Dünən N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin akt zalında YAP Səbail rayon təşkilatının IX konfransı keçirildi. Dövlət himni səsləndikdən sonra Ulu Öndərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, Səbail rayon təşkilatının sədri Zahid Qaralov konfransda 377 nəfər nümayəndədən 366 nəfərinin iştirak etdiyini bildirdi. Sonra Z.Qaralov tədbirin gündəliyini elan etdi. Konfrans iştirakçıları gündəliyi təsdiq etdikdən sonra YAP Səbail rayon təşkilatının sədri Z.Qaralov hesabat məruzəsi ilə çıxış etdi. Bildirdi ki, YAP Səbail rayon təşkilatının IX konfransı çox əlamətdar hadisələrlə zəngin bir dövrə təsadüf edir: "Belə ki, Azərbaycan Respublikasının müstəqillik, suverenlik əldə etməsinin 20 illiyini, Ulu Öndərimizin rəhbərliyi altında yeni təfəkkür, siyasi mədəniyyət mənbəyi olan Yeni Azərbaycan Partiyasının yaranmasının 19-cu ildönümünü bu il hamılıqla qeyd etmişik. Azərbaycan ilk dəfə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2 il müddətinə həqiqi üzvü seçilmişdir. Dünyanı iqtisadi, siyasi və mənəvi böhran bürüdüyü bir vaxtda Azərbaycan özünün yüksələn xətt üzrə inkişafını davam etdirmişdir. Əmin-amanlıq qorunmuş, ictimai-siyasi sabitlik saxlanmışdır".
Z.Qaralov YAP Səbail rayon təşkilatının VIII konfransından keçən 3 il yarımda partiya həyatının müxtəlif sahələrində böyük nailiyyətlərin əldə olunduğunu vurğuladı: "Belə ki, partiya üzvlərinin sayı 21000-dən 23450 nəfərə çatmışdır. Həmçinin, partiyanın tərkibində gənclərin və qadınların sayı artmışdır. Bu gün rayon təşkilatında gənclər üzvlərin 66 faizini, qadınlar 57 faizini təşkil edir. Bu da respublika üzrə ən yüksək göstəricidir. Hesabat dövründə 1800 nəfər rayonun uçotundan çıxarılmış, 1200 nəfər kənardan uçota götürülmüşdür. 200-ə qədər partiya üzvü dünyasını dəyişmişdir. 17 nəfər hüquq-mühafizə orqanlarına işə keçdiyinə görə siyasi fəaliyyətləri dayandırılmışdır. Partiya intizamını pozduqlarına görə 7 nəfər partiya üzvlüyündən xaric edilmişdir".
Rayon təşkilatının ilk ərazi təşkilatları ilə də bağlı məlumat verən Z.Qaralov hesabat dövrü ərzində müəyyən dəyişikliklərin olduğunu bildirdi: "Hesabat dövrünün əvvəlində ilk təşkilatların sayı 22 idi, hazırda 18-dir. Təkcə 2011-ci ildə bu səbəblərdən 7 ilk təşkilat qapadılmışdır. Hesabat-seçki yığıncaqlarında 13 ilk ərazi təşkilatında partiya sədrləri dəyişdirilmişdir. İlk ərazi təşkilatlarımız hesabat dövründə həyata keçirilən respublika miqyaslı ictimai-siyasi tədbirlərdə: 2008-ci ilin prezident seçkilərində, 2009-cu ilin 18 mart referendumunda, 2010-cu il Milli Məclisə seçkilərdə, eləcə də, bələdiyyə seçkilərində böyük fəallıq göstərdilər. YAP Səbail rayon təşkilatındakı əsas yenilikdən biri Heydər Əliyevin elmi-nəzəri irsinin öyrənilməsi ilə bağlı məktəbin təsis olunmasıdır. Burada Ulu Öndərlə birgə çalışmış, partiyanın yaranmasında müstəsna xidmətləri olan, Heydər Əliyev irsini mükəmməl bilən və əqidəsinə sadiq qalan alimlərin çoxməzmunlu məruzələri gənclər tərəfindən maraqla dinlənilir. Xüsusilə, Ulu Öndərin partiyanın qızıl fondu adlandırdığı "91-lər"in maraqlı fikirləri dinləyicilərin diqqətini cəlb edir. Həmçinin, qeyd edim ki, hesabat dövründə 32 yığıncaq keçirilib. Burada bir çox məsələlər müzakirə olunub, hər biri barədə xüsusi qərar qəbul edilib, qərarların yerinə yetirilməsi istiqamətində nəzarət gücləndirilib. Oktyabr ayında ilk partiya təşkilatlarında 650-dən çox insan çıxış edib və 100-dən çox səmərəli təklif irəli sürülüb. Hesabat dövründə partiyanın rayon təşkilatına 4225 ərizə və müraciət daxil olub. Bunların 3097-si partiya üzvlüyünə qəbulla bağlıdır. 168-i müxtəlif məsələlər üzrə şəxsi müraciətlərdir".
YAP Səbail rayon təşkilatının sədri onu da vurğuladı ki, YAP Mərkəzi Aparatının rəhbərliyi tərəfindən verilən təlimat və göstərişlərə yüksək səviyyədə əməl etməyə çalışdıqlarını, ölkənin bütün siyasi proseslərində partiya üzvlərinin fəal iştirakını təmin etmək məqsədi ilə tövsiyə olunan tədbirlər uğurla həyata keçirilmiş, siyasi kampaniyalarda YAP-ın mütləq qələbəsi təmin edilmişdir.
Z.Qaralov müstəqilliyimizin 20-ci ildönümündə qazanılan nailiyyətlərdən, Azərbaycan dövlətinin inkişaf etmiş ölkələrlə müqayisə olunmasından, ölkəmizin iqtisadi qüdrətindən, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurlu, müstəqil, xarici və daxili siyasətindən, respublikada, o cümlədən, Səbail rayonunda aparılan abadlıq-quruculuq işlərindən danışdı.
Sonra konfransda təşkilatın nəzarət-təftiş qrupunun sədri Səbuhi Gülməmmədovun hesabat məruzəsi dinlənildi. Məruzələr ətrafında ilk partiya təşkilatlarının sədrləri Himalay Qasımov, Cəfər Bayramov, YAP Səbail rayon təşkilatı qadınlar məclisinin sədri Nübar Muxtarova, YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədri Rəşad Fərəcov, Qərb Universitetinin tələbəsi Nail Süleymanov çıxış edərək vurğuladılar ki, bu gün ölkədə ən qüdrətli siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının sıraları getdikcə artır, Azərbaycan xalqı YAP-a, onun çevik siyasi qüvvəsinə, Ulu Öndər Heydər Əliyevə və onun siyasi kursunu ləyaqətlə davam etdirən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə inanır və onun ətrafında sıx birləşdiklərini hər an nümayiş etdirirlər. Çıxış edənlərin ümumi fikri bu oldu ki, YAP-ın üzvü olmaq müasir zamanımızda hər kəs üçün həm məsuliyyətdir, həm də fəal vətəndaşlıq mövqeyinin sərgilənməsi deməkdir. Eyni zamanda, partiyanın Səbail rayon təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü, Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov isə çıxışında rayon ərazisində görülən işlərdən bəhs etdi: "Bu gün bizim əsas məqsədimiz Prezident İlham Əliyevin yürütdüyü siyasətin arxasınca gedərək gördüyümüz işlərlə Ulu Öndərimizin ruhunu şad etmək, eyni zamanda, dövlət başçısının tapşırıqlarına uyğun addımlar atmaqdır. Hazırda ölkədə Prezident İlham Əliyevin göstərişi ilə böyük tikinti-quruculuq işləri görülür. Biz hər birimiz cənab Prezidentin əsgərləriyik və bu işlərin görülməsində bilavasitə iştirak edirik. Bildiyiniz kimi, ötən il YAP Səbail rayon təşkilatı üçün 4 mərtəbəli müasir tipli bina tikilib istifadəyə verildi."
A.Əsgərov bildirdi ki, Səbail rayonu bu gün tikinti meydanına bənzəyir: "Bildiyiniz kimi, gələn il ölkəmizdə "Eurovision" Mahnı Müsabiqəsi keçiriləcək. Təbii ki, bu, xalqımız, dövlətimiz üçün böyük bir uğurdur. Elə bu müsabiqənin keçirilməsi ilə bağlı rayonumuzda tikinti-quruculuq işləri aparılır. Xüsusilə, Bayraq Meydanı ərazinsində bu işlər intensivləşib. Qeyd edək ki, ötən il Bayraq Meydanında dövlət bayrağının qaldırılması, onun Ginnesin rekordlar kitabına düşməsi, təbii ki, hər birimizi qürurlandırdı. Hazırda həmin sahədə Milli Parkın ərazisinin genişləndirilməsi istiqamətində də böyük işlər görülür."
A.Əsgərov onu da söylədi ki, rayon ərazisində məktəblərin, səhiyyə ocaqlarının tikintisi, təmiri, mehmanxanaların tikintisi geniş vüsət alıb: "2011-ci il "Turizm ili" ilə əlaqədar olaraq cənab Prezident çıxışında qeyd etdi ki, bu il ölkədə 6 ədəd 5 ulduzlu mehmanxana istifadəyə veriləcək. Onların bir neçəsinin məhz Səbail rayonunda yerləşməsi gələcəkdə turizmin inkişafına təkan verəcək."
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin vitse-spikeri Bahar Muradova da çıxışanda konfransın işinə uğurlar arzuladı: "Mən inanıram ki, konfrans uğurla başa çatacaq. Çünki tədbir çox uğurla başlayıb. Təbii ki, hesabat-seçki yığıncağının digər tədbirlərdən fərqi ondadır ki, burada ötən dövrə bütövlükdə nəzər salınır və ötən illər ərzində görülən işlər dəyərləndirilir. Bu günə kimi bir çox rayon təşkilatında hesabat-seçki yığıncaqları keçirilib. Burada mənim diqqətimi cəlb edən əsas cəhət odur ki, konfranslar yüksək əhval-ruhiyyə şəraitində keçib. İnsanlar çox böyük qürur, fəxarət hissi ilə bu konfranslara gəlirlər. Bu, onu göstərir ki, YAP-ın hər bir üzvü partiya həyatı ilə yaşayır."
B.Muradovanın sözlərinə görə, partiyanın hər bir üzvünün vəzifəsi Azərbaycan dövlətini qorumaqdır: "Hər kəs özünü öz yerində partiya tapşırığını həyata keçirən bir şəxs kimi hiss etməlidir. Bu gün partiya gəncləri daha fəal, təşəbbüskar olmalıdırlar. Gənclər sosial şəbəkələrdə aktiv olmalıdırlar. Onlar təşəbbüskarlıq missiyasını öz üzərlərinə götürməlidirlər. Hər bir kəs bütün bunları tapşırıq kimi qəbul etməməli, bunu özünün həyat missiyası kimi qavramalıdır. Təbii ki, söhbət gənclikdən gedir. Gənclik dövrün tələblərinə uyğun fəaliyyət imkanlarını reallaşdırmalıdır." Konfransın sonunda Zahid Qaralov yekdilliklə yenidən YAP Səbail rayon təşkilatının sədri seçildi. Həmçinin, 131 nəfərdən ibarət şura tərkibi, 35 nəfərdən ibarət idarə heyəti və 9 nəfərdən ibarət nəzarət-təftiş komissiyası formalaşdırıldı. Konfransın işində YAP İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərov iştirak edib. Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul olundu.
RƏFİQƏ KAMALQIZI