PDF Oxu

Əsas

  • 36

Azərbaycan müasir inkişaf mərhələsində

Azərbaycan müasir inkişaf mərhələsində

Ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən, uğurlu məqsədlərinə doğru qətiyyətlə irəliləyən, nəhəng layihələri öz daxili imkan və resursları hesabına reallaşdıran dövlət kimi qəbul edilməkdədir. Ötən 8 il müddətində Prezident İlham Əliyevin apardığı məqsədyönlü və çoxşaxəli iqtisadi siyasət nəticəsində inkişaf tempi yüksələn xətlə davam etmiş, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi sahəsində mühüm və əsaslı tədbirlər həyata keçirilmişdir.

Artıq bu gün bir daha əminliklə söyləmək olar ki, Ulu Öndər Heydər Əliyevin 1 oktyabr 2003-cü il tarixli müraciətində "Mən ona özüm qədər inanır, gələcəyinə böyük ümidlər bəsləyirəm" - deyərək xalqa layiqli siyasi varisi kimi təqdim etdiyi İlham Əliyev Şəxsiyyəti Azərbaycan xalqının birmənalı seçimi ilə prezident seçkilərində layiqli qələbə qazandıqdan sonra respublikamızın yeni dövr üçün iqtisadi siyasət prioritetlərini açıqlamış, çevik mexanizmlər üzərində proqressiv islahatları təmin etmiş, hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu əməli işi ilə isbat etmişdir. Ölkə Prezidentinin 2003-2011-ci illərdə qəbul etdiyi fundamental qərarları, imzaladığı sərəncamları Onun daim xalqın mənafeyindən çıxış etdiyini eləcə də verdiyi vədlərin əməli fəaliyyətə, praqmatizmə söykəndiyini göstərmişdir. Prezident İlham Əliyevin 8 il ərzində gerçəkləşdirdiyi çevik və məqsədyönlü siyasətlə özünü təcrübəli dövlət xadimi, bacarıqlı rəhbər kimi təsdiqləməsi, real ideya və proqramlarla insanların inam və etimadını qazanması Onun yüksək liderlik keyfiyyətlərinə malik olduğunu sübuta yetirmişdir. Dövlət başçısı bilavasitə siyasi lider olaraq vətəndaşları öz ideyası, baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına təsir göstərmək iqtidarında olduğunu əməli fəaliyyəti ilə sərgiləmişdir.

Qeyd etmək mümkündür ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bu barədə vurğulayarkən demişdir ki, bu il regionlarda da, həmişə olduğu kimi, uğurlu investisiya layihələri icra edilmişdir və regionlarda iş yerlərinin açılması ilə bağlı əlavə tədbirlər görülmüşdür: "İlin 9 ayında 74 min yeni iş yeri açılmışdır ki, onlardan 50 mini daimi iş yeridir. Beləliklə, son 8 ildə Azərbaycanda 950 minə yaxın yeni iş yeri açılmışdır".

Bölgələrin tarazlı və davamlı inkişafının təmini, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına etdiyi səfərlər də cənab İlham Əliyevin son 8 il ərzində prezidentlik dövrünün əsas istiqamətlərindən biri kimi diqqəti çəkir. Azərbaycanın, demək olar ki, bütün rayonlarına səfərlər edən cənab İlham Əliyevin insan amilinə necə yüksək dəyər verdiyini görməmək mümkün deyildir. Belə ki, Prezident İlham Əliyevin regionlara ardıcıl səfərləri, 200-dən çox müxtəlif təyinatlı obyektlərlə tanışlığı, o cümlədən, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı regionların tarazlı inkişafının təmin edilməsi və əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində müstəsna rol oynamışdır. Bu dövrdə regionlarda 80-dən çox müəssisə, o cümlədən 30-a yaxın sənaye müəssisəsi tikilib istifadyə verilmiş, 200-ə yaxın müəssisə, o cümlədən, 80-dək sənaye müəssisəsinin tikintisi davam etdirilir.

Son 8 ildə Azərbaycanda həyata keçirilən ən ciddi sosial layihələrdən biri də aztəminatlı vətəndaşlara ünvanlı sosial yardımları nəzərdə tutan xüsusi Dövlət Proqramının həyata keçirilməsidir. Hazırda bu proqram 113 min ailəni əhatə edir. 500 mindən bir qədər artıq insan dövlətdən hər ay vəsait alır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin, ilk növbədə, pensiya təminatı sistemində islahatların həyata keçirilməsi və 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin pensiyalarına əmək stajlarına uyğun olarq, artımın tətbiqi üçün qanunlarda müvafiq dəyişikliklər edilməklə dövlət büdcəsindən 195 milyon manat vəsait ayrılmışdır. Prezident İlham Əliyev bu barədə çıxış edərkən bildirmişdir: "2011-ci ildə sosial sahədə də çox yaddaqalan hadisələr baş vermişdir. Bu hadisələr, bu addımlar bir də onu göstərir ki, siyasətimiz sosial yönümlüdür".

Cəmiyyət həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir olunur və respublikamızın davamlı inkişaf etdiyi xüsusi vurğulanır. Belə ki, "Caspian" İnformasiya Mərkəzinin təşəbbüsü ilə Böyük Britaniyanın nüfuzlu "Populus Limited" şirkətinin bu il sentyabrın 10-dan 30-dək Azərbaycanda min respondent arasında keçirdiyi rəy sorğusunun nəticələri də bunu bir daha təsdiqləmişdir. Mərkəzin direktoru Gerald Frost bildirmişdir ki, respondentlərin 95 faizi Azərbaycan Prezidenti İlham Əliyevə etimad göstərdiklərini, 96 faizi isə onun siyasətini bəyəndiklərini vurğulamışlar. Qurumun rəhbəri qeyd etmişdir ki, indiyədək Qərb ölkələrində keçirilən rəy sorğularında dövlət başçısına bu dərəcədə etimad göstərilməsi faktı qeydə alınmamışdır. G.Frost demişdir ki, sorğunun nəticələrinə əsasən, respondentlərin 79 faizi Azərbaycanda ümumi vəziyyəti təqdir edir, 70 faizi isə ölkə iqtisadiyyatının düzgün istiqamətdə irəlilədiyini düşünür. Bundan əlavə, respondentlərin 82 faizi son 10-15 il ərzində Azərbaycanın dünyada nüfuzunun artdığını, 54 faizi isə ölkədə həyat səviyyəsinin yaxşılaşdığını vurğulamışdır. Respondentlərin böyük əksəriyyəti Azərbaycanda nəqliyyat infrastrukturunun, səhiyyənin, təhsilin və digər sahələrin inkişaf etdiyini bildirmişdir. Müstəqil şəkildə aparılmış sorğunun nəticələrinə əsasən, ümumilikdə, respondentlər Azərbaycanın təhlükəsiz, sabit, uğurla inkişaf edən, güclü bir ölkə olduğu fikrindədirlər.

Məhz bu mənada, qətiyyətlə demək olar ki, Prezident İlham Əliyev ötən 8 illik fəaliyyəti dövründə məhz ölkə üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilmiş, onun ardıcıl və sistemli surətdə həyata keçirdiyi islahatlar cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət etmişdir. Ölkə Prezidentinin özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının ona sonsuz etimadının əsas səbəblərindən biri kimi çıxış edir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər