Dekabrın 2-də Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev binanın açılış mərasimində iştirak ediblər. Ali Məclisin sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlamış, binanın istifadəyə verilməsi münasibətilə onları təbrik edib: "Sovetlər birliyi dönəmində iqtisadi planlama, istehsal müəssisələrinin fəaliyyəti vahid bir mərkəzdən idarə olunduğundan iqtisadiyyatın sürətli inkişafında və keyfiyyətli məhsul istehsalında çətinliklər yaranırdı. Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra iqtisadi sahədə yüksəlişə nail olunmuş, yeni istehsal müəssisələri yaradılmış, sahibkarlığın inkişafı təmin edilmişdir. Artıq 3 ildir ki, muxtar respublikanın xarici ticarət dövriyyəsində müsbət saldo yaranmışdır. 2011-ci ilin ötən 11 ayında xarici ticarət dövriyyəsi 300 milyon manata yaxın olmuşdur ki, bunun da 260 milyon manata yaxınını ixrac yönümlü məhsullar təşkil edir. Xarici ticarət dövriyyəsində idxal yönümlü məhsulların əsas hissəsi isə müasir informasiya-kommunikasiya texnologiyalarıdır. Qazanılan bu cür iqtisadi uğurlar rəqabətədavamlı məhsul istehsalı, sahibkarlıq mühitinin formalaşdırılması, balanslaşdırılmış daxili və xarici iqtisadi münasibətlərin qurulması, yeni istehsal müəssisələrinin yaradılması və ən əsası isə göstərilən yüksək dövlət qayğısı nəticəsində mümkün olmuşdur."
İqtisadi inkişaf naziri Şahin Mustafayev ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf strategiyasının Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirildiyini bildirib. Qeyd olunub ki, Naxçıvanda ardıcıl şəkildə həyata keçirilən uğurlu iqtisadi islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb. Bildirilib ki, son 15 ildə Naxçıvan Muxtar Respublikasında dinamik iqtisadi artıma nail olunub, əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılıb, iqtisadi inkişafın əsas göstəricilərindən biri sayılan özəl sektorun inkişafı təmin olunub. Muxtar respublikada yerli istehsalın genişlənməsi və müasir bazarın tələblərini ödəyən rəqabətqabiliyyətli məhsul istehsalının artması da bu sahədə həyata keçirilən düzgün iqtisadi siyasətin məntiqi nəticəsidir. Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və iqtisadi inkişaf naziri Şahin Mustafayev binanın açılışını bildirən lenti kəsiblər. Zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan binada 57 iş otağı, 67 yerlik iclas zalı, kitabxana və arxiv vardır.