PDF Oxu

Əsas

  • 36

Müxalifətdən fərqli olaraq, YAP dialoqda problem görmür

Müxalifətdən fərqli olaraq, YAP dialoqda problem görmür

Uzun müddətdən bəridir ki, müxalifət düşərgəsində təmsil olunan partiyalar dialoq məsələsində qeyri-obyektiv fikirlər səsləndirərək, bu istiqamətdəki yanaşmalarını öz təbirlərincə yozmağa cəhd göstərirlər. Belə ki, zaman-zaman dialoqa getmək barədə fikirlər irəli sürən müxalifət "liderləri" son andaca bundan imtina edir və bununla da özlərini ifşa etməkdən yayındırmağa çalışırlar.

Daha dəqiq desək, sağlam düşüncəli ictimaiyyətin onsuz da onları qəbul etmədiyini dərk edən radikal müxalifət partiyaları və onların sədrləri öz vəziyyətlərinin daha da pisləşməsindən ehtiyat edirlər. Lakin cəmiyyət onları bu cür dırnaqarası siyasi manevrlərinə bələddir və buna görə də istənilən halda düşərgə səlahiyyətlilərinin səmimiyyətsizliyini çoxdan aşkar edib.

Eyni zamanda, radikal müxalifət mənsubları öz qəzetlərində və informasiya saytlarında guya iqtidarın dialoq predmetindən yayındığını iddia edərək, hər zamankı kimi əsil simasızlıqlarını ortaya çıxarırlar. Məsələ ilə bağlı münasibətini açıqlayan Yeni Azərbaycan Partiyasının İcra katibi, millət vəkili Əli Əhmədov qeyd edib ki, Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası ölkədəki müxalifət partiyaları ilə dialoqun keçirilməsində ciddi problem görmür. Əli Əhmədovun bildirdiyinə görə, YAP Azərbaycanın ictimai-siyasi həyatındakı aktual problemlərlə bağlı bütün mütərəqqi düşüncəli qurumlarla həmişə dialoqa hazır olub: "YAP dəfələrlə müxalifət təşkilatları ilə müxtəlif səviyyədə dialoqların keçirilməsinin təşəbbüskarı olub. Amma müxalifət tərəfdən bu məsələyə yanaşma fərqlidir. Bütövlükdə, onların yanaşmasında sağlam təfəkkür elementlərinin az olduğu müşahidə edilir".

Bu amil isə, bir daha onu deməyə əsas verir ki, radikal müxalifətdə heç vaxt normal düşüncə tərzi olmayıb. Məhz buna görə də onlar ölkədə əldə olunmuş sabitliyi pozmağa cəhd göstərir, qeyri-demokratik yollarla siyasi mübarizə sistemi qurmağa cəhd göstərirlər. O cümlədən, bu qeyri-normal vasitəni "normal" hal kimi qəbul etdirməyə çalışırlar. Ancaq unudurlar ki, radikallıq, dağıdıcılıq və qaragüruhçuluq heç zaman xalq tərəfindən qəbul edilmir.

Ə.Əhmədov bu barədə də fikir bildirərkən deyib ki, konstruktiv münasibət hər zaman qəbul olunan prinsip kimi dəyərləndirilir: "Əgər bu sahədə konstruktivlik olarsa, dialoqun keçirilməsində ciddi problem görmürəm".


R.Hüseynova

Digər xəbərlər