PDF Oxu

Əsas

  • 25

Milli Məclisdə büdcə layihəsinin müzakirəsi davam edir

Milli Məclisdə büdcə layihəsinin müzakirəsi davam edir

Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxış edərək dünya iqtisadiyyatında son iki ildə cərəyan edən proseslərdən, yaranmış vəziyyətdən və bunun Azərbaycana təsirindən söz açdı. Qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, yüksək effektivliyə malik iqtisadi siyasət nəticəsində ölkəmizdə davamlı iqtisadi artım yaşanır.

E.Rüstəmov onu da vurğuladı ki, dünyada qlobal maliyyə böhranının ikinci dalğası başlayır, bu da aparıcı güc mərkəzlərini, xüsusən, avro məkanını əhatə edib: "Bu məkanda xarici borc 12 trilyon dollara çatıb. Cənubi Avropa ölkələrində xarici borc 4 milyard dollardır. ABŞ-da isə işsizlik problemi aktualdır, 9 faiz işsizlik var".

Azərbaycanın əhəmiyyətli valyuta ehtiyatları olduğunu vurğulayan E.Rüstəmov bildirdi ki, hazırda dünyada böhran ucbatından gəlir faizləri aşağı düşür : "Bütün bunlara baxmayaraq ölkəmizin iqtisadiyyatı üçün hər hansı bir risk yoxdur, lakin Azərbaycan uzunmüddətli riskləri qarşılamağa hazırlaşmalıdır. Cənab Prezident İlham Əliyev bildirib ki, yaxın 10 ildə Azərbaycan iqtisadiyyatı iki dəfə inkişaf etməli, adambaşına düşən gəlir 20 min dollara çatmalıdır. Bunun üçün 10 ildə Azərbaycan iqtisadiyyatı hər il ikirəqəmli artıma nail olmalıdır. Qeyri-neft sektorunda 10-12 faiz artım olmalıdır. Bu, çox yüksək keyfiyyətli istehsal və infrastrukturun yaradılmasından, orta və kiçik biznesin inkişafından keçir".

Sosial ipoteka məsələsinə də toxunan E.Rüstəmov bunun üçün ayrılan 20 milyon manatın az olduğunu dedi: "Bu gün 100 min nəfərin ipoteka alması potensialı var. 20 milyon manatı 35 min manata bölsək, bir ildə 600 nəfərə çatır. Əhalinin bu təbəqəsini müdafiə etmək mümkündür".


Əli Hüseynli: "2012-ci ilin dövlət büdcəsi ölkəmizdə neçə illərdir yaşanan dinamik inkişafın bundan sonra da davam edəcəyini təsdiqləyir"


Sonra davam edən müzakirələrdə çıxış edən Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli qeyd etdi ki, 2012-ci ilin dövlət büdcəsi ölkəmizdə neçə illərdir yaşanan dinamik inkişafın bundan sonra da davam edəcəyini təsdiqləyir. Komitə sədri gələn il Azərbaycan iqtisadiyyatının inkişafının daha da güclənəcəyini, büdcənin isə investisiya və sosialyönümlü xarakter daşıdığını vurğuladı və sosial sahələrin proqramlar şəklində maliyyələşdirilməsinin yüksək effekt verdiyini diqqətə çatdırdı. Komitə sədri onu da bildirdi ki, ölkəmizdə Beynəlxalq İnkişaf Agentliyi yaradılmalıdır. Bununla da, Azərbaycan xarici mediada təbliği olunar, xarici QHT-lərlə əməkdaşlıq qura bilər. Çıxışının sonunda Əli Hüseynli "elektron hökumət"in idarə olunması üçün də xüsusi bir qurumun yaradılmasının vacibliyini qeyd etdi.

Deputat Abel Məhərrəmov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin yaradıcılıqla davam etdirdiyi iqtisadi inkişafın Azərbaycana daim yeni uğurlar qazandırdığını bildirdi. 2012-ci il dövlət büdcəsinin qanunuvericiliyin tələblərinə uyğun hazırlandığını, balanslaşdırılmış xarakter daşıdığını və bütün vacib sahələri əhatə edən ciddi sənəd olduğunu vurğuladı. O dedi ki, elm və təhsilin inkişafı üçün bu sahəyə diqqət daha çox artırılmalıdır: "Ölkəmizdə hazırda 1800 professor var, əksəriyyəti ali məktəblərdədir. Onların 600 nəfəri akademiyada, 1200 nəfəri isə ali məktəblərdə işləyir."

Siyavuş Novruzov: "Azərbaycanın büdcəsi hər il inkişaf edir, təkmilləşir və gələcək proqnozların həyata eçirilməsi üçün vacib olan bir sənəd kimi xalqın və insanların rifah halının yaxşılaşdırılmasına xidmət edir"


YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycanda artıq düzgün büdcə siyasətinin formalaşdığını bildirdi. Yeni büdcə layihəsinin Azərbaycanın daha sürətli inkişafına təminat verdiyini bildirən S.Novruzov onun sosialyönümlü xarakter daşımasının böyük əhəmiyyət kəsb etdiyini bildirdi: "Bu, Azərbaycan Prezidentinin həyata keçirdiyi iqtisadi islahatların bariz nümunəsidir ki, bu gün Azərbaycanın büdcəsi hər il inkişaf edir, təkmilləşir və gələcək proqnozların həyata keçirilməsi üçün vacib olan bir sənəd kimi xalqın və insanların rifah halının yaxşılaşdırılmasına xidmət edir".

S.Novruzov çıxışında bəzi deputatların iradlarına münasibət də bildirdi: "Büdcə elə siyasi, iqtisadi, ideoloji məsələdir və bunun sayəsində dövlət öz iqtisadi siyasətini həyata keçirir. Bilmək lazımdır ki, büdcə nə siyasi partiyalar haqqında qanun deyil, nə də özündə azad toplaşma haqqında qanunu ehtiva etmir. Bu, ölkənin real büdcəsidir. Büdcə layihəsi əvvəlcədən internetdə yerləşdirilib, ictimai müzakirə üçün imkan yaradılıb. Yoxsa 60 nəfərin yığılıb müzakirə aparması ictimai müzakirə olacaqdı? Kimlərsə şou yaratmaq istəyir".

O, infrastruktur layihələrindən gəlir gözlənilməsini də absurd saydı: "Bəziləri bunu öz şəxsi obyektləri ilə qarışdırmasın. Xalqa körpü, park lazım deyil? Bunlardan gəlir gəlməlidir? Guya dövlət körpü, məktəb və yaxud bağçaları tikməməlidir ki, həmin vəsaitlər gəlir gətirmir. Bu cür fikirləri ancaq düşüncəsizlər söyləyə bilər. Bu gün elə layihələr var ki, ora investisiya qoyulur və gəlir gətirir. Layihələr də var ki, bu, bilavasitə, xalqın tələbatına əsaslanaraq həyata keçirilir. Bunlar xəstəxanalar, məktəblər, yollar, körpülər və parklardır. Ona görə də, belələri özlərinin obyektləri ilə xalqa xidmət edən layihələri müqayisə etməsinlər. Onların dərk etmədikləri bu layihələr xalqın əhval-ruhiyyələrinin, xoş firavanlıqlarının həyata keçirilməsi üçün atılan addımlar, gerçəkləşən layihələrdir. İnvestisiya qoymaq bazardan alma almaq deyil. Almanı almaq üçün əvvəl ağacını yetişdirməlisən. 1994-cü ildə müqavilə imzalanandan sonra dərhal göydən dollar tökülmədi ki. Regionlarda hər gün müəssisələr açılır".


Tahir Süleymanov:" Yaradılmış möhkəm təməl və düşünülmüş iqtisadi siyasət nəticəsində, 2012-ci ilin Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olacağı və əvvəlki illərdə müşahidə olunan müsbət meyillərin davam edəcəyi gözlənilir"


Milli Məclisin deputatı Tahir Süleymanov isə qeyd etdi ki, Azərbaycan iqtisadiyyatı 2012-ci ildə də əlverişli olmayan xarici iqtisadi mühit şəraitində davamlı inkişaf edəcək : "Yaradılmış möhkəm təməl və düşünülmüş iqtisadi siyasət nəticəsində, 2012-ci ilin Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olacağı və əvvəlki illərdə müşahidə olunan müsbət meyillərin davam edəcəyi gözlənilir. Dövlət büdcəsinin gəlirlərində və xərclərində mühüm kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermişdir. Büdcə gəlirləri 16,4 milyard manat məbləğində müəyyən edilmişdir. Bu, cari ilin təsdiq olunmuş göstəricilərindən təqribən 5,7 faiz çoxdur. Gəlirlərin 73 faizinin neft sektorunun, 27 faizinin isə qeyri-neft sektorunun payına düşəcəyi proqnozlaşdırılır".

T.Süleymanov diqqətə çatdırdı ki, gələn ilin dövlət büdcəsinin gəlirləri hesablanarkən, dünya maliyyə bazarlarının konyunkturasına və əvvəlki illərin təcrübəsinə istinad olunmuş, neftin qiymətində baş verə biləcək dəyişikliklər nəzərə alınaraq, onun 1 barelinin qiyməti 80 ABŞ dolları məbləğində götürülmüşdür: "Büdcə siyasətinin ən mühüm məsələlərindən biri daxil olmuş pul vəsaitlərinin optimal bölgüsü, təyinatı üzrə qənaətlə istifadəsi və proseslərin şəffaflığının təmin edilməsidir. 2012-ci ildə dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 39 faizi həcmində proqnozlaşdırılır".

2012-ci ildə dövlət büdcəsi xərclərinin ayrı-ayrı istiqamətləri barəsində danışan millət vəkili qeyd etdi ki, əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də dövlət büdcəsi sosial və investisiya yönümlü büdcədir: "Belə ki, sosial məqsədlərə ayrılan xərclər büdcənin ümumi xərclərinin 28 faizini, mütləq ifadədə 4,7 milyard manat təşkil edəcəkdir. Bu isə cari ilə nisbətən 10 faiz artım deməkdir. Gələn il əsaslı vəsait qoyuluşları isə 7,8 milyard manat, yaxud ümumi xərclərin 46 faizi həcmində proqnozlaşdırılır".

Millət vəkili Vahid Əhmədov isə bildirdi ki, 2012-ci ilin dövlət büdcəsi, əgər dünyada gedən qlobal maliyyə böhranını nəzərə alsaq, yüksək səviyyədə təmin olunmuş büdcədir. Yəni, büdcənin həm gəlir, həm də xərc hissəsi normal səviyyədə qurulubdur. Ümumi götürəndə, büdcənin 28 faizi sosial layihələr, 35 faizi invistisiyalı layihələrdir ki, bu layihələrin də bəziləri keçən ildən qalan layihələrdir".


Eldar İbrahimov: "Dövlət büdcəsində böyük maraq doğuran və xüsusi diqqət çəkən məqamlardan biri sosial məsələlər üçün nəzərdə tutulan vəsaitlərdir"


Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov bildirdi ki, Azərbaycan dinamik və sabit inkişafını 2012-ci ildə də davam etdirəcək: "Təqdirəlayiq haldır ki, hər il olduğu kimi, 2012-ci ildə də hökumət bu sahəyə böyük diqqət göstərib".


Bahar Muradova: "Gələn ilin büdcə layihəsi ölkəmizin tərəqqi dinamikasının yüksək olduğunu göstərir"


Milli Məclis Sədrinin müavini Bahar Muradova isə bildirdi ki, Prezident İlham Əliyev tərəfindən təkcə bu günə yox, həm də gələcəyə hesablanmış siyasət yürüdülür. Bunun nəticəsidir ki, Azərbaycan inkişaf göstəricilərinə görə dünyanın öndə gələn dövlətləri sırasında yer alır: "Gələn ilin büdcə layihəsi ölkəmizin tərəqqi dinamikasının yüksək olduğunu göstərir".

B.Muradova onu da qeyd etdi ki, hüquq-mühafizə orqanlarının, digər dövlət qurumlarının Horadiz şəhərindəki yerli təşkilatları üçün binaların tikilməsinə ehtiyac var. Dövlət qurumlarının strukturlarının məktəblərdə, qaçqı0000000nların məskunlaşdığı digər binalarda bir yerdə yerləşməsi yaxşı hal deyil: "Mən dövlət büdcəsindən əlavə pul ayrılmasını istəmirəm. Dövlət orqanlarına, nazirliklərə ayrılan pullar hesabına Horadizdə müvafiq binaların tikilməsini istəyirəm. Həmçinin, Bəhrəmtəpə - Füzuli yolunun tikintisini də zəruri sayıram. Çünki bu yol bir neçə rayonu birləşdirir və çox vacib yoldur".

Sədr müavini B.Muradova büdcə müzakirələrində irad və ittiham səsləndirən həmkarlarına etiraz edib: "Biz siyasi ambisiyalarımızı reallaşdırmaq üçün burada əyləşməmişik. Bura Mili Məclisdir, monoloq yeri deyil". B.Muradova qaçqın və məcburi köçkünlərin ünvanına səslənən fikirlərə sərt reaksiya verdi: "Qarabağdan qaçqınlar bura Bakını görmək üçün gəlməyiblər. Bununla bağlı fikirlərinizi səsləndirərkən əvvəlcə düşünün. Əgər burada kimsə villa tikibsə, hökumətin yükünü azaldıb, üç-beş iş yeri açıb. Bu gün Bakı şəhərində öz yerində yaşayıb, vətəndaş öhdəliklərini yerinə yetirməyən vətəndaşlar da çoxdur".

Deputatlardan Əhməd Vəliyev, Hikmət Atayev, Xanhüseyn Kazımlı, Aqiyə Naxçıvanlı Azərbaycanın sosial-iqtisadi inkişafının çox ciddi düşünülmüş proqramlarla bağlı olduğunu qeyd etdilər.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər