PDF Oxu

Əsas

  • 22

AZƏRBAYCAN TARİXİNİN ƏBƏDİYYƏT EPOXASI

AZƏRBAYCAN TARİXİNİN ƏBƏDİYYƏT EPOXASI

Dünya şöhrətli ictimai-siyasi xadim, müdrik dövlət başçısı, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, ölkəsinin tərəqqisinə həsr edib. Ulu Öndər Heydər Əliyev tarixi yaradan, bu tarixə silinməz imza qoyan əbədi və dahi şəxsiyyətlərdəndir. Müasir tariximizin bütöv bir epoxası bu müdrik insanın adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin yaradıcısı və memarı kimi, O, quruculuq salnaməmizin şanlı səhifələrini yaratmağa müvəffəq olmuşdur.

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şuranın üzvü Aydın Hüseynov "Səs" qəzetinə verdiyi açıqlamasında bildirib ki, Heydər Əliyev şəxsiyyəti dünya miqyasında iki əsrin dühası qismində qəbul edilən əbədiyyət simvoludur.

- Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, əbədi prosesə çevrilməsi və qüdrətli ölkə kimi təşəkkül tapması üçün biz hamımız Ulu Öndər Heydər Əliyevə borcluyuq. Xalqın təkidi ilə Ulu Öndər Heydər Əliyev respublikamıza yenidən rəhbərliyə tariximizin olduqca mürəkkəb məqamında qayıtmışdır. Yalnız siyasi müdrikliyi, polad iradəsi və dövləti idarə etmək istedadı sayəsində o, qarşıya çıxan bütün maneələri dəf etdi, xalqı düşdüyü bəlalardan çıxara bildi, qoruya bildi. Həmin illər ölkəmiz sınaqdan uğurla çıxdı. 1993-cü ildən bəri cəmiyyətdə yeniləşmə, azad fikirlilik, həm də iqtisadi sahədə yeni təsərrüfatçılıq, bazar iqtisadiyyatı təşəkkül taparaq, özünü göstərməyə başladı. Təbii ki, bütün bunlar ilk öncə dövlətə rəhbərlik edən, onu siyasi oyunlardan, çəkişmələrdən, çevrilişlərdən, o cümlədən də, xarici düşmənlərdən böyük məharətlə, müdrikcəsinə qoruyan Ümummilli Liderimiz Heydər Əliyevin sayəsində mümkün olubdur. Dahi Öndər Heydər Əliyev müasir dünyanın ziddiyyəti və ədalətsiz reallıqlarına dərindən bələd olan bir siyasi xadim kimi, ilk növbədə, beynəlxalq müstəvidə təbliğatın düzgün qurulmasına və beləliklə də, dünya dövlətlərinin diqqətini işğal faktının əsl səbəblərinə yönəltməyə nail ola bildi.

Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda yeni bir tarixi mərhələnin əsasını qoydu. Ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı. Bu dövrdən ictimai münasibətlər sistemi təkmil bir strategiya əsasında inkişaf etməyə başladı, iqtisadi tənəzzülə son qoyuldu. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin sosial və siyasi dayaqlarını möhkəmləndirdi və respublikanın ümumi inkişafını təmin etdi. Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycanı qoydu. Dünya miqyasında yeri və nüfuzu olan dövlət qoydu, dövlətçilik ənənələri qoydu. Heydər Əliyev çiyinlərini çox ağır və çətin işin altına verərək, ölkəmizi və xalqımızı müdhiş bəlalardan qurtardı. Həqiqətən də, ömrünün qalan hissəsini bu müdrik insan xalqa qurban verdi. Qədirbilən xalqımız bunu heç zaman unutmayacaqdır.

Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Azərbaycanın bütün sahələrində böyük uğurlar gətirib. Sabitlik, demokratiya və tərəqqi son on ili xarakterizə edən mühüm amillərdir. Bu müdrik siyasət nəticəsində Azərbaycan artıq dünyada tanınır, nüfuzu durmadan yüksəlir. Artıq dünya da ölkəmizlə hesablaşır, irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Dövlətin əsas göstəricilərindən biri olan iqtisadiyyatda aparılan köklü islahatların nəticəsində ölkəmiz qısa müddət ərzində bu sahənin yüksəlişini təmin etmişdir.

Bazar iqtisadiyyatının aparıcı qüvvəsi iş adamlarıdır. Odur ki, Ulu Öndər Azərbaycanda sahibkarlar təbəqəsinin yaradılmasına xüsusi fikir verirdi. Prezident kimi onun tərəfindən sahibkarlığın formalaşması, normal fəaliyyəti və inkişafı üçün əlverişli şərait-stabillik, iqtisadi və hüquqi baza yaradılmışdır. Onun qətiyyəti sayəsində özəl sektorun inkişafına dair proqramlar qəbul edilmiş, sahibkarların sərbəst və normal fəaliyyəti üçün çoxsaylı mühüm fərmanlar imzalanmışdır. MDB ölkələri arasında ilk olaraq Azərbaycanda dövlət-sahibkar münasibətlərini tənzimləyən institutsional qurum, Prezident yanında Sahibkarlar Şurası yaradılmışdır ki, bu da ölkədə fəaliyyət göstərən yerli və xarici sahibkarların fəaliyyətini mühüm dövlət proqramlarının səmərəli reallaşmasında təşkilatlandırıb.

Biz bu gün Ulu Öndər Heydər Əliyevi xatırlayır, iftixarla deyirik ki, bəli, Azərbaycanın Ümummilli Lideri, Ulu Öndərimiz, Azərbaycan dövlətinin xilaskarı, yeni Azərbaycan dövlətinin memarı Heydər Əliyev bizim qəlbimizdə daim yaşayır və yaşayacaq. Gələcək nəsillər onun həyat yolunu araşdıracaq və öyrənəcəklər. Çünki O, dünya miqyaslı siyasi lider idi. Dahi Öndər Heydər Əliyev siyasi kursu bu gün Onun ideyalarına sadiq olan Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderimizin: "Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyərək qiymətləndirdiyi Prezidentimiz bu gün, həqiqətən də, xalqın etimadını doğrultmaqla, həmin ümidləri gerçəkləşdirir.


RÖVŞƏN

Digər xəbərlər