Bu gün informasiya-kommunikasiya texnologiyaları dünya iqtisadiyyatında birinci, Azərbaycanda isə energetikadan sonra ən dinamik inkişaf edən ikinci sahədir. Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı milli strategiya və dövlət proqramı əsasında həyata keçirilir. Prezident İham Əliyev cənablarının informasiya-kommunikasiya texnologiyaları sahəsini prioritet sahə elan etməyi bu sahənin inkişafının dövlət səviyyəsində daim diqqət mərkəzində saxlandığına bariz nümunədir.
"Aztelekom" İstehsalat Birliyi Azərbaycanda sabit rabitə şəbəkəsinin ən böyük milli operatorudur. Birliyin xidmət sahəsinə Naxçıvan MR və Bakı şəhəri istisna olmaqla, ölkənin bütün lokal telefon şəbəkəsi, beynəlxalq stansiya, sinxron-rəqəm iyerarxiyalı lifli-optik magistral şəbəkə, məlumatların ötürülməsi şəbəkəsi, JDMA şəbəkəsi ilə yanaşı internet-provayder şəbəkəsi də aiddir. Bu gün ölkənin istənilən yerindən internetə qoşulma imkanlığı yaradılıb, bütün şəhər və rayon mərkəzlərində genişzolaqlı internet xidmətləri təşkil edilib. Amma etiraf olunmalıdır ki, genişzolaqlı internetə olan tələbatın bütün ucqar yaşayış məntəqələrində də ödənilməsinin sürəti günün tələbləri səviyyəsində deyil. Özəl İnternet Provayderləri ucqarlarda işləməyə o qədər də həvəs göstərmirlər, "Aztelekom.net" isə bütün regionlarda bu problemi qısa müddətdə təkbaşına həll edə bilməz. Məsələnin həllində dönüş yaratmaq üçün bu gün (14.11.2011-ci il) "Aztelekom" İstehsalat Birliyində regionlarda xidmət göstərmək potensialı olan, "Alfanet", "Avirtel", "AzStarNet", "Azeronline", "AzEduNet", "AzDataKom", "Data Plus", "VİP-NET", "Kür", "Jaspel", "Qlobal", "Q-Telekom", "Smart", "TransEvroKom", "Orbit", "EvroSell", "Uninet", "Qlobalnet" kimi İnternet provayderlərinin, İnternet Forumu və İnternet Cəmiyyəti İctimai təşkilatlarının rəhbərlərinin də iştirakı ilə görüş keçirildi.
"Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov çıxışında özəl İnternet Provayderlərini ucqarlarda işləməyə dəvət edərək onlara bütün şəraitin yaradılacağını qeyd etdi. Məhəmməd Məmmədov genişzolaqlı internetə olan tələbatın bütün ucqar yaşayış məntəqələrində də ödənilməsinin sürətləndirilməsi üçün birliyin vacib infrastruktur elementlərindən bütün provayderlərin təmənnasız yararlana biləcəklərini vurğuladı. Regionlarda infrastrukturun inkişafı üçün tərəfindən investisiya qoyuluşu həyata keçiriləcək özəl müəssisələr üçün isə daha əlverişli fəaliyyət şəraitinin yaradıla biləcəyi bildirildi. Müzakirələrdə "Q-Telekom", "Smart", "TransEvroKom" İnternet provayderlərinin, İnternet Forumu və İnternet Cəmiyyəti İctimai təşkilatlarının rəhbərləri fəal diıkussiya apardılar. Çıxışlarda "Aztelekom" İstehsalat Birliyinin təklifinin özəl şirkətlər üçün çox cəlbedici olduğu təsdiqləndi. Ucqar yaşayış məntəqələrində genişzolaqlı internetə olan tələbatın ödənilməsi istiqamətində dönüş yaratmaq, eyni zamanda, bütün kənd ATS-lərinin mərkəzi ATS-lərlə birləşdirici xətlərinin fiber-optik kabellər üzərindən təşkilini sürətlərdirmək üçün birgə fəaliyyətin daha tez səmərə verəcəyi vurğulandı. Diskussiyalar nəticəsində özəl İnternet Provayderləri və "Aztelekom" İstehsalat Birliyinin mütəxəssislərinin iştirakı ilə işçi qrupun yaradılması və qrup tərəfindən ilkin şərtlər razılaşdırıldıqdan və bütün təkliflər dəyərləndirildikdən sonra rəhbərlik səviyyəsində müzakirələrin davam etdirilməsi qərara alındı.