PDF Oxu

Əsas

  • 32

Azərbaycanda “Ümummilli Lider haqqında” qanunun qəbul edilməsi olduqca vacibdir

Azərbaycanda “Ümummilli Lider haqqında” qanunun qəbul edilməsi olduqca vacibdir

Milli Məclisin ötən iclasında birinci oxunuşdan keçən "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Konstitusiya qanunu" layihəsi bu gün parlamentdə yenidən deputatların müzakirəsinə çıxarılacaq.

Qeyd edək ki, eks-prezidentlərlə bağlı bu sənədə rəğmən Milli Məclisin xeyli sayda deputatı ayrıca olaraq "Ümumilli Lider haqqında" qanunun da qəbul edilməsi təklifini irəli sürüb. Həmin deputatlar Azərbaycan dövlətinin oturuşmasında, eləcə də, onun inkişafında Ümummilli Liderimiz Heydər Əliyevin rolunun əvəzsiz olduğunu, Onun digər prezidentlərlə müqayisəolunmazlığını önə çəkərək, belə bir sənədin qəbulunun zəruriliyini qeyd ediblər.

Həmçinin, Ümummilli Liderimiz Heydər Əliyevin irsinin qorunması haqqında qanunun hazırlanması üzrə işçi qrupunun yaradılması təklifi ilə də çıxış ediblər. Bu təklif cəmiyyətdə kifayyət qədər aktual mövzu kimi qarşılanmaqdadır. Bu məsələ ətrafında millət vəkillərinin fikir və rəylərini öyrəndik.


Rəbiyyət Aslanova: "Belə qanun qəbul edilməsi qanunvericilikdəki boşluğu aradan qaldırmaq baxımından çox vacibdir"


Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova Azərbaycanda "Ümummilli Lider haqqında" qanunun qəbul edilməsinin olduqca vacib olduğunu söylədi: "Bir sıra ölkələrdə dövləti quran insanlarla bağlı qanun qəbul olunub. Bildiyiniz kimi, Ümummilli Lider dövlətin qurulmasında, onun yaşatmasında və dünya miqyasına çıxarılmasında əvəzsiz xidmətləri olan şəxsiyyətə deyirlər. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin quruculuğunda müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Belə qanunun qəbul edilməsi qanunvericilikdəki boşluğu aradan qaldırmaq baxımından çox vacibdir".


Jalə Əliyeva: "Ümummilli Liderlə bağlı qanunun hazırlanması üçün mənim də fikirlərim var"


Millət vəkili Jalə Əliyeva bildirib ki, hələ 2011-ci ilin fevral ayında Milli Məclisin yaz sessiyasında bu məsələ gündəliyə gəlib: "O zaman eks-prezidentlər haqqında qanunun hazırlanmasının vacibliyindən daha çox bu məsələ, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında qanunun hazırlanmasının vacibliyi vurğulandı. Məhz Heydər Əliyevin şərəf və ləyaqətinin toxunulmazlığının, eyni zamanda, irsinin qorunması və gələcək nəsillərə ötürülməsi üçün ayrıca bir qanunun hazırlanmsı zəruri bir məsələ olaraq ötən iclaslarda da səsləndirilib".

Millət vəkili digər eks-prezidentlərdən fərqli olaraq Ümummilli Liderimiz Heydər Əliyev barədə ayrıca qanunun hazırlanmasının vacibliyini belə əsaslandırıb: "Noyabrın 15-də Milli Məclisin plenar iclasında eks-prezidentlərlə bağlı qanun layihəsi ikinci oxunuşda müzakirə olunacaq. Hesab edirəm ki, bu qanunla bərabər, yaxud da daha sonra xüsusi olaraq Ulu Öndər Heydər Əliyev haqqında bir qanun hazırlanmalı, müzakirə edilib təsdiqlənməlidir. Ulu Öndər Heydər Əliyev nəinki Azərbaycanda, heç dünya səviyyəsində heç bir sabiq prezidentlə, heç bir rəhbərlə, müqayisə edilə bilməyəcək dərəcədə böyük bir zirvəyə, ağırlığa, nüfuza sahib olan şəxsiyyətdir. Azərbaycan xalqı qarşısında etdikləri, həqiqətən də, onu Lider, Öndər səviyyəsinə yüksəldib. Təbii ki, xalq da öz Öndərini bütün dövrlərdə, bütun tarixi şəraitlərdə qorumaq əzmindədir və onu qoruyacaq. Bunun üçün mütləq Ulu Öndər Heydər Əliyev haqqında ayrıca olaraq bir qanunun olması çox əhəmiyyətlidir. Bu fikri böyük əksəriyyət dəstəkləyir. Yeni Azərbaycan Partiyası bununla bağlı bir işçi qrupu yaratmağı da düşünür. Əgər belə bir işçi qrup yaranarsa, mən də böyük məmnuniyyətlə onun tərkibinə daxil olaram. YAP-ın üzvü olmasam da, müstəqil bir millət vəkili kimi bu arzudayam. Çünki mənim də bu qanunun hazırlanması ilə bağlı öz fikirlərim var".

Jalə Əliyeva bildirib ki, o, Ümummilli Liderimiz Heydər Əliyevlə bağlı qanun layihəsinin hazırlanması istiqamətində müəyyən addımlar atıb və hətta sənədin bəzi konturlarını da müəyyənləşdirib: "Bir millət vəkili olaraq, bu istiqamətdə müəyyən işlərə başlamışam. Sənədin bəzi konturları da artıq hazırdır. Amma qanun layihəsinin daha təkmil variantı üçün, təbii ki, ekspertlərlə müzakirələr, məsləhətləşmələr vacibdir. Hazırda da bu istiqamətdə işlər görülür. Hesab edirəm ki, Ümumilli Lider Heydər Əliyev irsinin yaşadılması, onun gələcək nəsillərə ötürülməsi üçün hər kəs əlindən gələni etməlidir. Bu, bizim mənəvi borcumuzdur ".


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər