Noyabr ayının 26-da Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının IX konfransı keçirilib. Konfransda millət vəkilləri, partiya fəalları və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.
Dövlət himni səsləndikdən sonra konfrans işinə başlayıb. Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Xəzər rayon təşkilatının sədri, partiyanın siyasi şurasının üzvü Namiq Əhmədov hesabat məruzəsi ilə çıxış edib. N.Əhmədov ötən dövr ərzində rayon təşkilatının həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verib. O, vurğulayıb ki, rayon təşkilatının fəalları prezident, bələdiyyə və parlament seçkilərində sistemli və aktiv fəaliyyət sərgiləməklə keçirilmiş seçkilərdə YAP-ın ümumi qələbəsinin əldə olunmasına öz töhfələrini veriblər: "YAP Ulu Öndərimiz Heydər Əliyevin qoyduğu yolla irəliləyir. Partiyamız böyüdükcə, ölkə də güclənir. YAP-ın Sədri, Prezident İlham Əliyev bu gün sadəcə YAP-çıların deyil, hər bir azərbaycanlının rəhbəri olaraq, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, istər milli mənafe, istər də siyasi maraqlar müstəvisində ölkəsini və millətini yüksək səviyyədə təmsil edir. Ancaq biz təşkilat olaraq, bugünkü uğurlarımızla kifayətlənmək fikrində deyilik. Daha da yüksəlmək, qazandığımız uğuru itirməmək üçün bundan sonra da siyasi meydanda bacarığımızı ortaya qoyacağıq. Qarşımıza qoyduğumuz əsas məqsədimiz isə bundan ibarətdir: bu gün regionun lideri olan ölkəmizi ən yaxın gələcəkdə bütün dünyanın lider dövlətinə çevirək".
Namiq Əhmədov, həmçinin, ötən dövr ərzində rayon təşkilatına qəbul olunan üzvlərin sayı barədə də danışıb: "YAP Xəzər rayon təşkilatında hesabat dövrü ərzində 12 ilk partiya təşkilatı yaradıldı. YAP Xəzər rayon təşkilatının 101 ilk partiya təşkilatında 8400 partiya üzvü fəaliyyət göstərir. Hesabat dövrü ərzində partiya sıralarına 3113 nəfər partiya üzvü qəbul olunmuşdur ki, onlardan 1890 nəfəri qadınlar təşkil edir. Ümumilikdə, 8400 partiya üzvünün 38 faiz qadın, 30 faiz gənclər təşkil edir ki, onlar da YAP Xəzər rayon təşkilatının qadınlar şurası və gənclər birliyində fəal fəaliyyət göstərir. Ümumilikdə, YAP Xəzər rayon təşkilatının bank hesabına 54875,87 manat üzvlük haqları daxil olmuş, 54490.87 manat xərclənmişdir".
N.Əhmədov YAP Xəzər rayon təşkilatının yeni inzibati binasının 2010-cu ilin yanvar ayında təməli qoyulduğunu, 2011-ci ilin oktyabırın 18-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın iştirakı ilə açılışı olduğunu vurğulayıb.
Sonra rayon təşkilatının nəzarət-təftiş qrupunun hesabatı dinlənilib və məruzə ətrafında çıxışlar olub. Natiqlər YAP Xəzər rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab ediblər.
Konfransda çıxış edən millət vəkili Rauf Əliyev rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirib və dinlənilən hesabatı qənaətbəxş hesab edib. O, həmçinin, respublikada, eyni zamanda, Xəzər rayonunda aparılan abadlıq-quruculuq işlərindən də bəhs edib. Millət vəkili qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə fəaliyyətə başlayan Yeni Azərbaycan Partiyası Şərq dünyasında ilk partiya oldu ki, sivil idarəetmə sistemini mənimsəyərək, demokratik ab-hava ilə zəngin, ümumi idarəçilik bazasına əsaslanan quruma çevrilib.
Çıxış edən Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanın müstəqilliyinin ilk illəri bugünkü dövrü müqayisə edərək vurğulayıb ki, ötən müddət ərzində ölkəmiz sürətlə inkişaf edib, təqdirəlayiq nailiyyət əldə edib: "YAP-ın çox qısa bir zamanda mütəşəkkil qüvvəyə çevrilməsi və uğur qazanması məhz Ümummilli Lider Heydər Əliyevin xarizması, şəxsi nüfuzu, eyni zamanda, xalqın sevgisi ilə bağlı olan məsələdir. Məhz, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə xalq tərəfindən dəvət olunmasından sonra Azərbaycanda gedən neqativ proseslər pozitiv istiqamətdə dəyişməyə başladı. Bu gün də YAP qarşısına qoyduğu, xalqın gələcəyinə hesablanmış prioritetlər istiqamətində qızğın iş aparır və bundan sonra da aparacaq. Bu gün YAP ölkəmizdə ən mütəşəkkil və kütləvi siyasi təşkilatdır. Yeni Azərbaycan Partiyası xalq partiyası kimi yaranıb və fəaliyyətini davam etdirir".
Sonra konfransda YAP İcra Katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edib. S.Novruzov onu da vurğulayıb ki, YAP bu gün Azərbaycan dövlətinin inkişafında müstəsna rolu olan bir partiyadır. 1992-ci ildə Ümummilli Lider Heydər Əliyev YAP-ın Proqram və Nizamnaməsini necə yazmışdısa, həmin sənədlərdə əks olunmuş prinsiplər bu gün də olduğu kimi Azərbaycanda həyata keçirilməkdədir. YAP-ın əsas məramı Azərbaycan xalqının müstəqil, demokratik və çox zəngin yaşamasıdır. Partiyamız bu yolda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla fəaliyyət göstərir.
Millət vəkili, həmçinin, onu da söyləyib ki, YAP Xəzər rayon təşkilatı partiyanın öndə gedən təşkilatlarından biridir. S.Novruzov rayon təşkilatının üzvlərini istifadəyə verilmiş yeni qərargahın açılışı münasibətilə də təbrik edib: "YAP Xəzər rayon təşkilatı yarandığı dövrdən bu günə qədər ölkənin ictimai-siyasi həyatında aktiv rol oynayıb və öndə gedən rayon təşkilatlarından biri olub. Rayon təşkilatı bu mövqeyini hazırda da qoruyub saxlayıb".
YAP İcra Katibinin müavini, millət vəkili S.Novruzov rayonda Heydər Əliyev Fondu, Xəzər rayon icra hakimiyyəti tərəfindən görülmüş işlərə də diqqət çəkib. S.Novruzov bildirib ki, Azərbaycan bu gün nəinki postsovet məkanında, hətta Şərqi Avropa regionunda ən inkişaf etmiş və öndə gedən ölkələrdəndir: "Əlbəttə ki, bunun əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Azərbaycan dünyanın inkişaf etmiş ölkələrinin uzun illər ərzində ötdüyü yolu cəmi 20 il ərzində keçib".
S.Novruzov, həmçinin, Azərbaycan Respublikasının regionda müstəqil siyasət yürüdən yeganə dövlət olmasını da bildirib. Ölkəmizin sərvətlərinin xalqımızın maraqları, mənafeyi naminə istifadə edildiyini vurğulayan millət vəkili partiya fəallarını dövlətimizin inkişafı üçün aktivliklərini daha da artırmağa çağırıb.
Konfransın işində çıxış edən Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamov respublikada və rayonda aparılan işlərdən danışıb, YAP Xəzər rayon təşkilatının fəaliyyətini yüksək dəyərləndirib. Çıxışlardan sonra təşkilatı məsələlərə baxılıb.
YAP Xəzər rayon təşkilatının hesabatı qənaətbəxş hesab edilib, Namiq Məcid oğlu Əhmədov yenidən rayon təşkilatının sədri, sədrin müavinləri, təşkilatın 37 nəfər şura və 17 nəfər idarə heyətinin, həmçinin, 5 nəfər nəzarət-təftiş qrupunun üzvləri seçilib.
Sonda YAP Xəzər rayon təşkilatının IX konfransının nümayəndələri adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
RƏFİQƏ KAMALQIZI