Dünən YAP Ağstafa rayon təşkilatının VII konfransı keçirildi. Konfrans iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçək dəstələri düzdülər. Sonra Heydər Əliyev Mərkəzində davam etdirilən konfransı giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov tədbirin gündəliyini elan etdi. Konfrans iştirakçıları gündəliyi təsdiq etdikdən sonra YAP Ağstafa rayon təşkilatının sədri R.Tatarov hesabat məruzəsi ilə çıxış edərək, ötən dövrdə görülən işlərdən danışdı. Bildirdi ki, Yeni Azərbaycan Partiyasının IV qurultayından keçən dövr ərzində qarşıda duran vəzifələr YAP İcra Katibliyinin göstərişlərini icra etmək, Ağstafa rayonun bütün ictimai və siyasi həyatında yaxından iştirak etməkdən ibarət olub.
R.Tatarov YAP Ağstafa rayon təşkilatının hesabat dövründə üzvlük haqlarının yığılması, partiyaya qəbul, təsdiq olunmuş iş planına uyğun tədbirlərin keçirilməsi, nizam-intizamının gücləndirilməsi və rayonun ictimai-siyasi həyatında mövqeyini daha da gücləndirmək istiqamətdə bir çox işlərin görülməsi olduğunu söylədi: "Bu gün YAP Ağstafa rayon təşkilatında 65 ərazi ilk partiya təşkilatı 4250 nəfər partiya üzvünü özündə birləşdirir. Partiya üzvlərinin 1638 nəfəri gənclər, 2220 nəfəri isə qadınlardır. Ötən dövr ərzində ərazi ilk partiya təşkilatlarında partiya sıralarına qəbul dinamikası qənaətbəxş hesab olunmuşdur. Belə ki, hesabat dövrü ərzində 4 yeni ərazi ilk partiya təşkilatı yaradılmış, 15 ərazi ilk partiya təşkilatının sədrləri dəyişdirilmişdir. 924 nəfər partiya sıralarına qəbul edilmişdir ki, bunların da 462 nəfəri qadınlar, 618 nəfəri isə gənclərdir. Keçən konfransdan bu günə kimi 19 şura iclası, 58 idarə heyətinin iclası keçirilmişdir".
YAP Ağstafa rayon təşkilatının hər zaman xeyriyyəçi işlərlə də məşğul olduğunu bildirən R.Tatarov onu da vurğuladı ki, imkansız ailələrə yardımlar etməklə yanaşı, həmçinin, ali məktəblərdə təhsil alan tələbələrə də maddi köməkliklər göstərilmiş, idmançılara yardımlar edilmişdir: "Ölkəmizdə keçirilən seçkilərdə siyasi fəallıq göstərən partiya üzvlərinə pul mükafatları verilmiş, bayramlarla əlaqədar hədiyyələr alınaraq təqdim edilmişdir. Eyni zamanda, Azərbaycan ordusu, o cümlədən, Ağstafa rayonu ərazisində yerləşən hərbi hissələrdə əsgərlərlə görüşlər keçirilmiş, bayram sovqatları aparılmışdır. Hesabat dövründə YAP Ağstafa rayon təşkilatının binasında abadlıq işləri aparılmış, bütün iş otaqları əsaslı təmir olunmuş, kompyuterlərlə təmin edilmişdir".
R.Tatarov partiyanın fəal üzvlərinin respublikamızın hər yerində olduğu kimi, Ağstafada da abadlıq-quruculuq işlərində yaxından iştirak etdiklərini bildirdi: "Cari ilin sentyabrında şəhərin mərkəzində təməli qoyulan, hal-hazırda çox sürətlə tikintisi aparılan, iki mərtəbəli şəhərə xüsusi gözəllik verəcək Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının yeni inzibati binası bizlərə böyük hədiyyə olacaqdır. Şəhərimizdə bir ədəd 25 mənzilli, bir ədəd 16 mənzilli yaşayış binasının, bir ədəd uşaq bağçasının, Tatlı kəndində 220 şagird yerlik və Düzqışlaq kəndində 180 şagird yerlik məktəb binasının tikintisi davam etdirilir. Üzeyir Hacıbəyov, Hüseyn Arif küçələrində dekorativ hasarların tikintisi sürətlə və keyfiyyətlə həyata keçirilir. Heydər Əliyev prospekti tamamilə yenidən qurulur. Prospektdə yerləşən fərdi və ictimai tikililərin, sahibkarlara məxsus obyektlərin fasadları, dam örtükləri xüsusi layihə əsasında yenidən qurulur. Üzeyir Hacıbəyov küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasının fasadı və dam örtüyü klassik üslubda bərpa edilir. Heydər Əliyev və Səməd Vurğun parkları tamamilə yenidən qurulur. Heydər Əliyev Parkında Ulu Öndərin abidə kompleksinin, dörd ədəd fəvvarənin, gənclər evinin, yay kinoteatrının tikintisinə başlanılmışdır. Səməd Vurğun Parkında əyləncə mərkəzi, fəvvarə, "kitab" abidə kompleksinin tikintisi davam edir. Parkda olan görkəmsiz tikililər sökülüb ləğv edilmişdir".
Sonra məruzə ətrafında çıxışlar oldu. Tədbirdə təşkilatın nəzarət-təftiş qrupunun üzvü Sahib Salıfov, "Mədəniyyət evi" ərazi ilk partiya təşkilatının sədri Laiq Qələndərov, "Texniki yaradıcılıq mərkəzi" ərazi ilk partiya təşkilatının sədri Şəhanə Osmanova, şəhər 2 saylı orta məktəbin direktoru Fərhad Vəliyev, rayon Mərkəzi Kitabxanasının müdiri İradə Namazova çıxış edərək, YAP rəhbərliyinin yürütdüyü siyasi kursdan bəhs etdilər, partiyanın Ağstafa rayon təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
Konfransın işində çıxış edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev, millət vəkili Əhməd Vəliyev, Ağstafa rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi sisteminin inkişafına yeni dinamizm gətirdiyini, siyasi mübarizənin sivil normalarını ortaya qoyaraq, demokratik dəyərlərin bərqərar olmasını, vətəndaş cəmiyyətinin formalaşmasını təmin edən elementləri cəmiyyət həyatına daxil etdiyini söylədilər.
Konfransın sonunda Tatarov Ramiz Cahangir oğlu yenidən YAP Ağstafa rayon təşkilatının sədri seçildi. Həmçinin, 27 nəfərdən ibarət şura, 11 nəfər idarə heyəti, 5 nəfərdən ibarət nəzarət-təftiş qrupunun yeni tərkibi təsdiqləndi. Eyni zamanda, konfransın qətnaməsi qəbul olundu.
Konfransın işində YAP Mərkəzi Aparatının məsul işçisi Rəfael Gülməmmədov iştirak edib.
Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olundu.
RƏFİQƏ KAMALQIZI