Dünən Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının VII konfransı keçirildi. Tədbirdən öncə konfrans nümayəndələri və qonaqlar partiyanın qurucusu və yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin Biləsuvar rayonunun mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad etdilər.
Rayon mədəniyyət evinin akt zalında keçirilən konfransda YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev təşkilatın VI konfransından ötən dövr ərzində görülən işlərdən, nailiyyətlərdən və uğurlardan bəhs edən hesabat məruzəsi ilə çıxış etdi. K.Mirzəyev Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayaraq, onu da qeyd etdi ki, hazırda aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmiz dünya ölkələri sırasında lider dövlət kimi tanınır: "Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla irəli aparan möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının praqmatik, qətiyyətli və çevik siyasəti sayəsində bütün sahələrdə möhtəşəm uğurlara nail olmuşdur. Ölkəmizdə həyata keçirilən nəhəng quruculuq və abadlıq işləri daha geniş vüsət almışdır. Bu gün konfransımızda iştirak edənlərin əksəriyyəti Azərbaycanın son 20 illik tarixinin canlı şahididirlər və təsdiq edə bilərlər ki, bu gün əhalinin əhval-ruhiyyəsini ötən əsrin 90-cı illərinin əvvəlləri ilə heç cür müqayisə etmək olmaz. Ən başlıcası isə ondan ibarətdir ki, bu illər ərzində əldə etdiyimiz böyük uğurlardan biri xalqımızın sabaha olan inamının artmasıdır".
Məruzəçi bir amilə də diqqət çəkərək bildirdi ki, Naxçıvan bölgəsindən sonra Yeni Azərbaycan Partiyası rayon təşkilatı ilk dəfə Biləsuvar rayonunda yaradılıb. Bu isə biləsuvarlıların Ulu Öndər Heydər Əliyev siyasi kursuna sadiq olduqlarını bir daha nümayiş etdirib. K.Mirzəyev xüsusilə onu da vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyev siyasətinin alternativi olmadığı kimi, ölkədə və Yeni Azərbaycan Partiyasına rəhbərlikdə, eləcə də dünyanın siyasət aləmində böyük hörmət və nüfuz qazanmış İlham Əliyevin qələbələrinin də alternativi yoxdur: "Bu amil xalqımızın möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına dərin inamından, etimad və məhəbbətindən qaynaqlanır. Çünki xalqımız Prezident İlham Əliyevin simasında Ümummilli Liderimiz Heydər Əliyevin başladığı nəhəng işlərin davamçısını, XXI əsrdə Azərbaycanı yeni-yeni zirvələrə aparan görkəmli Liderini görür. Yeni Azərbaycan Partiyasının yarandığı vaxtdan bəri ölkəmizdə keçirilən bütün seçki kampaniyalarında parlaq qələbə çalaraq, qalib çıxması bu yolun düzgünlüyünə ən yaxşı sübutdur".
K.Mirzəyev onu da bildirmişdir ki, hazırda YAP Biləsuvar rayon təşkilatı özündə 68 ərazi ilk partiya təşkilatını birləşdirir. Hesabat dövründə partiya üzvlərinin sayı 1904 nəfər və ya 47 faiz artaraq 4056 nəfərə çatmışdır. Partiya üzvlərinin 33 faizini, yəni 1326 nəfərini qadınlar, 36 faizini və ya 1448 nəfərini gənclər təşkil edir. Son vaxtlar Yeni Azərbaycan Partiyasının rayon təşkilatı ərazi ilk təşkilatlarla əlaqələrini daha da canlandırıb, təşkilati-partiya və ideoloji işin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılıb, partiya sıralarına qəbul olunanların keyfiyyət tərkibinə ciddi diqqət yetirilibdir. Təşkilat üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər.
Konfransda YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolunu və xidmətlərini göstərmiş, YAP rayon təşkilatına gələcək fəaliyyətində nailiyyətlər arzulayıblar.
Natiqlər qeyd etmişlər ki, hazırda Yeni Azərbaycan Partiyası ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrilmişdir. Onlar partiyanın yaradıcısı və ilk rəhbəri Ümummilli Liderimiz Heydər Əliyevin tarixi xidmətləri barədə danışaraq hazırda Ulu Öndər Heydər Əliyev ideyalarının Partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən layiqincə davam etdirildiyini önə çəkiblər.
Qeyd edək ki, konfransda YAP Mərkəzi Aparatının məsul işçisi Mirkamal Seyidov da iştirak edibdir. Sonra konfransda təşkilati məsələlərə baxılıbdır. Kamil Mirzəyev yenidən Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri seçilibdir. Konfransda, eyni zamanda, 27 nəfər tərkibdə rayon təşkilatının şurası, 15 nəfərlik idarə heyəti və 5 nəfərdən ibarət nəzarət- təftiş qrupu seçilibdir.
Konfransda partiya üzvlüyünə qəbul edilən bir qrup gəncə üzvlük vəsiqəsi təqdim edilib, rayon təşkilatının işində fəallıq göstərən partiya üzvlərinə fəxri fərman və mükafatlar verilibdir.
Sonda konfrans nümayəndələri Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarına müraciət qəbul ediblər.
RÖVŞƏN RƏSULOV