Dekabrın 2-də Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının VII konfransı keçirilibdir.
Konfrans nümayəndələri və qonaqlar ilk öncə Ulu öndər, partiyanın qurucusu və yaradıcısı Heydər Əliyevin şəhərin mərkəzində ucalan abidəsini ziyarət edib, önünə tər gül-çiçək dəstələri qoyub, ona hörmət və ehtiramlarını ifadə ediblər. Konfrans dövlət himninin səsləndirilməsi ilə işinə başlayıbdır.
Sonra Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov təşkilatın VI konfransından ötən dövr ərzində görülən işlərdən, uğurlardan və nailiyyətlərdən bəhs edən məruzə ilə çıxış edib. Natiq bildirib ki, Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatı öz fəaliyyətini Ümummilli Lider Heydər Əliyevin ideyalarının, Yeni Azərbaycan Partiyasının IV qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn müddəaların yerinə yetirilməsinə yönəldibdir.
Konfransda Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının nəzarət-təftiş qrupunun hesabat məruzəsi də dinlənilibdir. Konfransda Şabran rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov çıxış etmiş, konfrans iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının fəalları VI konfransdan ötən dövr ərzində görülmüş işləri təhlil ediblər. Çıxışlarda qeyd olunubdur ki, rayon təşkilatı hesabat dövründə qarşısına qoyulmuş vəzifələri layiqincə yerinə yetirib, rayonun ictimai-siyasi həyatında örnək ola biləcək fəaliyyət göstəribdir.
Konfransın işində iştirak edən Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini Siyavuş Novruzov çıxış edərək, ölkəmizdə mövcud ictimai - siyasi vəziyyət və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən möhtəşəm quruculuq işlərindən bəhs edib, partiyanın gördüyü işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat veribdir.
Siyavuş Novruzov çıxışında qeyd edibdir ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən öz fəaliyyətini Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin geniş ictimaiyyət arasında təbliğatına yönəldib, Azərbaycanda həyata keçirilən dövlət quruculuğu proseslərində yaxından iştirak etdibdir. YAP İcra katibinin müavini öz çıxışında qeyd edibdir ki, Azərbaycan Respublikasının 20 illik müstəqillik tarixində Yeni Azərbaycan Partiyası sözünü demiş siyasi təşkilatdır. Azərbaycanın 20 illik şərəfli müstəqillik tarixi Yeni Azərbaycan Partiyasının adı ilə qırılmaz bağlıdır. Siyavuş Novruzov öz çıxışında Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində gördüyü işlərə toxunub, həmçinin qarşıda duran vəzifələrdən bəhs edibdir.
Milli Məclisin deputatı Tahir Süleymanov və YAP Siyasi Şurasının üzvü Namiq Əhmədov konfransın işində iştirak edibdir. Konfransda həmçinin təşkilati məsələlərə baxılıbdır. YAP Şabran rayon təşkilatının 26 nəfərdən ibarət şurası və 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilibdir. Mehdi Balabəyov yenidən Yeni Azərbaycan Partiyasının Şabran rayon təşkilatının sədri seçilibdir. Konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul ediblər.