İclasda 2012-ci ilin dövlət büdcəsinin müzakirəsi davam etdirildi Fazil Məmmədov: "Vergi yükünün aşağı salınması barədə müzakirələr yersizdir"
Vergilər naziri Fazil Məmmədov bildirdi ki, bu gün qlobal iqtisadi böhrana qarşı Azərbaycanda ölkə başçısının uğurlu fəaliyyəti nəticəsində nümunə göstərilən dayanıqlıq təmin edilib: "Hazırkı dövrdə dünyanın əksər ölkələrinə təsir göstərən qlobal böhran Azərbaycandan yan keçdi. Dünya iqtisadiyyatının müşahidə olunan tənəzzülə baxmayaraq, 2011-ci ili 10 ayı ərzində ÜDM artımı ilə yanaşı, qeyri-neft sektorunun çəkisi artıb. Qeyri- neft sektorunun çəkisi 8,6 faiz artaraq 10 ay ərzində büdcəyə 21,8 faiz çox vergi daxil olub. Ümumilikdə, 10 ay ərzində ölkə üzrə 114,1 mlrd. manat vergi yığılıb ki, bu da ötənilkindən 26,5 faiz çoxdur. Bu gün Azərbaycanda işsizlik məşğul əhalinin 0,8 faizini təşkil edir. Bu ilin ötən 10 ayı ərzində 71 minə yaxın iş yeri açılıb. Ötən 10 ay ərzində əhalinin pul gəliri 19 faiz artıb. Əhalinin banklara qoyduğu əmanətlərin həzmi 29,5 faiz artıb. Regionların inkişafı nəticəsində yerlərdə büdcəyə daxilolma çəkisi də artıb. Bu, ilin sonunda 14,4 faizə çatacaq. Regionların inkişafı nəticəsində regionlardan büdcəyə daxil olan vəsaitlər 1-2 il əvvəl 2-3 faiz olduğu halda, indi 14,4 faizə çatacağı gözlənilir. Vergi ödəyicilərinin borcları 39,8 faiz azaldılaraq, 1 yanvar 2011-ci il tarixinə 1 mlrd. 807 mln. manat təşkil edib. Bunun 1 mlrd. 377 mln. manatı hesab-faktura fırıldaqçılığı ilə bağlı borclardır. Bunun böyük hissəsinin qaytarılma ehtimalı yoxdur. Bu yolla məşğul olanların əksəriyyəti axtarışdadır".
F.Məmmədov onu da vurğuladı ki, 2008-ci ilə qədər hesab-faktura fırıldaqçılığı ilə məşğul olan qruplar vardı, bu gün ƏDV depozit hesablarının tətbiqi nəticəsində bu vergi üzrə 1 faiz belə yayınma mümkün deyil: "Bununla bağlı ödənilmə tam yerinə yetirilir. Bu gün borclarla bağlı elə bir problem yoxdur. Bundan başqa, qeydiyyata alınmış xarici sahibkarlıq subyektlərinin sayında 1,5 faiz artım olub.
Nazir, həmçinin, bildirdi ki, vergi yükünün aşağı salınması barədə müzakirələr yersizdir: "Azərbaycanda böyük vergi yükü yoxdur. Azərbaycan azad iqtisadi zona deyil. İqtisadiyyat da bu addımlara daha ehtiyatlı və diqqətli baxır. Parlamentdə sosial vergi məsələsində Azərbaycanın Ermənistanla müqayisəsini düzgün hesab etmirəm. Bu, həm yersizdir, həm də qeyri-etikdir. Sosial vergi Azərbaycanda sosial ayırmalarla bir yerdə 21,5 faiz, sosial ayırmalarsız 17,5 faiz təşkil edir. Avropa Birliyində bu, 39,5 faizdir. Hesab edirik ki, 2 min manata yaxın gəlirin 14 faiz vergiyə cəlb olunması vacibdir. Hansısa bankir 35 faiz vergi verəcəksə, niyə bu hal kimisə narahat edir? Kimsə çox qazanacaqsa, 2 min manata qədər 14 faizlə, qalanının isə 35 faizlə vergisini verəcək. Bu, dünya praktikasında var".
F.Məmmədov onu da söylədi ki, bu gün vergi borcları ilə bağlı ciddi problem yoxdur: "Qlobal maliyyə böhranı zamanı dünyanın əksər ölkələrindən fərqli olaraq, Azərbaycanda iş yerlərinin bağlanılması müşahidə olunmayıb. Belə şəraitdə ölkədə 71 min yeni iş yeri açılıb".
Samir Şərifov: "Azərbaycanda zəruri infrastrukturun yaradılması üçün əlavə vəsaitə ehtiyac var"
Milli Məclisin iclasında çıxış edən maliyyə naziri Samir Şərifov Azərbaycanın 2012-ci il dövlət büdcəsinin layihəsində əmək haqlarının artırılması üçün 800 mln. manatın ayrılmasının nəzərdə tutulduğunu bildirib. S.Şərifovun sözlərinə görə, pensiya təminatı sahəsində də məbləğ kəskin artırılıb: "2010-cu illə müqayisədə 40 faiz artımdan söhbət gedir. Bu, böyük məbləğdir. Dövlət tərəfdən bir çox əhəmiyyətli layihələr həyata keçirilir. Regionların su və kanalizasiya problemlərinin həlli üçün addım atılır. Regionlarda su və kanalizasiya şəbəkələri yaradılacaq. Bu layihənin ölkə üzrə tam başa çatdırılması üçün 7 mlrd. manat xərclənə bilər. Bu infrastrukturun yaradılması üçün əlavə vəsaitə ehtiyac var. Digər tərəfdən, keçən il və bu il təbii fəlakətlərin aradan qaldırılması üçün böyük vəsait ayrılır. Nəqliyyat infrastrukturu ilə bağlı layihələrimiz də var. Bakı-Tbilisi-Qars layihəsinə icmal büdcənin hesabına vəsait ayrılır. Bu layihədən Azərbaycanın regionları da bəhrələnəcək".
S.Şərifov ipoteka proqramı üçün vəsaitin artırılması barədə səsələnən təkliflərə də münasibət bildirdi: "Bəziləri deyirlər ki, bu vəsait ildə 600 ailəyə çatacaq, amma ildə 25 min ailəyə lazımdır. Öz növbəsində, 25 min ailə üçün 1 mlrd. manatdan çox vəsait tələb olunur. Biz bunu davamlı verə bilərikmi? Bir çox ölkələrdə maliyyə böhranı böyük ipoteka kreditlərinin verilməsi ilə bağlı olub. Dövlət çox ucuz faizlə 20 ilə ipoteka krediti versə, bunu davam etdirmək çətin olar. Bu məsələyə ehtiyatla yanaşmalıyıq".
S.Şərifov əmanətlərin qaytarılması məsələsinə də toxunaraq, söylədi ki, bunun üçün vəsait var: "Keçmiş əmanətlərin indeksləşdirilməsi və qaytarılması ilə bağlı ölkə Prezidentinin xüsusi tapşırığı var. Bu yöndə müvafiq qanun layihəsi də var. Yaxın zamanlarda həmin layihəni təkmilləşdirib parlamentə təqdim edəcəyik. Əgər parlament tərəfindən qəbul olunmasa, növbəti ildə də əmanətləri qaytarmaq mümkün olmayacaq. Yox əgər, bu qanun layihəsi parlament tərəfindən qəbul olunarsa, 2012-ci ilin büdcəsində bu əmanətləri qaytarmaq üçün maliyyə vəsaiti var".
Nazir bildirib ki, bir çox keçmiş SSRİ ölkələrində əmanətlərin qaytarılması həyata keçirilib, amma həmin məsələnin icrasında ləngimələr və digər ciddi problemlər var: "Biz elə bir qanun layihəsini ortaya qoymaq istəyirik ki, həmin əmanətlər digər ölkələrdə olduğu kimi, qaytarılan zaman dəyərsizləşməsin".
Səlim Müslümov: "Bütün pensiyaların vahid prinsiplə hesablanması təmin olunub"
Sonra Milli Məclisdə 2012-ci il üçün ehtiyac meyarı haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib ki, bütün pensiyaların vahid prinsiplə hesablanması təmin olunub. Onun sözlərinə görə, ahılların layiqli həyatını təmin etmək əsas məsələdir: "Artıq İtaliya və Yunanıstan kimi ölkələrdə milli iqtisadiyyatın pensiya yükünü çəkə bilmədiyi təsdiqləndi. Tezliklə inkişaf etmiş ölkələrdə büdcədə əsas ağırlıq pensiya, tibbi və sosial xərclər olacaq. Azərbaycanda növbəti il fondun büdcəsində əsas dəyişikliklər qadınların 58, 5, kişilərin 63 yaşından pensiyaya çıxması ilə bağlı yaranacaq. Digər tərəfdən, 41,5 min nəfərin pensiya fondunu tərk edəcəyi proqnozlaşdırılır. Pensiya islahatı ilə bağlı xərclər fondun büdcəsində nəzərdə tutulub".
S.Müslümov qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun aparatının, strukturunun saxlanılması üçün 21,6 milyon manat xərc nəzərdə tutulub. Bu, fondun xərclərinin 0,87 faizini təşkil edir. Səlim Müslümov nəzərə çatdırıb ki, gələn il fondun büdcəsi 2 mənbədən formalaşdırılacaq: "Bunlardan birincisi məcburi sosial sığorta ödənişləridir. Gələn il məcburi sosial sığortadan 1,705 milyon manat daxil olacaq. İkinci mənbə transfertlərlə bağlıdır. Transfertin həcmi gələn il 1,44 milyard manat olacaq. Onu da deyim ki, sosial sığorta haqqı son illərdə 3 dəfə artıb. Ümumiyyətlə, fondun büdcəsini tam məcburi sosial sığorta ödənişləri hesabına formalaşdırmaq üçün məcburi sosial sığorta dərəcəsi 35 faizə qaldırılmalıdır". O, vurğulayıb ki, ilk növbədə, əmək fəaliyyəti ilə məşğul olanların dəqiq uçotunun aparılması və məcburi sosial sığortaların toplanmasını həyata keçirmək lazımdır.
Daha sonra millət vəkilləri çıxış ediblər. Millət vəkili İlham Məmmədov pensiyaçıların sağlamlığının qorunmasının vacib olduğunu və kurort-sanatoriya xərclərinin artırılmasının gərəkliliyini bildirib: "Pensiyaçılar ildə bir dəfə sanatoriya-kurort müalicəsinə getmələrini yüksək qiymətləndirirlər. Bu sahəyə vəsaitin artırılması yaxşı olar və bu turizmin də inkişafına təkan olardı".
Millət vəkili Zahid Oruc deyib ki, Xocalı soyqırımı ilə bağlı qanun layihəsi ilə bağlı sənəd hazırlayaraq, parlamentə təqdim edib: "Xocalı soyqırımı ilə bağlı müavinətlərin ayrıca göstərilməsi yaxşı olardı".
Millət vəkili Elmira Axundova pensiya islahatlarını yüksək qiymətləndirib. O, qeyd edib ki, qanunvericiliyə əsasən əmək pensiyalarının baza hissəsi ildə ən azı 1 dəfə qaldırılmalıdır: "Pensiyaların baza hissəsinin artırılması üçün fondun büdcəsində vəsait nəzərdə tutulmasını təklif edirəm".
Siyavuş Novruzov: "Azərbaycanda pensiya yığımına baxış dəyişməlidir"
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov sosial sahədə uğurlu islahatların həyata keçirildiyini dilə gətirib: "Hərbi hissələr və daxili işlər orqanları istisna olmaqla, qalan kateqoriyalarda 63 yaş pensiya həddi müəyyən edilib. Bəzi insanlar deyirlər ki, 63 yaşında mən ağır daş qaldıra bilərəmmi? Ümumiyyətlə, 50 yaşdan sonra tikinti və digər ağır sahələrdə çalışanlar orada işləyə bilməzlər. Bu məsələnin həllini necə tapmaq olar? Digər tərəfdən, tikinti sektorunda çalışanlarla əmək müqaviləsi imzalanmır, nəticədə gələcəkdə pensiyalardan da məhrum olurlar. O cümlədən, şadlıq sarayında 300 nəfər çalışır, sənədlərə baxanda, görürsən ki, 10 nəfərin adı var. Belə məsələlərin aradan qaldırılmasına çalışmaq lazımdır".
S.Novruzov Azərbaycanda pensiya yığımına baxışın dəyişməli olduğunu düşünür: "Azərbaycanda insan işləyəndə vəsaiti övladına xərcləyir, məntiqlə övlad da qocalanda, ona baxmalıdır. Yəni pensiya yığımına üstünlük vermir. Avropada əksinədir, insan aldığı əmək haqqının istənilən qismini pensiya yığımına yönəldir və pensiyaya çıxanda da həmin vəsait hesabına istirahət edir, dünyanı gəzir. Azərbaycanda da pensiya yığımı sistemi tətbiq olunmalıdır. İnsan istəsə, pensiya yığımına yönəldə bilməlidir. Yoxsa bizdə insanlar işləyəndə kapitalist, pensiyaya çıxanda sosialist kimi davranırlar".
Sonra Dövlət Sosial Müdafiə Fondunun sədri S.Müslümov millət vəkillərinin fikirlərinə öz münasibətini bildirib. Xüsusilə də, bankomatlarla bağlı səslənən iradlara da toxunub: "Banklarla daim bu məsələdə əməkdaşlıq edirik. Ancaq bankomatlar bahalıdır, ən ucuzu 50 min manatdır. Əvvəllər bankomatlar 1-2 milyon nəfərə xidmət edirdisə, indi 5 milyon nəfərə xidmət edir. Gələn ilin əvvəlində yeni bankomatlarla bağlı tender keçirəcəyik və 1000 nəfər üçün 1 bankomat nəzərdə tutulacaq. Səyyar bankomatların da gələn ilin birinci rübündə Mərkəzi Bank tərəfindən alınaraq istifadəyə verilməsi nəzərdə tutulur. Bu zaman kəndlərdən gəlməyə ehtiyac olmayacaq, ora maşınlarda bankomat göndəriləcək. SMS-lə mesaj göndərilməsi məsələsi üzərində də işlənilir".
Bununla da fondun büdcə layihəsinin müzakirəsi başa çatıb.
Sonra "Milli Məclisin 2012-ci il üçün xərclər smetası" və Hesablama Palatasının xərclər smetasının layihəsi müzakirə olunub. İclasda qeyd olunub ki, parlamentin 2012-ci il üçün xərcləri 19 915 565 min manat vəsait nəzərdə tutulub. Xərclərin 69 faizini əməkhaqqı fondu təşkil edir. Qeyd olunub ki, gələn il Milli Məclisə yeni nəqliyyat vasitələrinin alınması üçün 400 min manat nəzərdə tutulur.
Deputatlar layihə barədə fikir və təkliflərini açıqlayıblar. Millət vəkili Kamilə Əliyeva deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilməsini istəyib. Spiker Oqtay Əsədov isə 4 ildən bir hər deputat köməkçisinə dövlət qulluqçusu statusu verilməsini mümkün saymayıb.
Hesablama Palatasının sədri Heydər Əsədov deyib ki, palatanın xərcləri 64 min manat artıqdır. Bununla da parlamentdə büdcə paketinin müzakirəsi başa çatıb.
RƏFİQƏ KAMALQIZI