Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın İtaliyaya və Vatikana səfəri yerli mətbuatda geniş işıqlandırılıb. Trend-in məlumatına görə, İtaliyanın "La Repubblica" qəzetinin 2 dekabr saylı nömrəsində "Operada Azərbaycanın müstəqilliyinin qeyd olunması ilə bağlı konsert" başlıqlı yazı dərc olunub. Məqalədə qeyd olunub ki, tədbirin fəxri qonağı Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iki ölkə arasında dostluğu möhkəmləndirmək üçün neçə gündür ki, bir sıra rəsmi görüşlər keçirir.
Məqalədə göstərilib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bir neçə gündür ki, Romada ölkəsinin müstəqilliyinin 20-ci ildönümü və İtaliya ilə əlaqəli bir sıra dostluq tədbirlərində iştirak edir.
"İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. YUNESKO-nun da xoşməramlı səfiri olan Mehriban Əliyeva keçirdiyi bir sıra rəsmi görüşlərdə də iki ölkə arasındakı əməkdaşlığı təsdiqləyib. İlk olaraq, dünən villa Mianidə kardinal Can-Franko Ravasi ilə görüşdə Müqəddəs Taxt-Tacla əlaqələrin gücləndirilməsi qeyd olunub. Bu münasibətlə kardinal iki ölkə arasında, o cümlədən mədəniyyət sahəsində mövcud olan güclü əlaqələri xatırlayaraq Vatikan kitabxanasında qədim Quran əlyazmaları da daxil olmaqla, 40-dan artıq Azərbaycan əlyazmasının bərpası ilə bağlı işlərin davam etdirildiyini vurğulayıb. Ravasi, həmçinin, ölkə rəhbərliyindən və Azərbaycanın birinci xanımından müqəddəs Piter və Markelinus roman katakombalarının bərpasına dəstək vermələrini xahiş edib və qədim xristian abidələri ilə bağlı belə bir işin müsəlman ölkəsi tərəfindən edilməsinin əhəmiyyətini qeyd edib. Sonra Prezident İlham Əliyevin xanımı İtaliya Baş nazirinin xanımı Elza Monti ilə görüşüb", - məqalədə yazılıb.
İtaliyanın məşhur "Corriere della Sera" qəzetində isə yazılıb ki, iqtisadi və mədəni cəhətdən İtaliyaya çox bağlı olan Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş böyük bayram tədbirləri Roma Opera Teatrında keçirilən konsertlə yekunlaşıb. Konsertdən əvvəl Azərbaycan Respublikası Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dostluq nişanəsi olaraq Romadakı mühüm bir abidənin bərpasına 100 min avro bağışlayacağını elan edib.
"Mən bu gün burada, dünya irsinin mərkəzində olmağımdan və sizinlə bu bayramı qeyd etməyimdən çox məmnunam. Mənim ölkəm gənc olmasına baxmayaraq, iqtisadi nöqteyi-nəzərdən çox böyük nailiyyətlər əldə edib", - Azərbaycanın birinci xanımı bildirdi, yazıda qeyd olunub.
"Azərbaycan Dövlət Kamera Orkestri və digər Azərbaycan qruplarının 100-ə yaxın musiqiçisinin, bu Asiya ölkəsinin xalq mahnıları və Vivaldinin əsərlərindən ibarət konserti bir çox ölkələrdən olan siyasi-iqtisadi xadimlərin və diplomatik korpusun nümayəndələrinin də daxil olduğu geniş tamaşaçı auditoriyası tərəfindən alqışlarla qarşılanıb. Həmin gün səhər Kirinale sarayında İtaliyanın dövlət başçısı Ciorcio Napolitano ilə görüşən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva daha sonra bir sıra digər görüşlər keçirib. Dekabrın 1-də xanım Əliyeva ilk xarici görüşünü keçirən İtaliya Baş nazirinin xanımı Elsa Antonioli Monti ilə də görüşüb. Hər iki ölkənin birinci xanımı Alqardi a Villa Doria Pamfili iqamətgahında təşkil olunmuş işgüzar səhər yeməyi zamanı bir araya gəliblər. İtaliya 5 ildir ki, Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Xüsusilə də fəal ikitərəfli iqtisadi-ticari əlaqələr sayəsində iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir", - "Corriere della Sera" qəzetində çap olunan yazıda bildirilib.
İtaliyanın Canicattiweb.com saytında 29 noyabr 2011-ci ildə yerləşdirilən məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müstəqilliyimizin 20-ci ildönümü ilə bağlı Roma Opera Evində təşkil olunacaq tədbirdə iştirak edəcəyi qeyd olunur, tədbirdə həmçinin xalça, foto, əlyazma və tətbiqi incəsənət nümunələrindən ibarət sərginin təşkil ediləcəyi, klassik, xalq və caz musiqisinin səslənəcəyi bildirilir. Yazıda İtaliyanın Azərbaycanın birinci ticarət tərafdaşı olduğu da vurğulanır.
AYTƏN