PDF Oxu

Əsas

  • 32

Qətər Xəbərlər Agentliyinin baş direktoru Heydər Əliyev Fondunda olub

Qətər Xəbərlər Agentliyinin baş direktoru Heydər Əliyev Fondunda olub

Azərbaycanda səfərdə olan Qətər Xəbərlər Agentliyinin baş direktoru Əhməd Səad Əbduləziz əl-Buayneyn, xəbərlər redaksiyasının müdiri Abdullah Əbdürrəhman və AzərTAc-ın baş direktoru Aslan Aslanov noyabrın 30-da Heydər Əliyev Fondunda olublar. AzərTAc xəbər verir ki, qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilib.

Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolara, habelə müxtəlif eksponatlara nəzər yetirən qonaqlara məlumat verilib ki, fenomen şəxsiyyət Heydər Əliyevin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.

Qonaqlar ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ümummilli liderə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə, eləcə də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə maraqla baxıblar. QNA agentliyinin baş direktoru Əhməd Səad Əbduləziz əl-Buayneyn Fondla tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıb. Qonaqlar Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılıblar.

Digər xəbərlər