Dünən Qazax rayonunda YAP-ın yaradılmasının 19-cu ildönümü münasibətilə tədbir keçirildi. YAP Qazax rayon təşkilatı və Qazax rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edənlər ilk öncə rayonun mərkəzində ucaldılmış Ümummilli Liderimiz, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoydular.
Rayon olimpiya kompleksində keçirilən tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov iştirakçıları əlamətdar tarixi gün münasibəti ilə təbrik etdi. O, YAP-ın yaranma zərurətindən danışıb, tarixə çevrilmiş illərə diqqət yönəldərək, ictimai-siyasi proseslərə nəzər saldı. Rayon təşkilatının sədri ölkəmizdə 1988-1993-cü illərdə baş verən ictimai-siyasi hadisələrə toxundu. O, qeyd etdi ki, yenicə müstəqillik qazanmış Azərbaycanı bürüyən xaos, mənəm-mənəmlik iddiaları gənc dövlətimizin suverenliyini təhlükə qarşısında qoymuşdu: "Beləliklə, 1992-ci il noyabr ayının 21-də Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Xalqımızın böyük oğlu Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Ulu Öndərimizin rəhbərliyi altında YAP xalqımızın müstəqillik uğrunda mübarizəsi tarixinə yeni, parlaq bir səhifə yazdı".
Hal-hazırda partiya üzvlərinin sayının günbəgün artdığını bildirən YAP-ın rayon təşkilatının sədri partiyanın üzvlərinin sayının 560 mindən çox olduğunu bildirdi və qeyd etdi ki, 1993-cü il iyul ayının 24-də təsis edilən YAP Qazax rayon təşkilatının hal-hazırda 5083 nəfər üzvü vardır. Bunun 41 faizi gənclər, 57 faizi isə qadınlardır.
Tədbirdə Qazax rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək, son illər ölkəmizdə aparılan işlərdən, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışdı: "İnsanların rifahının yaxşılaşdırılması istiqamətində dövlətin uğurlu siyasəti və həyata keçirdiyi çox mühüm tədbirlər, böyük regional iqtisadi layihələrin bilavasitə Azərbaycanın iştirakı ilə gerçəkliyə çevrilməsi Ulu Öndərimizin layıqli davamçısı cənab İlham Əliyevin fəaliyyəti nəticəsində mümkün olmuşdur."
A.Əsgərov bildirdi ki, Yeni Azərbaycan Partiyasının ətrafında olan insanlar müxtəlif sahələrdə çalışmaqla, həm partiyamızın qarşısına qoyduğu vəzifələrə necə əməl etməsini sübut edir, həm də güclü dövlətin yaradılması prosesinə özlərinəməxsus töhfə vermiş olurlar.
Tədbirdə partiya üzvlərindən Abbas Göyüşov, Tərlan Bədəlov, Ramiz Qurbanov, Mübariz Abdullayev və başqaları çıxış edərək, Yeni Azərbaycan Partiyasının geniş resursa malik olduğunu bildirdilər. Çıxış edənlər onu da vurğuladılar ki, xalq tərəfindən qəbul olunan partiyamızın Azərbaycana demokratiyanın və sabitliyin gətirilməsində əvəzsiz rolu olmuşdur.
R.KAMALQIZI