PDF Oxu

Əsas

  • 41

Yeni Azərbaycan Partiyası böyük nüfuza və gücə malik partiyadır

Yeni Azərbaycan Partiyası böyük nüfuza və gücə malik partiyadır

Dünən YAP Suraxanı rayon ARDNŞ-nin Sosial İnkişaf İdarəsi Mənzil-Sosial Xidmətləri Departamentinin ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi. Yığıncağı giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Natiq Şahverənov gündəlikdə duran məsələlərə nəzər salaraq, təşkilatın 5 illik fəaliyyəti barədə geniş məlumat verdi. O bildirdi ki, ərazi ilk partiya təşkilatı hesabat dövründə özünün iş planına müvafiq olaraq mütəmadi şəkildə istər respublika səviyyəsində, istərsə də rayon səviyyəsində keçirilən tədbirlərdə fəal iştirak etmişdir. Belə ki, prezident seçkilərində, bələdiyyə seçkilərində, parlament seçkilərində xüsusi fəallıq göstərərək, təşkilatın dairə və məntəqə seçki komissiyalarında iştirak etmişlər.

Bu gün böyük inkişaf dövrü keçən YAP özündə 500 mindən çox üzvü birləşdirir. Hər birimizin bu partiyanın sıralarında addımlamağımızdan qürur hissi keçirdiyini diqqətə çatdıran N.Şahverənov ərazi ilk partiya təşkilatının 137 nəfər üzvü olduğunu bildirdi. Onun sıraları günü-gündən genişlənir. Ərazi ilk partiya təşkilatının sədri yaxın zamanda 12 nəfərin partiya sıralarına qəbul olmaq üçün ərizə ilə müraciət etdiyini də söylədi. O, partiya sıralarının durmadan genişlənməsini xalqımızın partiyaya olan inam və etimadı kimi qiymətləndirdi və təşkilatın gələcək fəaliyyətinə uğurlar arzuladı.

Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov tədbir iştirakçılarını salamlayaraq, bildirdi ki, rayon təşkilatı ərazisində 103 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Kollektiv qısa zaman çərçivəsində işgüzarlığı ilə seçilərək, dövlət səviyyəli tədbirlərdə, o cümlədən, prezident, referendum, bələdiyyə və parlament seçkilərində yaxından iştirak edib. Rayon təşkilatının sədri bildirdi ki, departament 24 MİS-i özündə birləşdirir. Böyük bir ordu olan kollektiv yeniləşərək, buraya daha çox gənclər cəlb olunub. Onlar üzərilərinə düşən tapşırıqların öhdəsindən layiqincə gəlmişlər. Seçkiqabağı daha böyük fəallıq göstəriblər. Bundan sonra da fəaliyyətlərini davam etdirərək, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi layihə və islahatlarda Ona daim dəstək olacaqlar. Ölkəmizin bütün sahələrində istər təhsil, mədəniyyət, turizm, nəqliyyat, tikinti quruculuq işlərinin, istərsə də infrastruktur layihələrinin həyata keçirilməsinə töhfələrini verəcəklər.

V.Seyidov Heydər Əliyevin siyasətinin məntiqi uğuru olan "Əsrin müqaviləsi"nin imzalanmasını və uğurla həyata keçirilən iqtisadi islahatları da diqqətə çəkərək, ölkəmizin dünya dövlətlərinə inteqrasiya olunmasını, məhz Onun təməlini qoyduğu dəyərlərlə əlaqələndirdi. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli yüksəltmiş, ölkəni dünyanın neft ixrac edən ölkəsinə çevirib. Bütün bu və digər nailiyyətlər Azərbaycanı dünya dövlətləri sırasında xüsusi çəkisi olan bir ölkə kimi tanıdıb.

V.Seyidov ərazi ilk partiya təşkilatının gördüyü işləri qənaətbəxş hesab edərək, təşkilatın gələcək işinə uğurlar arzuladı.

Yığıncağın sonunda təşkilati məsələlərə baxılaraq, açıq səsvermə yolu ilə ərazi ilk partiya təşkilatına sədr Natiq Şahverənov, 11 nəfər tərkibdə idarə heyəti, YAP Suraxanı rayon təşkilatının konfransına 8 nümayəndə seçildi.


Z. BAYRAMOVA


Digər xəbərlər