PDF Oxu

Əsas

  • 38

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsi ilə bağlı anım mərasimi keçirildi

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsi ilə bağlı anım mərasimi keçirildi

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı dekabrın 10-da Yeni Azərbaycan Partiyasının üzvləri Fəxri Xiyabana gələrək Ulu Öndərin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur. Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə tər güllər düzülmüşdür.

Sonra tədbir Milli Təhlükəsizlik Nazirliyinin Şəhriyar adına Mədəniyyət Mərkəzində davam etdi. Anım mərasimində YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, millət vəkiləri, dövlət rəsmiləri, partiya üzvləri və digərləri iştirak etdi.

Mərasimdə çıxış edən YAP Sədrinin müavini, YAP İcra katibi, millət vəkili Əli Əhmədov xalqımızın Ümummilli Lideri Heydər Əliyevi daim böyük hörmət və ehtiramla xatırladığını bildirdi. Əli Əhmədov qeyd edərək vurğuladı ki, Azərbaycan xalqının Heydər Əliyevə hörməti və ehtiramı hər şeydən əvvəl Onun xalqımızın və dövlətimizin qarşısında misilsiz xidmətlərinə bir daha yüksək qiymət verməsinin ifadəsidir. Ə.Əhmədovun sözlərinə görə, xalqımız heç zaman unutmur və unutmayacaq ki, müasir Azərbaycan tarixi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır: "Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəri kimi yaşayır və bundan sonra da yaşayacaq. Eyni zamanda, xalqımızın Heydər Əliyev şəxsiyyətinə hörmət və ehtiramı Azərbaycanın dövlətçiliyinə olan hörmət və ehtiram kimi qavranılır. Bu gün hər bir vətəndaş Heydər Əliyev ideyalarına, Onun müəyyənləşdirdiyi siyasətə inamını ifadə edir və Azərbaycan Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedir. Bu gün də Heydər Əliyev ideyaları Azərbaycan dövlətinə, xalqına xidmət edir, hər birimiz bu ideyalardan bəhrələnir və faydalanırıq. Eyni zamanda, indiki Azərbaycanı göz önünə gətirərkən müstəqil dövlətimizin yaranması istiqamətində Ümummilli Liderimiz Heydər Əliyevin titanik səyləri hər bir insanın yaddaşlarında bir daha canlanır. Hazırda Azərbaycanın tarixi uğurlarını görərək bu uğurların təməlinin yaranmasında Heydər Əliyevin həyata keçirdiyi islahatları göz önümüzə gətirir və bir daha bunu qiymətləndiririk. Bugünkü Azərbaycanın rifahını, sabitlik və əmin-amanlığını qiymətləndirən hər bir vətəndaş Heydər Əliyevin ölkəmizi xaosdan, anarxiyadan xilas etməsi istiqamətində titanik səylərini göz önündə canlandırır. Təbii ki, bugünkü Azərbaycanın firavanlığını, gündən-günə inkişaf edən iqtisadiyyatını, rifah halının yüksəlməsini görən vətəndaşlar bütün bunların əsasında dayanan Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu tarixi neft strategiyasını xatırlayır və bütün bunlara görə Heydər Əliyevə bir daha minnətdarlığını ifadə edir".

Əli Əhmədov, həmçinin, onu da söylədi ki, Ulu Öndər Heydər Əliyev xalqımızın qəlbində həmişə yaşayır və yaşayacaqdır: "Ulu Öndər Heydər Əliyev haqqında kitablar, poemalar, dastanlar yazılır, filmlər çəkilir. Yeni Azərbaycan Partiyasının bugünkü tədbiri də Ümummilli Lider Heydər Əliyevin xatirəsinin anılmasına həsr olunub. Bu tədbirdə kinorejissor Vaqif Mustafayevin Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Heydər Əliyev" filminin "Dövlət" adlı yeni - 11-ci seriyası təqdim olunacaq. Biz Heydər Əliyevin anım günündə bu filmin ilk tamaşaçılarıyıq. Bu tədbirə çoxlu sayda gəncləri də dəvət etmişik. Hesab edirik ki, gənclər bu filmə tamaşa etməklə bir daha Heydər Əliyev ideyalarına, Onun xalqımız qarşısındakı xidmətləri haqda sənədli materiallarla, insanların xatirələri ilə tanış ola biləcəklər. Beləliklə, gənclərin Heydər Əliyev ideyalarına, Heydər Əliyev şəxsiyyətinə və dövlətçiliyinə bağlılığının daha da möhkəmlənməsində bu film əhəmiyyətli rol oynayacaq".

Ə.Əhmədov bildirib ki, filmin nümayişinə partiyanın tanınan simaları ilə yanaşı, gənclər də dəvət olunub.

Daha sonra mərasim iştirakçıları filmə tamaşa etdilər.

Mərasimdə Vaqif Mustafayevin Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Heydər Əliyev" filminin "Dövlət" adlı 11-ci seriyası nümayiş etdirildi.

Daha sonra mərasim iştirakçıları filmə tamaşa ediblər.

Sonra filmin müəllifi Vaqif Mustafayev çıxış edərək, YAP rəhbərliyinə bu tədbiri təşkil etdiyi üçün təşəkkürünü bildirdi. V.Mustafayev filmin hazırlanması haqqında onu da vurğuladı ki, bu film yalnız onun yaradıcılığı deyil, həm də onun mövqeyidir: "Bu, təkcə mənim yaradıcılığım deyil, həm də mövqeyimdir. Yaradıcılıqla mövqe bir araya gələn də nəticə uğurlu alınır".

Milli Məclisin deputatı Fəttah Heydərov çıxışında Ulu Öndər Heydər Əliyevin xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğunu bildirdi. F.Heydərov çıxışında onu da vurğuladı ki, Azərbaycan xalqı belə görkəmli şəxsiyyəti, ölümündən sonra əbədilik qazanan Heydər Əliyev kimi övladı olduğuna görə fəxr etməlidir: "Ümummilli Liderimiz 8 ildir aramızda olmasa da, bu gün Onun həyatına, fəaliyyətinə həsr olunmuş kitablar yazılır, filmlər çəkilir, mahnılar bəstələnir. Bu gün Azərbaycanda Heydər Əliyevin başladığı işlərin davam etməsi nəticəsində xalqımız yeni-yeni nailiyyətlərə, uğurlara sahib olub. Ölkəmizdə gedən böyük quruculuq işləri, insanların maddi rifahının yaxşılaşması, Azərbaycanımızın gözəlləşməsi Heydər Əliyevin adı ilə bağlıdır".

Ümummilli Liderimiz Heydər Əliyevin bütün həyatını, varlığını öz mənsub olduğu doğma xalqına həsr etdiyini deyən F.Heydərov, həmçinin, onu da söylədi ki, Ulu Öndərimiz Azərbaycanın müstəqilliyinin əldə olunmasında, dövlətçilik ənənəsinin yaradılmasında, dövlətin qurulmasında, qorunub saxlanılmasında bütün zəkasını, gücünü və nüfuzunu səfərbər etdi. "Ulu Öndər Heydər Əliyev üçün əsas prinsip insanlara yaxşılıq, onlara düzgün yol göstərmək, dövlətin güclənməsi, vətəndaşın öz torpağına, xalqına qarşı məsuliyyətini hiss etməsi idi. Yüz illər ötsə də, Heydər Əliyev nuru daim Azərbaycana işıq saçacaq".

Eyni zamanda, F.Heydərov bu filmin Heydər Əliyev şəxsiyyətinin nə qədər böyük olduğunu təsdiqlədiyini bildirdi və filmin müəllifinin zəhmətini yüksək qiymətləndirdi.

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov isə bu filmin real tarixi əks etdirdiyini dedi: "Film təkcə indiki nəsil üçün deyil, gələcək nəsillər üçün də böyük əhəmiyyətə malikdir. Ulu Öndər deyirdi ki, nə qədər Azərbaycan var, mən də olacağam. Bu film böyük Öndərimizin həmin fikrini bir daha təsdiq etdi".

E.İbrahimov gələcəkdə V.Mustafayev tərəfindən Yeni Azərbaycan Partiyası ilə bağlı filmin hazırlamasını da arzuladı: "Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın çətin anlarında partiyamız yarandı və o dövrdən xalqa şərəflə xidmət edir. Arzu edirəm ki, məhz həmin proseslərlə əlaqədar da film hazırlansın".


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər