilə işlənib hazırlanıb və o vaxt Ulu Öndərin qarşıya qoyduğu əsas məsələ Konstitusiyanın bütün sivil dünyanın prinsiplərini əks etdirməsindən, hər bir insanın, vətəndaşın hüquq və azadlıqlarının qorunmasından ibarət idi".

"Azərbaycanın Konstitusiyasında inkişaf etmiş dövlətlərin konstitusiyaları ilə müqayisədə kifayət qədər mütərəqqi hesab edilə biləcək müddəalar mövcuddur" fikrini söyləyən Z.Əsgərov bildirib ki, bunlar konstitusiyamızda insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməsi ilə bağlıdır: "Bu norma özündə insan hüquqlarının beynəlxalq standartlara uyğun tətbiqinə imkan verən mühüm prinsipi əks etdirir. Belə ki, qeyd olunan prinsip ölkəmizdə insan hüquq və azadlıqlarının hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında və insan hüquqlarına dair beynəlxalq müqavilələrdə nəzərdə tutulanlardan daha artıq məhdudlaşdırılmasına imkan vermir".

Z.Əsgərovun sözlərinə görə, konstitusiya ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələri Azərbaycanın hüquq sisteminin ayrılmaz tərkib hissəsi elan edir və nəzərdə tutur ki, əsas qanun və referendumla qəbul edilən aktlar istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir: "Konstitusiyamızın insan hüquqlarının səmərəli müdafiəsinə yönəlmiş ümumi müddəaları ilə yanaşı, onun ən böyük hissəsi olan "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" fəslində müasir demokratik cəmiyyətdə təmin edilməsi zəruri olan bütün insan hüquqları və əsas azadlıqlar, onların reallaşdırılmasının ümumi mexanizmləri, həmçinin, ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yol verilən həddi təsbit edilib".


Əli Hüseynli: "Azərbaycan Konstitusiyasında insanların hüquqların qorunmasına milli səviyyədə deyil, beynəlxalq səviyyədə yanaşılır"


Parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli Azərbaycan Konstitusiyasının Avropa Konvensiyasına uyğunlaşdığını deyib. Onun sözlərinə görə, ölkənin konstitusiyası qısa zamanda inkişaf edən vahid bir sənəddir: "Bu sənəd beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb. Azərbaycan Konstitusiyasında insanların hüquqlarının qorunmasına milli səviyyədə deyil, beynəlxalq səviyyədə yanaşılır. Hər bir Azərbaycan vətəndaşı da dövlətdən konstitusiyaya əsasən, onun layiqli həyatının təmin edilməsini təmin edir".

Ə.Hüseynli parlament seçkilərində majoritar sistemə üstünlük verilməsinin təsadüfi olmadığını da vurğulayıb: "Çünki bu halda vətəndaşlar deputat seçkisində birbaşa iştirak edir, hər bir səs xüsusi önəm daşıyır. Yəni vətəndaşın bu prosesdə rolu artır".

Komitə sədri prezident səlahiyyətlərinin parlament sədrinə yox, baş nazirə keçməsi barədə müddəanın da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: "Çünki biz prezident səlahiyyətlərinin parlament sədrinə keçdiyi halda parlamentdə, ölkələrdə nə baş verdiyini görüb, yaşamışıq. Bir icra orqanının səlahiyyətinin digər icra orqanına keçməsi daha məntiqlidir".

Ə.Hüseynli bildirib ki, prezident seçkilərində məhdudiyyətlərin qaldırılması ilə bağlı referendumun keçirilməsi və müvafiq dəyişikliyin qəbul olunması da mütərəqqi addımdır: "Çünki bununla seçmək və seçilmək hüququ genişləndirildi. Təəssüf ki, müxalifət bunu başa düşə bilmirdi. Biz ancaq hüquqa söykənirdik". Tədbirin davamında YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ölkənin əsas qanununun digər ölkələrin müvafiq qanunu ilə müqayisəli təhlilini aparıb və onun üstünlüyündən danışıb. = Gənclərin rəy və təkliflərini, suallarını dinləyən qonaqlar onları maraqlandıran məsələləri cavablandırıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər