PDF Oxu

Əsas

  • 28

Milli Məclisin 4 komitəsində 2012-ci il dövlət büdcəsi müzakirə olundu

Milli Məclisin 4 komitəsində 2012-ci il dövlət büdcəsi müzakirə olundu

Milli Məclisin dörd komitəsi - İqtisadi Siyasət, Təhlükəsizlik və Müdafiə, Təbii Ehtiyatlar, Ekologiya və Energetika, o cümlədən, aqrar siyasət komitələri 2012-ci ilin büdcə zərfi ilə bağlı birgə iclas keçirib. İclası giriş sözü ilə açan İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə dünya dövlətlərində dövlət büdcəsinə daxil olan sənədlərin müzakirəsinin böyük hadisə hesab olunduğunu nəzərə çatdırıb: "Çünki bu ölkənin sosial-iqtisadi inkişaf parametrlərinin istiqamətlərini və onların həyata keçirilməsi üçün maliyyə resurslarının səfərbər olmasını nəzərdə tutur".

Komitə sədrini sözlərinə görə, müstəqilliyinin 20 illiyini yaşayan Azərbaycan xüsusilə son 10 il ərzində onilliklərə bərabər inkişaf yolu keçib, dünyada sözünü deyən ölkəyə çevrilib: "Dünyanın bir sıra tanınmış ekspertləri artıq inkişafın Azərbaycan modelindən danışırlar. Belə ki, Azərbaycan dünyada hələ də davam edən qlobal maliyyə-iqtisadi böhrandan az itgi çıxan bir ölkə kimi tanınır".

Z.Səmədzadə onu da vurğulayıb ki, növbəti ilin büdcəsi yüksək peşəkarlıqla hazırlanıb, iqtisadi inkişafın bütün müsbət meyilləri öz əksini tapıb.

Dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri barəsində məlumat verən maliyyə naziri Samir Şərifov, öz növbəsində, deyib ki, 2012-ci ilin dövlət büdcəsi layihəsi hazırlanarkən cari - 2011-ci ilin 9 ayının yekunları, yəni dövlət büdcəsinin 9 aylıq icra vəziyyəti təhlil edilərək nəzərə alınıb.

S.Şərifov onu da bildirib ki, 2012-ci ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 436 milyon manat nəzərdə tutulur ki, bu da ötən ilin büdcəsi 5,7 faiz, yəni 882,2 milyon manat artıq vəsait deməkdir. Onun bildirdiyinə görə, Bakı şəhəri istisna olmaqla regionların gələn il üçün gəlirləri 415 milyon manat nəzərdə tutulur. Bu da 2011-ci illə müqayisədə 59 milyon manat artıq vəsait deməkdir.

Maliyyə nazirinin söylədiyinə görə, Dövlət Neft Fondundan 2012-ci ilin büdcəsinə 9 milyard manatdan artıq transfer nəzərdə tutulur. 2012-ci ilin dövlət büdcəsinin xərclər hissəsinə gəlincə, nazir bildirib ki, bu rəqəm 16 milyard 984 milyon manatdır. Yəni 2011-ci illə müqayisədə 6,5 faiz, yaxud rəqəmlə ifadə olunsa 1 milyard 43 milyon artıq vəsait deməkdir.

S.Şərifov onu da bildirib ki, 2012-ci ildə büdcədən sosial ipoteka və dövlət gənclər proqramı üçün ayrılıqda 20 milyon manat pul ayrılacaq.

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov 2012-ci ildə büdcə xərclərinin 10 milyard 483 milyon manat dəyərində müəyyənləşdirildiyini bildirib. Onun sözlərinə görə, bu vəsait 2011-ci illə müqayisədə 6,4 faiz çoxdur: "Bu vəsaitin təxminən 9 milyard 905 milyon manatı dövlət büdcəsinə transfer olunacaq. Qalan 578 milyon manat vəasit isə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"ilə bağlı xərclərin maliyyələşdirilməsinə, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldiləcək".

Millət vəkili Vahid Əhmədov sosial ipoteka üçün dövlət büdcəsindən ayrılan vəsaitin az olduğunu söyləyib. Onun bildirdiyinə görə, həmin 4 milyard manatın 1,5 milyard manatı əlavə dəyər vergisindən olan borclardır: "Əgər əvvəllər dövlət orqanlarının borcları üstünlük təşkil edirdisə, indi qeyri-dövlət orqanlarının, yəni xüsusi mülkiyyətdə olan təşkilatların borcları üstünlük təşkil edir. Yəni, həmin 1,5 milyard manat borcun təxminən 73 faiz xüsusi mülkiyyətə aid olan təşkilatların borcudur".

Millət vəkili, eyni zamanda, dünyada ən sərfəli kredit forması kimi sosial ipotekanın nəzərdə tutulduğunu bildirsə də, növbəti ilin büdcəsində sosial ipoteka üçün 20 milyon manat vəsaitin nəzərdə tutulmasını bir o qədər də müsbət məqam olmadığını vurğulayıb: "İlk dəfə sosial ipoteka üçün büdcədən vəsait ayrılarkən 80 milyon manat nəzərdə tutulmuşdu. 2011-ci ildə isə cəmi 14 milyon manat nəzərdə tutulmuşdu ki, onu da cəmi 1 ay yarım ərzində verib qurtardılar. İndi nəyə görə növbəti il üçün büdcədən bu qədər az həcmdə vəsait nəzərdə tutulur. İnsanların sosial ipotekaya böyük tələbatı var və onlar nəzərə alınmalıdır".

Milli Məclisin Təbii Ehtiyatlar, Ekologiya və Energetika Komitəsinin sədri, vitse-spiker Valeh Ələsgərov məhz neft sektorundan gələn gəlirlərin hesabına qeyri-neft sektorunun büdcədə artımını təmin etməyin mümkün olduğunu vurğulayıb: "Yollar da çəkilməlidir, elektrik stansiyaları da, qaz xətləri də quraşdırılmalıdır. Su xətləri də salınmalıdır".

Millət vəkili Əli Məsimli elmdə nailiyyətlərə, islahatlara nail olmaq istəyiriksə, qat-qat artıq vəsaitin ayrılması təklifini irəli sürüb: "Vəsaitin çoxluğu nəticə etibarilə iqtsadiyyatın inkişafına təsir göstərir. 2012-ci ilin büdcəsində elmlər namizədi üçün 30 manatlıq artım da azdır. Bunun əvəzinə 3-4 dəfə artırılmalıdır".


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər