PDF Oxu

Əsas

  • 31

Rusiya Azərbaycanlı Gənclər Təşkilatı beynəlxalq  layihələrin icrasına nail olub

Rusiya Azərbaycanlı Gənclər Təşkilatı beynəlxalq layihələrin icrasına nail olub

Dünyada baş verən qloballaşma Azərbaycanın dünya dövlətlərinə inteqrasiya prosesini sürətləndirib. Azərbaycan milli-mənəvi dəyərləri, siyasəti, iqtisadi göstəriciləri ilə dünya ölkələrinə yol açaraq böyük potensiala malik olduğu təsdiqlənir. Bu və ya digər faktorlar Azərbaycanın müstəqil dövlət olaraq dünyada imicini yüksək şəkildə formalaşdırır. Son dövrdə dünya mətbuatının Azərbaycanın bütövlükdə mənzərəsi ilə bağlı qələmə aldığı məqalələrdə dövlətin suverən, müstəqil ölkə olaraq dinamik inkişafı diqqətə çatdırılır. Onun ən nüfuzlu məmləkət olması diqqətdən yayınmır. Azərbaycanla bağlı məqalələrin hər biri reallıqlara söykənir.

Azərbaycanın dünyaya inteqrasiya olunması prosesində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi olaraq qeyd etməliyik. Fəaliyyətdə olduğu dövr ərzində həyata keçirdiyi irimiqyaslı beynəlxalq və yerli əhəmiyyətli layihələr öz nəticəsini verib. Fondun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (İDEA) təsisçisi Leyla Əliyevanın bu kimi layihələrinin icrasında rolu, mövqeyi müstəsnadır. Qeyd etməliyik ki, Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Təşkilatı qısa zamanda Azərbaycan üçün beynəlxalq mahiyyət daşıyan layihələrin icrasına nail olmuşdur. Azərbaycan mədəniyyətinin xaricdə təbliği ilə bağlı çox ciddi işlər görərək, Azərbaycanın xaricdə həyata keçirdiyi bütün ictimai və mədəni layihələri dəstəkləyir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi ilə əlaqədar, çoxsaylı layihələr həyata keçirib. Bu tədbirlər çərçivəsində dünyanın bir sıra şəhərlərində genişmiqyaslı mədəni tədbirlər və proqramlar reallaşıb.

Bu yaxınlarda Moskvada Azərbaycan Mədəniyyəti Mərkəzinin açılışı bu möhtəşəm layihələrin davamıdır. Bu gün bütün dünyada belə mərkəzlər yaradılması prosesi gedir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanla bağlı olan inkişafın bütün sahələri haqqında ətraflı informasiya təqdim edərək, həqiqətləri dünya ictimaiyyətinə təqdim edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv informasiyanın dünya ictimaiyyətinə çatdırılması məsələsinə xüsusi diqqət yetirir. Ümummilli əhəmiyyətli bu məsələ daim fondun diqqət mərkəzindədir. Bu gün dünyada Azərbaycan haqqında gerçək informasiya yayımlanır.

Bütün bu reallıqlarla yanaşı, sosial yönümlü məsələlərə də diqqət ayrılır. Daim əhalinin sağlamlığının qorunması istiqamətində çalışan fond bir sıra xəstəxanaların, uşaq bağçalarının, məktəblərin təmir və tikintisinə də böyük maraq göstərir. Dövlətin gələcəyi onun elmi, təhsili və sağlamlığı ilə sıx bağlıdır. Ölkə ərazisində, eləcə də, dünyanın bir sıra ölkələrində reallaşan bu tipli layihələr böyük əks-sədaya səbəb olub. Bu günlərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzinin əsaslı təmirdən və mükəmməl texniki təchizatdan sonra istifadəyə verilməsi məhz Azərbaycan vətəndaşına ayrılan diqqətin nümunəsidir. Xəstəxananın açılış mərasimində iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva yaradılan şəraitlə tanış olub.

Ən müasir tibbi avadanlıqla təchiz olunmuş mərkəzin Qafqaz və Orta Asiya məkanında analoqu yoxdur. Heydər Əliyev Fondu ilə Mərkəzi Neftçilər Xəstəxanasının səmərəli əməkdaşlığının nəticəsi olaraq bu günə qədər 3 minə yaxın pasiyent müayinə olunmuş, 450 xəstə üzərində açıq ürək əməliyyatı aparılmışdır.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə xəstəxananın Ürək-Damar Cərrahiyyəsi Mərkəzi regionlardakı bütün müalicə diaqnostika mərkəzlərində müxtəlif ürək qüsurlarından əziyyət çəkən xəstələri əməliyyat edərək, onların normal həyata qayıtmalarına şərait yaradır. Uğurlu ürək əməliyyatlarından biri də Azərbaycanın cəbhə bölgəsində - Füzuli rayonunun Bəhmənli qəsəbəsində aparılmışdır.

Mərkəzə Heydər Əliyev Fondu tərəfindən "CUSA Excel" avadanlığı hədiyyə edilib. Bu avadanlıq əməliyyatların daha uğurla aparılmasına geniş imkanlar açacaq. Bu nadir avadanlıq ultrason və aspirator funksiyaları nəticəsində qaraciyər transplantasiyası zamanı cərrahiyyə prosedurunu asanlaşdırır və toxumaların zədələnməsinin qarşısını alır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Bakıdakı Talassemiya Mərkəzi ilə tanışlığı da məhz Azərbaycan övladlarına göstərilən qayğıdır. Uşaqların sağlamlığının qorunması fəaliyyətinin prioritet istiqamətlərindən biri olan Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunmuş bu şəfa ocağı həmin xəstəlikdən əziyyət çəkənlər və onların yaxınları üçün ümid yerinə çevrilib. Mərkəz gün ərzində 30-40 xəstə qəbul edir. Azərbaycanda min nəfərə yaxın talassemiyalı xəstə vardır ki, onların da 60 faizi bu səhiyyə ocağında daimi müalicə olunur. Beynəlxalq standartlara tam cavab verən mərkəzin laboratoriyasında qan qrupunu avtomatik təyin edən müasir aparat və digər zəruri avadanlıq quraşdırılmışdır. Bütün bunlar bu xəstəlikdən əziyyət çəkən insanlara böyük bir yardımdır. Ölkədə "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"ndan irəli gələn tədbirlər çərçivəsində bu xəstəlikdən əziyyət çəkənlər arasında ölüm halları, demək olar ki, sıfıra enmişdir.

Bütün bunlar Heydər Əliyev Fondunun şaxəli fəaliyyətinin bariz nümunəsidir. Fondun vitse-prezidenti Azərbaycanın beynəlxalq arenada tanınmasına, qədim və zəngin mədəniyyətə malik xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasına kömək edərək xalqlararası münasibətlərin möhkəmlənməsinə xidmət edir. Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılmasında, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli layihələri icra edir. Elm, təhsil, mədəniyyət, səhiyyə, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirərək ətrafında yüksək imic formalaşdırıb.


NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər