PDF Oxu

Əsas

  • 24

Heydər Əliyev ideyaları yaşayır və əsrlər boyu yaşayacaqdır

Görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü ilə əlaqədar dekabr ayının əvvəlindən başlayaraq şəhərimizin idarə və müəssisələrində, təhsil, səhiyyə, elm və mədəniyyət ocaqlarında keçirilən silsilə tədbirlər möhtəşəmliyi, məzmun və mahiyyət dolğunluğu ilə diqqət çəkdi. Ziyalılar, ağsaqqallar, qadınlar, tələbə və gənclər, şəhərimizin qonaqları axın-axın, əllərində gül-çiçək dəstələri ilə Gəncənin baş meydanına gələrək, ulu öndərin əzəmətli abidəsi önündə ehtiramla baş əydilər, ürəklərində sevgi və rəğbət duyğuları ilə dahi şaxsiyyətin əziz xatirəsini qeyd etdilər.

Dekabrın 12-də səhər tezdən Gəncə sakinləri hər zaman müqəddəs tutduqları məkanda -Heydər Əliyevin abidəsi önündə toplaşmağa başladılar. Azərbaycanın Dövlət Himni səsləndikdən sonra izdiham hərəkətə gəldi. İlk öncə İcra Aparatının məsul işçiləri, YAP Gəncə şəhər Təşkilatı İdarə Heyətinin və Şurasının üzvləri abidənin önünə təzə-tər gül-çiçək dəstələri qoyaraq, ümummilli liderin əziz xatirəsini hörmət və ehtiramla yad etdilər. Sonra şəhərin bütün kollektivləri, tələbə və müəllimlər, partiya fəalları, ictimaiyyətin nümayəndələri adından abidə önünə gül-çiçək dəstələri düzüldü.

Heydər Əliyevin anım günü ilə bağlı ən yaddaqalan tədbirlərdən biri də Gəncə şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının birgə keçirdikləri elmi-praktik konfrans oldu.

"Heydər Əliyev ideyaları yaşayır və əsrlər boyu yaşayacaqdır" mövzusunda elmi-praktik konfransı giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, müdrik siyasəti, bu siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsindən ətraflı bəhs etmişdir.

Ulu öndərin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilmişdir. İcra Başçısı sözünə davam edərək bildirmişdir ki, xalqımızın böyük oğlu Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi gün müstəqil Azərbaycanın həyatında əlamətdar bir dövrə təsadüf edir. Müstəqil dövlətçiliyimizin güclənməsi və qüdrətlənməsi, sosial-iqtisadi inkişafın sürətlənməsi, dünyada analoqu olmayan bir səviyyəyə çatması, əhalinin rifahının yüksəlməsi, demokratikləşmə prosesinin dərinləşməsi ilə səciyyələnən bu dövrün bütün uğur və nailiyyətlərinin möhkəm bünövrəsi vardır. Bu bünövrə Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsində möhtəşəm dövlətçilik fəaliyyəti ilə xalqımızın taleyini müəyyənləşdirən ulu öndərimiz tərəfindən qoyulmuşdur.

Dahi rəhbər Heydər Əliyev Moskvada işlədiyi vaxtlarda da daim Azərbaycanı düşünmüş, onun taleyi ilə yaşamış, doğma respublikanın yalnız keçmiş SRRİ məkanında deyil, həmçinin dünyada tanıdılması üçün əlindən gələni etmişdir.

Görkəmli dövlət xadimi Heydər Əliyev 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, dinc Azərbaycan xalqına silah işlədilməsini qətiyyətlə pisləmişdir. Heydər Əliyev Dağlıq Qarabağda yaranmış münaqişəli vəziyyətlə bağlı mərkəzin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

Ümummilli lider 1990-cı ilin iyulunda Azərbaycana qayıdıb Naxçıvanda yaşamış, elə həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1992-ci ildə isə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

1993-cü ilin may-iyununda dövlət böhranının, hakimiyyətsizliyin, başı- pozuqluğun kulminasiya nöqtəsinə çatması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Bu, əsl mənada milli hərəkata çevrildi. Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməli oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycanın Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il 15 iyun Azərbaycanın tarixinə Qurtuluş Günü kimi yazıldı.

Ümummilli liderin dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsində də böyük xidmətləri vardır. Təkcə bir faktı qeyd edək ki, Naxçıvan MR Ali Məclisinin sədri işləyərkən Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Ali Məclis dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Bunun məntiqi davamı olaraq, Heydər Əliyev Azərbaycan Prezidenti kimi xarici dövlətlərə rəsmi səfərləri zamanı istisnasız olaraq hər bir ölkədə yaşayan soydaşlarımızın nümayəndələri ilə görüşlər keçirir, diasporumuzun formalaşması və təşkilatlanması, onların azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi üçün əzmlə səy göstərirdi.

Bu yaxınlarda BMT Təhükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən doğma Azərbaycanımız böyük Heydər Əliyevin siyasi kursunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində daha möhtəşəm qələbələrə imza atacaq, dünyanın aparıcı dövlətləri sırasında daim tərəqqidə, yüksəlişdə olacaqdır.

YAP Gəncə şəhər Təşkilatının sədri, professor İsrafil İsmayılov "Heydər Əliyevin idarəçilik modeli real həyatda: Gəncənin inkişafının yeni intibah dövrü" mövzusuna həsr olunmuş məruzəsində qeyd etdi ki, bu gün cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin genişmiqyaslı inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma Vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişiliklər məhz ulu öndərin müəyyənləşdirdiyi yolun layiqincə davamıdır. Bu yüksəliş Heydər Əliyevin həm də uzaqgörən bir strateq olaraq müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.

Ulu öndər Heydər Əliyev həmişə Gəncə şəhərinə xüsusi diqqət və qayğı göstərmişdir. Onun "Gəncə hər bir vətənpərvər azərbaycanlı üçün doğma və əzizdir" ifadəsi hər bir gəncəli üçün qürur mənbəyinə çevrilmişdir. İntibah dövrünü yaşayan şəhərimizdə aparılan quruculuq, abadlıq işlərindən, ideoloji təbliğat və vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərdən söz açmaq yerinə düşərdi. Ölkəmizdə gedən davamlı inkişaf prosesində Gəncə şəhəri ön sırada gedir. Elmi-praktik konfransda ADAU-nun dosenti Nizami Əlizadə "Heydər Əliyev Müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyasının banisidir", Gəncə REM-in direktoru Fuad Əliyev "Heydər Əliyev və Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsi", GDU-un professoru Həsənbala Sadıqov "Prezident İlham Əliyevin xarici siyasəti və Azərbaycanın müasir tarixinin uğurları", GDU-nun Musiqi Kafedrasının müdiri Sevda Qurbanəliyeva "Heydər Əliyev Fondunun missiyası Azərbaycanın beynəlxalq nüfuzunu yüksəldir", Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Mikayıl Zeynalov "Azərbaycanda Gənclər siyasətinin yeni mərhələsi" mövzularında çıxış etdilər.

Süsən Tağıyeva, YAP Gəncə şəhər Təşkilatı

Digər xəbərlər