"10 dekabr Beynəlxalq İnsan Hüquqları Günüdür. 1948-ci il dekabr ayının 10-da İnsan hüquqları haqqında ümumi Bəyannamə qəbul edilib. Bu bəyannamənin qəbulu beynəlxalq miqyasda insan hüquqları günü kimi qeyd olunur. Həmin günlə əlaqədar ABŞ rəhbərləri, prezidenti və ya dövlət katibi hər il müraciətlə çıxış edir. Biz çox təəssüf edirik ki, ABŞ dövlət katibi Hillari Klinton beynəlxalq insan hüquqları günü ilə bağlı bəyanatında obyektivlikdən uzaq olaraq Azərbaycanın adını da mənfi halda çəkib". Bu fikirləri KİV nümayəndələrinə açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı onu da vurğulayıb ki, ABŞ-ın rəsmi şəxsləri və beynəlxalq təşkilatların nümayəndələrinin bu tipli açıqlamalarının arxasında heç də insan haqlarını qorumaq deyil, ayrı məqsədlər dayanır. Onun sözlərinə görə, Azərbaycan İnsan hüquqları haqqında Bəyannaməni ratifikasiya edib və konstitusiyamızda ölkəmizin söykəndiyi insan haqları ilə bağlı prinsiplər ümumi bəyannamədən irəli gələn müddəaları özündə əks etdirir: "İndi bu və ya digər ölkəyə irad tutmaq üçün həmin dövlətin özü gərək nümunə göstərsin. Ancaq təəssüf ki, ABŞ bu barədə nümunə olacaq ölkə sayılmır. Çünki 1948-ci ildə qəbul edilən və 30 maddədən ibarət olan bu sənəd hələ də ABŞ Konqresi tərəfindən ratifikasiya edilməyib. 60 ildən çox vaxt keçsə də, ABŞ Konqresi bu məsələni hələ də rəsmi sənəd kimi qəbul etməyib. 1954-cü ildə ABŞ Senatında müzakirələr gedib və həmin müzakirələr zamanı bu sənədə Senat 5 düzəliş edib. Bu düzəlişlər bütövlükdə sənəddə insan hüquq və azadlıqları ilə əlaqədar sosial, siyasi və s. azadlıqla əlaqədar məsələləri təhrif etdiyinə və sənədin ümumi məğzinə ziyan vurduğuna görə, BMT bu sənədin ABŞ tərəfindən qəbul edilmədiyini birmənalı şəkildə ifadə edib. ABŞ-da bir sıra QHT-lər Konqresdə bu sənədin ratifikasiya olunmasına çalışmaqdadırlar. Xüsusilə, Vyetnam müharibəsinin getdiyi dövrdə bu sənədin ABŞ tərəfindən qəbul edilməməsi çoxlu sayda insanların müharibədə iştirak etmədiyinə görə həbsinə gətirib çıxardı. Eyni zamanda, bu gün ABŞ-da sosial hüquqlar uğrunda mübarizə aparan Amerika vətəndaşları həbs edilirlər. Amma vətəndaşlar bu həbslərə qarşı lazımi səviyyədə beynəlxalq hüquq müstəvisində mübarizə apara bilmirlər. Çünki ABŞ bu sənədə qoşulmayıb. Sonra bəyannaməyə müvafiq olaraq 1966-cı ildə BMT insan və vətəndaş azadlıqları ilə bağlı 10 pakt qəbul edib. Bu sənədlər dünyanın aparıcı, demokratik ölkələrinin parlamentlərində təsdiq olunub. Amma ABŞ-da bu sənədlərdən yalnız 3-ü ratifikasiya olunub. Birləşmiş Ştatlar nə Uşaq Konvensiyasını, nə Sosial Konvensiyanı, nə də insan hüquqları ilə bağlı digər sənədləri qəbul edib. Baxmayaraq ki, ABŞ Konstitusiyasında bəzi müddəalarla həmin sənədlər arasında oxşarlıq var, amma yenə də ABŞ Konqresi bu sənədləri ratifikasiya etmir. İndi sual olunur: beynəlxalq səviyyədə insan hüquq və azadlıqlarının təməl prinsipləri olan sənədləri qəbul etməyən bir ölkənin başqa ölkələri insan hüquq və azadlıqlarını pozmaqda ittiham etməsi nə dərəcədə məntiqlidir? Əgər ABŞ da bu sənədlərə qoşulmuş olsaydı, onda bu gün sosial hüquqları uğrunda mübarizə aparan və Nyu-Yorkda aksiyalar keçirən ABŞ vətəndaşları atların təpikləri altına salınmazdı və bir gündə 600 nəfər həbs olunmazdı. Əlbəttə, bu dediklərim Amerika dövləti əleyhinə deyil, bunlar ABŞ-da fundamental insan hüquqları ilə bağlı sənədlərin qəbul edilməməsini faktlarla göstərməkdir".
M.Qurbanlı, həmçinin, bildirib ki, istər xanım Klintonun, istərsə də ABŞ-ın digər rəsmi şəxslərinin bəyanatlarında Azərbaycanın adının mənfi yöndə hallandırılımasında məqsəd heç də insan hüquq və azadlıqlarını qorumaq mənasını kəsb etmir. Onun fikrincə, belə bəyanatların əsasında yalnız geopolitik maraqlar dayanır və həmin maraqlar naminə Azərbaycanın adı bu cür hallandırılır: "Azərbaycanla Afrikanın totalitar, diktatura və geridə qalmış, heç bir siyasi hüquq və azadlığı olmayan ölkəsini bir sırada göstərmək tam ədalətsizlikdir, qeyri-obyektivdir. Biz bu yanaşmanı qərəzli hesab edirik. Azərbaycanda insan hüquq və azadlıqları konstitusiya müddəaları ilə tam qorunur. Dövlətimiz insan hüquqlarının təminatını özünün ali prinsipi kimi qəbul edir".
R.HÜSEYNOVA