PDF Oxu

Əsas

  • 21

YAP - QÜDRƏTLİ PARTİYA, QÜDRƏTLİ AZƏRBAYCAN, QÜDRƏTLİ XALQ !

YAP - QÜDRƏTLİ PARTİYA, QÜDRƏTLİ AZƏRBAYCAN, QÜDRƏTLİ XALQ !

Bu günlərdə Azərbaycan xalqının inandığı və etibar etdiyi Yeni Azərbaycan Partiyasının yaradılmasının 19 ili tamam olur. Düz 19 il öncə, Azərbaycan xalqı özünün ən gərgin və çətin dövrünü yaşadığı, ölkədə davamlı şəkil almağa başlayan hərc-mərcliyin vüsət aldığı dövrlərdə Ümummilli Lider Heydər Əliyev ictimai rəyin sifarişinə, istək və arzularına uyğun olaraq Yeni Azərbaycan Partiyasının yaradılmasını reallığa çevirdi. Bu gün YAP-ın xalqın sosial-sifarişi olaraq yarandığını desək, heç də yanılmarıq.

Çünki Ulu Öndər Heydər Əliyev məhz xalqının səsinə səs verərək, bu təşkilatın yaradılmasını zərurətdən doğan addım kimi dəyərləndirdi və bu əhəmiyyətli hadisəni gerçəkliyə çevirdi. Çox qısa zaman kəsiyində xalqın partiyası adını qazanan YAP ilkin fəaliyyət dövrlərindən haqsızlıqlara, o zamankı hakimiyyətin hücumlarına sinə gərərək öz sivil mübarizə metodları ilə mübariz təşkilat kimi formalaşmağa başladı. Çünki bu siyasi təşkilatın rəhbərliyində məhz xalqın yeganə ümid yeri olan dahi şəxsiyyət Heydər Əliyev dayanmışdı. YAP-ın bu möhtəşəm ildönümündə Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, Dövlət Pedaqoji Kollecinin direktoru, professor Nurlana Əliyeva da dəyərli fikirlərini bizimilə söhbətində qeyd etdi.

- Bu mühüm kontekstdən keçmişimizə nəzər saldıqda, Azərbaycan xalqının nə qədər dözümlü, şücaətli, əzmkar və qüdrətli olduğunu duyaraq, şərəf və ləyaqət hissi keçirməyə bilmirsən. Məhz YAP yarandığı illərdə ölkəmizin hər tərəfində tüğyan edən xaos, anarxiya və dağıdıcı proseslər, davamlı olaraq zəifləyən iqtisadiyyat, o zamankı iqtidarın respublikada baş verən ictimai-siyasi proseslərə nəzarətini itirməsi, xarici qüvvələrin Azərbaycanı parçalamaq istiqamətində apardığı təxribatçılıq hərəkətləri və erməni qəsbkarlarının aramsız hücumları nəticəsində itirilən torpaqlar xalqımızı bilavasitə ölüm və qalım dilemması qarşısında təkbaşına qoymuşdu. Azərbaycan xalqının düşdüyü bu çətin və dözülməz vəziyyətdən qurtulması üçün öz xalqını sevən vətənpərvər insanlar, ziyalılar və həqiqətən, xalqın gələcəyi üçün ürəyi yanan şəxslər dərin narahatçılıq içərisində xalqı bu bəladan qurtarmaq üçün çıxış yollar axtarırdılar.

Həmin dövrdə blokada şəraitində yaşayan və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın Ali Məclisinin Sədri Heydər Əliyev naxçıvanlılarla birlikdə, dözülməz və həddən ziyada ağır şəraitdə Naxçıvanın ermənilər tərəfindən işğal olunmasının qarşısını almaq naminə qəhrəmancasına, şücaətli mübarizə aparırdı. Məhz bu zamanlarda, xalqın düçar olduğu bu çətin vəziyyətdən çıxması üçün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə müraciətlər edərək, Onun yenidən siyasi hakimiyyətə qayıtmasını və xalqı bu bəladan qurtarmasını istəyirdi. Bu çətin ərəfələrdə bir qrup ziyalı toplaşaraq, yeni bir siyasi qurumun yaradılması və məhz Heydər Əliyevin həmin təşkilata rəhbərlik etməsinin zəruriliyinin meydana gəlməsi səbəbindən Naxçıvana gedərək, Ulu Öndərlə məsləhətləşmək qərarına gəldilər. Bu zaman, əvvəlcə Ulu Öndərimiz yenidən siyasi hakimiyyətə qayıtmaq istəmədiyini bildirsə də, xalqın dözülməz vəziyyətdə olduğunu dərindən dərk etdiyinə və öz xalqına olan sonsuz məhəbbətinə görə ziyalıların təklifini qəbul etdi. Bu qərar Azərbaycan xalqının xilası üçün atılan ən mütərəqqi addım kimi tariximizə qızıl hərflərlə yazıldı. 1992-ci il 21 noyabr tarixində Naxçıvanda partiyanın ilk təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev yekdilliklə YAP-ın Sədri seçildi. Bu tarixi hadisə xalqın vətənpərvər insanları tərəfindən çox böyük ruh yüksəkliyi ilə qarşılandı. Respublikanın hər yerinə ildırım sürəti ilə yayılan bu xəbər insanların gələcəyə ümidini artırdı.

Həmin çətin dövrdə təşkilatlanma prosesinin maneələrlə qarşılaşmasına baxmayaraq, YAP fəalları qarşıya çıxan bütün maneələri aşaraq, partiyanın şəhər və rayon təşkilatlarının yaradılması istiqamətində bütün qüvvələrini yekdilliklə səfərbər edirdilər. Ölkənin hər yerində YAP-ın tərəfdarlarının sayı davamlı şəkildə artmağa başlayırdı. Ancaq 1992-ci ilin iyun ayında güc yolu ilə hakimiyyətə yiyələnən "AXC-Müsavat cütlüyünün dövləti idarə etmək səriştəsizliyi və naşılığı ucbatından, hökumətdaxili böhran dərinləşməklə yanaşı, ölkənin sosial-iqtisadi vəziyyəti kəskin şəkildə pisləşirdi. Bu azmış kimi, cəbhədə erməni işğalçılarına qarşı qanlı mübarizə aparan igid övladlarımız böyük itkilərə məruz qalırdılar. Cəbhədən gələn şəhidlərimizin, yaralılarımızın sayı günü-gündən artırdı. Vəziyyət get-gedə daha da pisləşirdi. Xalq isə narazı idi...

Ölkənin taleyüklü məsələləri həll edilməyən bir vaxtda, eləcə də, vətəndaş qarşıdurmalarının pik nöqtəsində - 1993-cü il 15 iyun tarixində xalqın arzusu və təkidli tələbi ilə Naxçıvan Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Ulu Öndər Heydər Əliyev yenidən respublikanın siyasi hakimiyyətinə qayıtdı. Bu, həm də Yeni Azərbaycan Partiyasının uğuru idi. Və bu gün Azərbaycanın ictimai-siyasi həyatında hakim Yeni Azərbaycan Partiyası hər zaman alternativsiz siyasi təşkilat kimi nüfuzunu gündən-günə artırır, daha da güclənir, xalq-dövlət, dövlət-xalq prinsipi ilə yeni-yeni nailiyyətlər əldə edir. Həm sosial baza nöqteyi-nəzərindən genişlənən, həm də siyasi və sosial tandemində keyfiyyət baxımından modernləşən və müasir dövrün tələblərinə uyğun siyasi fəaliyyətlə məşğul olan Yeni Azərbaycan Partiyası bir çox nəhəng müvəffəqiyyətlərin, uğurların bariz müəllifidir. Ulu Öndərimiz Heydər Əliyevin atdığı və silinməz imzası olan müstəqil Azərbaycanımız bu gün də mütərəqqi siyasətlə idarə olunmaqdadır.

Ölkə Prezidenti İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyası ətrafında yarım milyondan artıq sağlam düşüncəli, milli, vətənpərvər ruhlu insanlar cəm olub. Geridə qalan enişli-yoxuşlu, əziyyətli 19 il ərzində partiyamızın fəaliyyəti barədə çox fikirlər söyləmək olar. Çünki bu əlamətdar gün ictimaiyyətin də diqqət mərkəzindən yayınmır. Partiyamızın fəaliyyətinə toxunarkən, ötən dövr ərzində ölkənin bütün sahələr üzrə vəziyyətinə qiymət vermək kifayət edər. 19 ildir ki, Yeni Azərbaycan Partiyası hakimiyyətdədir və ötən 19 ildə bütün sahələr üzrə nəhəng tərəqqi, inkişaf olub. Partiyamızın qurucusu, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi istiqamətində güclü təməllər qoyuldu, dövlət strukturları çevik, yerindəcə fəaliyyət sisteminə başladı. Ölkədə ictimai-siyasi sabitlik bərpa olunduqdan sonra, iqtisadiyyatımızın dirçəldilməsi istiqamətində məqsədyönlü, qəti addımlar atıldı ki, bu gün bizim hər birimiz vaxtilə çəkilən zəhmətlərin şirin bəhrəsini görürük.

Məhz bu məqsədyönlü, uzaqgörən siyasətin nəticəsidir ki, hazırda ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev 8 il müddətində respublikamızı firavan, inkişaf edən bir ölkəyə çevirmişdir. Azərbaycan iqtisadi baxımdan dinamika ilə, sürətlə inkişaf edir. Məhz bu iqtisadi inkişafın nəticəsidir ki, Azərbaycan Avropaya inteqrasiyaya doğru daim irəliləyir. Eləcə də, digər bir fikiri də, xüsusilə bildirmək istərdim ki, bu gün Yeni Azərbaycan Partiyası digər partiyaların fəaliyyətinə onlardan fərqli olaraq qısqanclıqla yanaşmır, əslində, onların fəaliyyətinə daim münbit şərait yaradır. Əgər xatırlasaq ki, YAP yarandığı dövrlərdə o zamankı hakimiyyətdə özlərini demokrat adlandıran bugünkü müxalifətçilər YAP-ın fəaliyyətində süni axsatmalar yaratmağa cəhdlər göstərirdilərsə, bu gün dövlətimiz onların fəaliyyətinə heç bir maneçilik törətmir, əksinə, fəaliyyət göstərmələri üçün geniş şərait yaradır. Bu gün o zamanlardan fərqli olaraq, müxalifət partiyalarının qəzetləri çap edilir, qərargahları mövcuddur. Bu gün, o zamankı kimi, heç bir partiyaya hücumlar olunmur. Çünki hakim Yeni Azərbaycan Partiyası özündə demokratik plüralizmi ehtiva edən möhtəşəm siyasi təşkilatdır. Bu mühüm amil həm də, ondan irəli gəlir ki, Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyev zamanında tamamilə yeni, müsbət, analoqu olmayan bir partiya modeli ortaya qoya bildi. Bu model indiyədək işləyərək müsbət nəticələr verir və gələcəkdə də verəcəyinə əminəm. Hesab edirəm, inanıram ki, Yeni Azərbaycan Partiyası hələ uzun müddət iqtidarda, hakimiyyətdə olacaq. Çünki Yeni Azərbaycan Partiyasının inkişaf mexanizmi ilə yanaşı, perspektivləri daim yeniləşir, dövrün tələblərinə cavab verir, sağlam və demokratik təfəkkürlü ictimaiyyət nümayəndələrini, vətəndaşları öz ətrafında birləşdirir. Azərbaycanda demokratik təsisatların inkişafı baxımından da partiyamız uğurla fəaliyyət göstərir. Belə ki, Yeni Azərbaycan Partiyasının üzvləri dövlət strukturları ilə yanaşı, seçkili orqanlarda da yüksək səviyyədə təmsil olunurlar. Eyni zamanda, Milli Məclisdə və bələdiyyələrdə də YAP-ın üzvləri böyük təmsilçiliyə malikdir. Bu gün heç bir siyasi qüvvə YAP ilə rəqabət aparmaq iqtidarında deyil. Çünki Yeni Azərbaycan Partiyası sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, hazırda Azərbaycan cəmiyyətində özünəməxsus yol tutmuş nəhəng siyasi təşkilatdır. Mən, həmçinin, fürsətdən istifadə edərək, bu münasibətlə - partiyamızın 19 illiyi münasibəti ilə yarım milyondan artıq üzvlərimizi ürəkdən təbrik edirəm, onların hər birinə uğurlu gələcək arzulayıram.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər