Dünən Azərbaycan Dövlət Sərhəd Xidməti aparatında Ümummilli Liderimiz Heydər Əliyevin anım mərasimi keçirilib. Tədbirdə çıxış edən DSX rəisinin müavini, general-mayor Fərhad Tağızadə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışıb. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkədə ordu quruculuğu və təhlükəsizlik sahəsində mühüm addımların atıldığını qeyd edib: "Ulu Öndərin hakimiyyətə qayıdışı və cəbhə xətti boyunca atəşkəsə nail olması dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, silahlı qüvvələrdə də köklü və əsaslı islahatların aparılmasına imkan yaratdı. Silahlı qüvvələrdə həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, döyüş hissələrinin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması, qoşun hissələrinin siyasi, eləcə də, təxribatçılıq ünsürlərindən təmizlənməsi Azərbaycan Ordusunu, ölkəmizin silahlı qüvvələrini keyfiyyətcə yeniləşdirdi, modernləşdirməyə doğru apardı. Ümummilli Lider Heydər Əliyevin silahlı qüvvələrə göstərdiyi diqqət və qayğının önəmli nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı öncəki illərdən fərqlənərək əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, hərbi birləşmələrin və hərbi hissələrin maddi-texniki, təbii, səyyar və digər vasitələrlə təmin edilməsi təşkil olunurdu. Ölkəmizin silahlı qüvvələrinə tələb olunan silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vəsaitlərin istehsal olunması üçün sifarişlərin Azərbaycan Respublikasının sənaye müəssisələrində yerləşdirilməsi ölkə iqtisadiyyatının inkişafına da təkan verdi. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi". Görüşdə kinorejissor Vaqif Mustafayev isə Ümummilli Liderimiz Heydər Əliyevlə bağlı xatirələrini DSX-nin zabitləri ilə bölüşüb. V.Mustafayev filmin hazırlanması haqqında onu da vurğulayıb ki, bu film yalnız onun yaradıcılığı deyil, həm də onun mövqeyidir: "Bu, təkcə mənim yaradıcılığım deyil, həm də mövqeyimdir. Yaradıcılıqla mövqe bir araya gələndə nəticə uğurlu alınır".
Sonda V.Mustafayevin Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Dövlət" filmi nümayiş etdirilib.
Aytən Səmədova