Dünən Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının VIII konfransı keçirilib. Konfransın gündəliyi təsdiq olunduqdan sonra YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev təşkilatın hesabat dövrü ərzindəki fəaliyyəti haqqında məruzə ilə çıxış edib.
T.Tağıyev konfransın Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə təsadüf etməsini əlamətdar hadisə kimi dəyərləndirib. Onun sözlərinə görə, bu bayram ölkəmizdə, eləcə də, dünyanın bir çox dövlətlərində yaşayan soydaşlarımız tərəfindən böyük təntənə ilə qeyd olunur: "Müstəqilliyinin 20-ci ildönümünü yaşayan Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük, möhtəşəm nailiyyətlər qazanmaqdadır. Eyni zamanda, vurğulamaq istəyirəm ki, Azərbaycanı dinamik inkişaf yoluna gətirib çıxarmış Ümummilli Liderimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Bu gün xalqımızın və partiyamızın qarşısında yeni vəzifələr dayanır. Bu vəzifələrin ən başlıcası Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onu dünyanın ən güclü, qüdrətli və zəngin dövlətləri sırasına çıxarmaqdır".
T.Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyasının üzvləri müstəqil Azərbaycanın qurulmasında, inkişafında, təşkilati, ideoloji-siyasi istiqamətlərdə fəaliyyətlərini genişləndirib və nəzərə çarpan nailiyyətlər qazanıblar. Onun sözlərinə görə, hesabat dövründə YAP Nərimanov rayon təşkilatı üzvlərinin say tərkibinin artımı yönündə müsbət irəliləyişlər əldə edilib: "Belə ki, rayon təşkilatının VII konfransında 12 min 400 nəfər olduğu halda, hazırda bu göstərici 16 min 500 nəfərə çatıb. İlk təşkilatların sayı isə 129-dur. Hesabat dövründə 7 yeni ilk partiya təşkilatı yaradılıb. Bu dövr ərzində təşkilatımızın üzvləri ictimai-siyasi proseslərdə böyük fəallıq göstərib. Partiyamızın üzvləri bu dövrdə respublikada keçirilən bütün seçkilərdə, o cümlədən, 2008-ci ilin Prezident seçkiləri, 2009-cu ildə keçirilmiş referendum və bələdiyyə seçkiləri, 2010-cu ilin Parlament seçkilərində xüsusilə fərqlənmişlər. Bundan başqa, təşkilatın üzvləri Nərimanov rayonunun həyatında da yaxından iştirak edib. Öz doğma yurd- yuvalarından didərgin düşmüş soydaşlarımızın maddi vəziyyətlərini yaxşılaşdırmaq məqsədilə bayram günlərində onlara yardımlar göstərib, az da olsa öz vətəndaşlıq borclarnı yerinə yetiriblər". Təşkilatın nəzarət-təftiş qrupunun sədri Mikayıl Əhmədov da çıxışında hesabat dövründə görülən işlərlə bağlı fikirlərini bildirib. Konfrans nümayəndələrindən ilk təşkilat sədri Xədicə Əliyeva, rayon təşkilatı gənclər birliyinin sədri Yusif Babanlı və təşkilatın idarə heyətinin üzvü Nurulla Məmmədov çıxış edərək, hesabat dövründə YAP Nərimanov rayon təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Tədbirdə təhsil naziri, YAP İdarə Heyətinin üzvü Misir Mərdanov çıxış edərək, Yeni Azərbaycan Partiyasının fəaliyyət göstərdiyi 19 il ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb. M.Mərdanov qeyd edib ki, partiya müstəqillik tariximizlə yanaşı addımlayır və ölkəmizin qazandığı uğurlarda özünün böyük töhfələrini verib. YAP İdarə Heyətinin üzvü müstəqillik illərində Azərbaycanın bütün sahələrinin inkişaf etdiyini, o cümlədən, təhsil sahəsində əhəmiyyətli nailiyyətlər qazanıldığını vurğulayıb. "Bu il müstəqilliyimizin bərpa olunmasının 20 illiyini qeyd edirik. Bu illər ərzində 100 ilə bərabər yol keçmişik. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını bu gün Prezident İlham Əliyev uğurla həyata keçirir. Bu gün Azərbaycan dünyanın ən stabil ölkələrindən biridir. Dünyanı dərin böhran bürüdüyü halda, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir"- deyə o, qeyd edib. Nazir təhsil sahəsində də əhəmiyyətli addımlar atılır. Onun sözlərinə görə, ölkəmizdə uğurlu təhsil islahatları həyata keçirilir və yaxın illərdə xalqımız bu islahatların müsbət nəticələrini görəcək. M.Mərdanov ötən dövr ərzində YAP-ın daha da gücləndiyini deyərək partiya üzvlərinin sayının 560 min nəfərə yaxın olduğunu qeyd edib. O, partiyanın Nərimanov rayon təşkilatının fəaliyyətini də müsbət qiymətləndirib.
Nərimanov rayon icra hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev çıxışında partiyanın yaranma tarixindən danışıb və xalq qarşısında xidmətlərindən ətraflı bəhs edib. A.Fərzəliyev son illər gənclərin partiya sıralarına axının böyük vüsət aldığını xüsusi vurğulayaraq, deyib ki, gənclər dövlət quruculuğu prosesində də yaxından iştirak edirlər. "Ölkəmizin tarixinin ən ağır günlərində Yeni Azərbaycan Partiyası Heydər Əliyevin şəxsiyyətinin qüdrəti və rəhbərliyi altında müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın dövlətçiliyinin qorunması, ölkədə sabitliyin yaranması, demokratik dəyərlərə üstünlük verməsi prosesini nizamlayan real siyasi qüvvə kimi özünü təsdiq edə bilmişdir". "Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz hərtərəfli inkişaf edir. Eyni zamanda, hər bir bölgədə abadlıq və quruculuq işləri böyük vüsət alıb. Onu deyə bilərəm ki, Prezident İlham Əliyevin Nərimanov rayonunda xeyli sayda açılış mərasimlərində iştirak edib. Bu da rayonumuza göstərilən diqqətin nümunəsidir"- deyə icra başçısı vurğulayıb. Partiyanın Nərimanov rayon təşkilatının fəaliyyətinə gəlincə, A.Fərzəliyev təşkilat üzvlərinin rayonun ictimai-siyasi həyatında, quruculuq işlərində fəal iştirak etdiklərini bildirib. Konfransda çıxış edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, ötən konfranslardan keçən müddət ərzində bütün rayonlarda fəaliyyət göstərən partiyamızın yerli strukturları əhəmiyyətli dərəcədə möhkəmlənib, təşkilatın qarşısında duran vəzifələrin həyata keçirilməsi istiqamətində böyük səylər və fədakarlıqlar göstəriblər. Əli Əhmədov vurğulayıb ki, nəticə etibarilə Azərbaycanda Prezidentimiz İlham Əliyevin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsində YAP üzvləri özlərinin əhəmiyyətli və vacib töhfələrini verə biliblər: "Bütövlükdə partiyanın təbirlərində daha çox Azərbaycanda görülən işlər, əldə olunan nailiyyətlər, qələbələr haqqında fikir mübadiləsi aparırıq. Bəzi hallarda ortaya sual çıxır ki, nəyə görə YAP üzvlərinin toplantılarında daha çox ölkədə görülən işlərdən danışılır. Hesab edirəm ki, bu tamamilə əsaslıdır və məntiqəuyğundur. Ona görə ki, Azərbaycanda həyata keçirilən bütün işlər, əldə olunan bütün nailiyyətlər YAP-ın Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasətinin ardıcıl surətdə və qətiyyətlə həyata keçirilməsinin təntənəsi və bariz ifadəsidir. YAP ölkəmizdə həyata keçirilən bütün işlərin əsasında dayanan Heydər Əliyev ideyalarının daşıyıcısıdır. Bu ideyaların həyata keçirilməsi isə bizim həyatımızda müşahidə etdiyimiz və qürur duyduğumuz qələbələrdə, nailiyyətlərdə özünün əksini tapır".
Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin, xalqımızın qarşısındakı xidmətlərindən ətraflı bəhs edən Əli Əhmədov vurğulayıb ki, şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası tarixin onun üzərinə qoyduğu missiyanın yerinə yetirilməsi istiqamətində ləyaqətlə fəaliyyət göstərir. YAP Sədrinin müavini, həmçinin, qeyd edib ki, müstəqil Azərbaycan ötən 20 il ərzində böyük inkişaf yolu keçib və bu inkişafda partiya üzvlərinin də xüsusi əməyi var.
"Bu gün Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edən ölkəyə, bölgəmizin ən güclü dövlətinə çevrilmişdir. Təbii ki, Azərbaycanın nüfuzu, inkişafının bilavasitə nəticələri təkcə bölgənin ən güclü və qüdrətli dövlətinə çevrilməsi ilə məhdudlaşmır" deyən YAP İcra katibi vurğulayıb ki, Azərbaycan həm də dünya miqyasında, beynəlxalq siyasətdə öz rolunun əhəmiyyətini xeyli dərəcədə yüksəldib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir, yüksəlir, iqtisadiyyatın inkişafı ilə yanaşı, vətəndaşların sosial-rifah halında ciddi dəyişikliklər baş verir. Beləliklə də, Yeni Azərbaycan Partiyası yarandığı gündən tarixin onun üzərinə qoyduğu missiyanı ləyaqətlə yerinə yetirdiyini ardıcıl olaraq sübut edir.
YAP Nərimanov rayon təşkilatının da fəaliyyətini müsbət qiymətləndirən Əli Əhmədov gələcəkdə təşkilatın daha da fəal olmasını arzulayıb. YAP Sədrinin müavini Azərbaycanın bütün rayonlarında olduğu kimi, Nərimanov rayonunda da böyük quruculuq işlərinin həyata keçirildiyini söyləyərək, vurğulayıb ki, görülən işlər nəticəsində rayonun siması xeyli dəyişib. "Bütün bunlar isə Azərbaycanda həyata keçirilən Prezident siyasətinin bariz təzahürü kimi, Nərimanov rayonunda YAP-ın mövqelərinin möhkəmlənməsinə bilavasitə təsir göstərir. Nərimanov rayonunda həyata keçirilən quruculuq-abadlıq işləri Azərbaycan hökumətinə rayon sakinlərinin etimadını və inamını daha da artırır, Azərbaycan Prezidentinin həyata keçirilməsinin daha böyük dəstəklənməsi üçün çox ciddi əsaslar yaradır". Konfransın işinə uğurlar arzulayan YAP Sədrinin müavini yeni seçiləcək heyətə fəaliyyətində uğurlar arzulayıb.
Konfransda daha sonra təşkilati məsələlərə baxılıb, Təmraz Tağıyev yenidən YAP Nərimanov rayon təşkilatının sədri seçilib. Həmçinin, YAP Nərimanov rayon təşkilatının yeni tərkibdə şura və idarə heyəti də müəyyənləşdirilib. Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
RÖVŞƏN NURƏDDİNOĞLU