PDF Oxu

Əsas

  • 34

Milli Məclisin növbəti plenar iclası keçirilib

Milli Məclisin növbəti plenar iclası keçirilib

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açıq elan edərək, gündəlikdə 11 məsələnin olduğunu bildirdi. Gündəlikdə olan birinci məsələ - "Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında" Sazişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi ilə bağlı məlumat verən parlamentin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədr müavini Sevinc Fətəliyeva məlumat verdi. Sonra qanun layihəsi millət vəkillərinin səs çoxluğu ilə təsdiq olundu.

Gündəlikdə olan ikinci və üçüncü məsələlər - "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" Sazişin təsdiq edilməsi barədə" və "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihələri barədə Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Parlament hər iki məsələyə müsbət münasibət bildirdi.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Respublikası Milli Məclisinin 1997-ci il 30 dekabr tarixli 421-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" qanun layihəsi barədə məlumat verdi. Qısa müzakirədən sonra qanun layihəsi təsdiqləndi.

Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsini də müzakirəyə təqdim etdi. Layihəyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 163.0.13-cü maddəsi ləğv olunur və 163-1-ci maddə əlavə edilir. Dəyişikliklərə əsasən hüquqi şəxslərə məxsus olan iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə, vəzifəli şəxslər 1200 manatdan 1500 manatadək miqdarda, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək miqdarda cərimə ediləcək. Başqa bir dəyişikliklə, bu maddədə nəzərdə tutulan hal istisna olmaqla, hüquqi şəxs tərəfindən iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə vəzifəli şəxslər 1200 manatdan 1500 manatadək miqdarda, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək miqdarda cərimə ediləcək. Bu maddənin 163-1.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxs tərəfindən ona məxsus olan iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə 600 manatdan 700 manatadək miqdarda, eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ 6 aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla fiziki şəxslər 1000 manatdan 1200 manatadək miqdarda, vəzifəli şəxslər 1800 manatdan 2 min manatadək miqdarda, hüquqi şəxslər 5500 manatdan 6 min manatadək miqdarda cərimə ediləcək.

Dəyişikliklər layihəsi səsçoxluğu ilə təsdiq olundu.

İclasda "Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında", "Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında", "Xaçmaz rayonunun Niyazoba və İlxıçı Həsən Əfəndi bələdiyyələrinin tərkibində dəyişikliklər edilməsi haqqında" və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə" qanun layihələri ilə bağlı Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə məlumat verdi. Adları çəkilən qanun layihələri də təsdiq olundu.

Daha sonra iclasda "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olundu. Layihə barədə Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov ətraflı məlumat verdi. Bildirdi ki, qanun layihəsi Milli Məclisə Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə təqdim edilib. Layihənin preambulasında qeyd edilir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsinin qaydalarını müəyyən edir.

Ziyafət Əsgərov qeyd etdi ki, bu gün ordu quruculuğu və Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Vətənimizin müdafiə qabiliyyətinin artırılması daim diqqət mərkəzindədir. Hazırda büdcədən ayrılan vəsaitlər hesabına ordumuzun maddi-texniki və silah-sursat təchizatı gücləndirilir, müdafiə sənayesi kompleksi Silahlı Qüvvələrimiz üçün zəruri olan silah növləri istehsal edir. Bu gün Silahlı Qüvvələrimiz yüksək döyüş qabiliyətinə, mənəvi-psixoloji durumuna və intizamına görə hər hansı hərbi təcavüzün qarşısını almaq iqtidarandadır. Əlverişli, eyni zamanda, mürəkkəb və təhlükəli geosiyasi məkanda yerləşən Azərbaycan Respublikasının Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilmişdir. Bu yaxınlarda ABŞ-da çıxan nüfuzlu hərbi nəşrdə hərbi ekspertlərin Azərbaycan Ordusunun bütün parametrlərinə və göstəricilərinə görə Ermənistan ordusundan üstün olduğu qənaətinə gəldikləri bildirilmişdir.

Z.Əsgərov daha sonra bildirdi ki, ordu quruculuğunun mühüm şərtlərindən biri də bu sahədə hüquqi bazanın daha da gücləndirilməsi və normativ sənədlərin qəbul edilməsidir. Ölkəmizdə indiyədək bu sahədə xeyli qanunlar qəbul olunsa da, bir sıra qanunların bəzi müddəaları artıq müasir tələblərə cavab vermir.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanununun qəbul edilməsinin hansı zərurətdən irəli gəlməsindən danışan Milli Məclis Sədrinin birinci müavini dedi ki, Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" və "Hərbi xidmət haqqında" qanunlar 1992-ci ildə qəbul olunmuşdur. Sonrakı illərdə bu qanunlara bir sıra əlavə və dəyişikliklər edilsə də, onların bir sıra müddəaları artıq köhnəlmişdir. Digər tərəfdən Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunduğundan yeni qanun konstitusiya ilə uyğunlaşdırılmalıdır. Azərbaycan Silahlı Qüvvələri inkişafının elə mərhələsinə qədəm qoymuşdur ki, bu zaman yeni reallıqlar hökmən nəzərə alınmalıdır.

Qanun layihəsinin 9 fəsil və 54 maddədən ibarət olduğunu deyən Ziyafət Əsgərov fəsillər üzrə layihə barədə məlumat verdi.

Müzakirələr zamanı deputat Zahid Oruc hərbi qeydiyyat məsələsinin layihədə daha geniş əks olunmasını təklif etdi.


Siyavuş Novruzov: "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsi müasir tələblərə cavab verir"


YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, bu qanunun qəbulundan sonra hərbi qanunvericilikdəki bütün boşluqlar aradan qalxacaq: "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsi yüksək səviyyədə hazırlanıb və müasir tələblərə cavab verir. Bu sənəd hərbi vəzifə və hərbi xidmət məsələlərində bəzi boşluqları aradan qaldırır".

S.Novruzov qanun layihəsinin cəmiyyətdə də geniş ictimai müzakirəyə səbəb olunduğunu bildirib: "Sənəd mükəmməl hazırlanıb və bütün məsələləri əhatə edir. Ümumiyyətlə, son illər həyata keçirilən tədbirlər nəticəsində bu sahədə xeyli irəliləyişlər var. Gənclərimiz ruh yüksəkliyi ilə hərbi xidmətə gedir və çağırışdan yayınmaların qarşısı tam alınıb".

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirdi ki, layihə çox mükəmməl hazırlanıb və hərbi sahə ilə bağlı bütün məsələlər əhatəli şəkildə öz əksini tapıb.

Qanun layihəsinin təkmil formada hazırlandığını deyən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı sənəddə bir sıra yeniliklərin olduğunu bildirdi. Eyni zamanda, qeyd etdi ki, hərbi çağırışa qədər hazırlıq məsələlərinə xüsusi yanaşmaq lazımdır və layihədə bununla bağlı müddəaları genişləndirmək olar.

Deputat Tahir Rzayev də orta məktəblərdə hərbi hazırlığın keyfiyyətinin artırılmasının vacibliyindən danışdı, o cümlədən, hərbi qeydiyyat məsələsinə diqqətlə yanaşmağın vacibliyini vurğuladı. Deputat Aqiyə Naxçıvanlının sözlərinə görə, vətənə xidmətdə güzəşt olmamalıdır və elm dalınca hərbi xidmətdən sonra da getmək olar.

Deputatlardan Qüdrət Həsənquliyev, Əhməd Vəliyev, Jalə Əliyeva, Qənirə Paşayeva, Elmira Axundova və Çingiz Qənizadə də layihə barədə fikirlərini bildirdilər. Çıxışlarda hərbi çağırış, hərbi təhsil, ilkin hərbi hazırlıq, hərbi möhlət kimi məsələlərlə bağlı fikirlər səsləndirildi.

Millət vəkili, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov isə konkret faktlara müraciət edərək, magistratura və doktoranturada təhsil alan şəxslərə möhlət hüququnun verilməsini zəruri saydı. A.Məhərrəmov bildirdi ki, hər il Azərbaycanda 120 min nəfər orta məktəbdən məzun olur. Bunun isə 50 mini orduya çağırılır: "Magistratura və doktorantura pilləsində təhsildən fasiləsizliyi təmin etmək üçün möhlət hüququ verilməlidir. Onlar təhsili bitirəndən sonra hərbi xidmətə getsinlər. İyirmi birinci əsr elm və təhsil əsridir. Qoy gedib magistrlər, doktoranturanı qurtaranlar xidmət etsin. Bu gün orduya əsgər istəyirsiniz. Soruşuram, biz hansı əsgərlərlə elmi inkişaf etdirməliyik?"

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olundu.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər