"Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim vətənimdir, Azərbaycan mənim həyatımdır. Həyatım boyu vətənimə, ölkəmə, xalqıma xidmət etmişəm. Mən bəxtəvərəm ki, xalqıma etdiyim xidmətlərim qiymətləndirilibdir." Bu ifadələrin müəllifi Azərbaycanın yaradıcısı və qurucusu Ümummilli Lider Heydər Əliyevdir. Azərbaycanın hər qarış torpağına ÖZ İMZASINI əməlləri ilə həkk edib. BU İSMİN məkanının coğrafiyasını genişlənib sərhədləri aşdı. Buna səbəb Onun Azərbaycana olan xidmətinin, Azərbaycançılıq ideologiyasının sədası oldu.
Milli mənsubiyyəti, milli-mənəvi dəyərləri, milli mədəniyyəti, ədəbiyyatı, incəsənəti, musiqini, folkloru sevən və dəyərləndirən Heydər Əliyev dövlətin çiçəklənməsində, onun dünya dövlətlərinə inteqrasiya olunmasında, bir dövlət olaraq varlığını sübut etməsində bu və ya digər dəyərlərə üstünlük verirdi. Uzun illər Azərbaycan dövlətinə rəhbərlik edən, onun hər daşına, torpağına bələd olan və azərbaycanlı olaraq bu məfhumlara bağlı olan Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq dövlətin müstəqilliyinin təmilinin möhkənməsində siyasi gücə, iqtisadi potensiala malik olması ilə yanaşı, milli-mənəvi dəyərlərin də vacibliyini diqqətə çəkilib. Heydər Əliyevin siyasi məfkurəsi nəticəsində Azərbaycanın milli- mənəvi dəyərlərinə önəm verildi və onun tarixi mədəniyyətini özündə ehtiva edən dəyərlərə xüsusi diqqət ayrıldı. Dünyanın hansı ölkəsində olursansa ol, öz xalqının varlığını sübut etmək üçün ilk olaraq onun tarixi, mədəniyyəti, dili ilə bağlı olan amilləri diqqətə çəkməlisən ki, bir vətəndaş olaraq dövlətin gücünü və qüdrətini təqdim edə biləsən. Eləcə də, Azərbaycana səfər edən kəsə ilk olaraq qısa tanışlıq çərçivəsində onun maddi və mənəvi dəyərlərini əks etdirən abidələri ilə tanış edib, eramızdan əvvəl mövcud olan tariximizin daş yaddaşını vərəqləyəsən. Bu baxımdan da Heydər Əliyev istər sovet məkanında yaşadığımız zaman, istərsə də müstəqillik illərində xalqın çoxəsrlik tarixinə xüsusi diqqət ayırmışdır.
Azərbaycan xalqı ötən əsrin 90-cı illərində bütün sahələrdə yaşanılan buxov və xaosdan xilas olaraq öz yolunu düzgün bir şəkildə istiqamətləndirdi. Bu, Heydər Əliyevin müdrik siyasətinin bariz nümunəsi olaraq ortaya çıxdı.
Heydər Əliyevin mədəniyyət siyasətinin əsasında tarix və mədəniyyət abidələrinin qorunmasına, onların elmi tətbiqi üçün zəruri qurumların yaradılmasına, fəaliyyətinin və inkişafının təmin edilməsinə, eləcə də, abidələrdən səmərəli istifadə üçün şərait yaradılması dayanırdı. O, bir-birinin ardınca "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Mədəniyyət haqqında" sərəncamları imzalayaraq milli mədəniyyətin qorunub saxlanması, onun inkişafına yardım göstərmiş oldu. Artıq milli mədəniyyət sahəsində həyata keçirilən fəaliyyət dövlətin himayəsində idi. Heydər Əliyev xalqımızın qədim tarixə, böyük mədəniyyətə malik olan xalq olduğunu qeyd edərək, bu dəyərləri xalqa çatdırmaqla onlarda vətənpərvərlik hissinin, azərbaycanlılıq hissinin yüksəldilməsinə nail oldu.
Təsadüfi deyil ki, bu gün Azərbaycan mədəniyyətinin mükəmməl nümunələri YUNESKO-nun dünyanın şah əsərləri sırasında yer alıb. Buna illər lazım idi ki, Azərbaycan milli dəyərləri, mədəniyyəti özünü bu şəkildə üzə çıxara bilsin. Heydər Əliyevin mədəniyyət siyasəti bunun reallaşmasına gətirib çıxardı. Əsası Heydər Əliyev tərəfindən qoyulan yol bu gün uğurla həyata keçirilir.
Dilə, dinə və mədəniyyətə diqqət yetirdiyi kimi, O, milli bayramları da, o cümlədən, Novruz bayramını da qoruyub saxlamışdır. Novruz bayramının YUNESKO-nun dünyanın şah əsərləri sırasında yer almasında Heydər Əliyevin rolunu vurğulamaq lazımdır. Bu, Onun ideologiyasının timsalında özünü təsdiqlədi. "Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara, aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir. Mehribanlıq və qardaşlıq tellərini gücləndirən bu bayram cəmiyyətdə xoş münasibətlər bərqərar edərək, onun üzvlərinin bir-birinə diqqət və qayğısını artırır" - deyən Heydər Əliyev bayramın əhəmiyyətini yüksək qiymətləndirirdi. Novruzu hər bir azərbaycanlının qəlbinin bayramı kimi qələmə verirdi.
Azərbaycan xalqının milli sərvəti olan İçərişəhər tarix-memarlıq qoruğunun qorunub saxlanılması, geniş təbliğ edilməsi və gələcək nəsillərə çatdırılmasında da Heydər Əliyevin rolunu vurğulamaq borcumuzdur. Bu, hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Memarlıq tariximizin daş ensiklopediyası olan İçərişəhərin qorunması ilə bağlı bir sıra əhəmiyyətli sənədlər qəbul olunmuşdur. Heydər Əliyevin "Bakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında" 17 fevral 2003-cü il Sərəncamı Ulu Öndərin göstərdiyi qayğıdır. İçərişəhər Tarix-Memarlıq Qoruğu paytaxtımızın əsrlərlə yaradılmış simasını özündə ehtiva edir. Tarixə diqqət etsək, görərik ki, müdafiə xarakterli qala divarlarının ucaldılması ölkənin təbii sərvətlərinin zənginliyinə, öz dövrü üçün inkişaf etmiş iqtisadi-sosial durumun təşəkkül tapmasına dəlalət edir. Bakının ən qədim, vaxtilə bütövlükdə qala divarları ilə əhatə olunmuş hissəsi İçərişəhərdə müdafiə, dini ibadət, ictimai və məişət xarakterli bir sıra tikililərin və qurğuların olması memarlıq məktəblərinin yüksək peşəkarlıq səviyyəsindən xəbər verir. Öz adlarını İçərişəhərin daş kitabələri üzərində həkk etmiş qədim Azərbaycan memarları və sənətkarlarının zəkası və zəhməti ilə açıq səma altında yaradılmış bu "muzey-şəhər" hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi doğurur. Belə bir abidəyə diqqət Heydər Əliyev tərəfindən sovet dövründə göstərilmişdir. Onun qərarına əsasən, 1977-ci ildə Azərbaycanın tarix-memarlıq qoruğuna çevrilmiş, sonralar isə onun ərazisi Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir. 2000-ci il dekabrın 2-də YUNESKO-nun "Dünya İrs Siyahısı"na daxil edilmiş İçərişəhər təkcə Azərbaycanın deyil, bütövlükdə, dünya şəhərsalma sənətinin nadir nümunələrindəndir.
Heydər Əliyev İçərişəhəri Azərbaycan xalqının tarixinin, o cümlədən, onun milli dövlətçilik tarixinin bir çox açılmamış səhifələri haqqında, zəngin mənəvi və maddi sərvətlər xəzinəsi barədə dəyərli, mötəbər məlumatlar verən və tədqiqinə hələ də ehtiyac duyulan tükənməz mənbə kimi qiymətləndirirdi.
Heydər Əliyevin mədəniyyət siyasətinin əsasında Azərbaycan folklor nümunələrinə də diqqət ayrılırdı. Ümummilli Liderin "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" imzaladığı Sərəncam Onun milli-mənəvi dəyərlərimizə qarşı olan növbəti diqqətini əsaslandıran faktordur. 2003-cü ildə təsdiqini tapan sənəd folklor nümunələrinin hüquqi qorunması sahəsində, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması, Azərbaycan xalqına məxsus folklor nümunələrinin xarici dövlətlərin ərazilərində hüquqi qorunması məqsədilə beynəlxalq əməkdaşlığa şəraitin yaradılmasına geniş imkanlar açdı.
Bu və ya digər faktlar Heydər Əliyevin Azərbaycan milli-mənəvi dəyərlərinə, mədəniyyətinə olan diqqətinin bir nümunəsidir. Bütün ömrünü xalqın inkişaf və tərəqqisinə həsr edən Ulu Öndər bu dəyərlərin qorunub saxlanılması istiqamətində böyük işlər görmüş və bizə bir məktəb yaratmışdır. Heydər Əliyev məktəbi. Bu məktəbdən keçən kəs vətəni, Azərbaycanın böyüklüyünü və aliliyini dərk edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev bizə azərbaycançılıq kimi dərin bir fəlsəfi konsepsiyanı bəxş edərək, Azərbaycan dilini, Azərbaycan tarixini, Azərbaycan mədəniyyətini və milli-mənəvi dəyərlərimizi qorumağı dönə-dönə tövsiyə etmişdir.
NƏZAKƏT ƏLƏDDİNQIZI