PDF Oxu

Əsas

  • 28

Milli Məclisin növbəti plenar iclası keçirildi

Milli Məclisin növbəti plenar iclası keçirildi

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin sədri Oqtay Əsədov gündəlik barədə məlumat verdi. İclasda ilk olaraq "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi ikinci oxunuşda müzakirə edildi.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli qeyd etdi ki, qanun layihəsi 12 maddədən ibarətdir: "Keçmiş prezident adının kimlərə şamil olunması ilə bağlı maddəyə əsasən "keçmiş prezident" Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş və vəfat etmiş, həmçinin, Konstitusiyanın 104-cü maddəsinə uyğun olaraq səlahiyyətlərinə xitam verilmiş şəxslər hesab olunur. Layihədə keçmiş prezidentin həyat yoldaşı və öhdəsində olan uşaq anlayışları da verilib. Komitə sədrinin sözlərinə görə, öhdədə olan uşaq dedikdə vəfat etmiş prezidentin 18 yaşına çatmamış və onun öhdəsində olan uşaq, o cümlədən, övladlığa götürülmüş uşaq və ya ögey uşağı nəzərdə tutulur".

Ə.Hüseynli bildirdi ki, qanun layihəsi Konstitusiyanın 107-ci maddəsi ilə vəzifəsindən azad edilmiş prezidentlər istisna olmaqla, əvvəllər prezident olmuş şəxslərə şamil edilir. Komitə sədri deputatların sabiq prezidentə verilən aylıq müavinətin məbləğinin fəaliyyətdə olan prezidentin aylıq vəzifə maaşının 80 faizdək artırılması barədə təkliflərə də münasibət bildirdi: "Bu müavinətin aylıq məbləği 7500-8000 manata yaxın məbləğ edir. Burada nəzərdə tutulan 20% təmsilçilik vəsaiti ilə bir yerdə fəaliyyətdə olan prezidentin aylıq maaşının 70-80%-ni təşkil edir. Nəzərdə tutulan təminatlarla bağlı maliyyə ekspertizasının müsbət rəyi var." Daha sonra qanun layihəsi ilə bağlı müzakirələr aparıldı.

Müzakirələr zamanı deputatlardan Fazil Mustafa, Aydın Mirzəzadə, Jalə Əliyeva, Gülər Əhmədova, Rafael Cəbrayılov və Tahir Rzayev fikirlərini bildirdilər və qanun layihəsinin beynəlxalq tələblərə cavab verdiyini vurğuladılar. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq ikinci və üçüncü oxunuşda qəbul edildi.

Daha sonra Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Konstitusiya qanunu layihəsi ikinci oxunuşda səsverməyə çıxarıldı. Muxtar respublikanın Konstitusiyasına təklif olunan əlavəyə əsasən, Naxçıvan Ali Məhkəməsinin hakimlərini Ali Məclisin sədrinin Azərbaycan Prezidentinə verilmiş təklifi və Azərbaycan Prezidentinin təqdimatı ilə Azərbaycan Milli Məclisi təyin edir. Digər bir dəyişikliyə əsasən Naxçıvan MR ümumi və ixtisaslaşdırılmış məhkəmələri qanunla səlahiyyətlərinə aid edilmiş işlər üzrə birinci instansiya məhkəmələri sayılır. Muxtar respublikanın ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin hakimlərini muxtar respublika Ali Məclisi sədrinin təklifi ilə Azərbaycan Prezidenti təyin edir. Bu qanun layihəsi də millət vəkillərinin səs çoxluğu ilə qəbul edildi.

Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov plenar iclasın gündəliyində olan üçüncü məsələ - "Azərbaycan Respublikası hökuməti və Polşa Respublikası hökuməti arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi haqda məlumat verdi. S.Seyidov vurğuladı ki, saziş hər iki ölkə arasında mövcud dostluq münasibətlərinin möhkəmləndirilməsini, etibarlı diplomatik pasportlara malik olan öz vətəndaşların gediş-gəliş və səyahətini asanlaşdırmasına böyük yardımçı olacaq.

Müzakirələrdən sonra qanun layihəsi səs çoxluğu ilə qəbul edildi.

Milli Məclis sədrinin birinci müavini Təhlükəsizlik və Müdafiə Məsələləri Komitəsinin sədri Ziyafət Əsgərov gündəlikdə duran digər məsələlər - "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə"yə, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanunlara dəyişikliklər edilməsi ilə bağlı məlumat verdi. Bildirdi ki, adıçəkilən qanunlara dəyişikliklər azadlığın məhdudlaşdırılması cəza növünün Cinayət Məcəlləsindən çıxarılması ilə bağlıdır. Müzakirələrdən sonra qanuna dəyişikliklər deputatların səs çoxluğu ilə qəbul edildi. Daha sonra "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Milli Məclis sədrinin müavini Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Valeh Ələsgərov iclasın gündəliyində duran iki məsələ - "Elektroenergetika haqqında" və "Qaz təchizatı haqqında" qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri haqqında məlumat verdi. V.Əsgərov bildirdi ki, qanunlara edilmiş dəyişikliklər istehlakçıların hüquqlarının qorunması sahəsində atılan bir addımdır. Dəyişikliyə görə, qaz, elektrik və istilik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qaz, elektrik və istilik enerjisinin dayandırılması qadağandır.

Müzakirələr sonunda deputatlar qanun layihəsinə dəyişiklikləri təsdiqləyiblər.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər