PDF Oxu

Əsas

  • 30

Dövlət Sərhəd Xidməti 2011-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarını açıqladı

Dövlət Sərhəd Xidməti 2011-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarını açıqladı
Dünən Dövlət Sərhəd Xidməti aparatında "2011-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunları"na həsr olunmuş xidməti-hesabat müşavirəsi keçirildi. Müşavirədə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev çıxış edərək bildirdi ki, Dahi Öndər Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd siyasəti uğurla həyata keçirilir: "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət sərhədlərinin toxunulmazlığı məsələlərinə xüsusi diqqəti sayəsində hesabat dövründə mühüm xidməti nailiyyətlər əldə edilibdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin fevral ayının 9-da Azərbaycan-Gürcüstan dövlət sərhədində "Şıxlı" dövlət sərhədindən buraxılış məntəqəsinin, aprel ayının 15-də Azərbaycan-İran dövlət sərhədində "Astara" dövlət sərhədindən buraxılış məntəqəsinin, may ayının 19-da Bakı şəhərinin Nərimanov rayonu ərazisində sərhədçilər üçün inşa olunmuş 264 mənzilli yaşayış binasının açılış mərasimlərində iştirak etməsinin, avqust ayının 16-da DSX-nin hərbi qulluqçularını orden və medallarla təltif etməsinin və ali zabit hərbi rütbələrinə layiq bilməsinin, Dövlət Sərhəd Xidmətinin ştat-strukturunun təkmilləşdirilməsi, peşəkar heyətin say tərkibinin artırılması barədə qərar verməsi sərhədçilər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır".

Dövlət Sərhəd Xidmətinin xidməti-döyüş fəaliyyəti üçün əhəmiy-yətli olan hadisələrlə bağlı geniş məlumat verən E.Quliyev onu da bildirdi ki, "2006-2010-cu illərdə Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin texniki inkişafına dair" Dövlət Proqramının icrası üzrə tədbirlər müvəffəqiyyətlə yekunlaşdırılıb: "Dövlət sərhədlərinin mühafizəsi sisteminin təkmilləşdirilməsi məsələlərinə ümumi büdcə ayırmalarının 2010-cu illə müqayisədə 121 faiz, o cümlədən, təkcə tikinti üzrə 184 faiz artırılması nəticəsində maddi-texniki bazanın gücləndirilməsi istiqamətində önəmli nailiyyətlərin əldə olunması, 359 binadan ibarət 49 tikinti kompleksinin əsaslı təmir-tikintisinin həyata keçirilməsi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1288 mənzil inşa edilibdir. Dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi sayəsində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq məqsədilə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən 1 əcnəbi şəxsin müəyyən olunması; terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında silahlı qruplaşmaların tərkibində döyüşmüş 15 nəfər şəxsin müəyyənləşdirilməsi; qanunsuz miqrasiya ilə məşğul olan 4 qrupun, qaçaqmalçılıq, o cümlədən, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi; DSX Akademiyasının tərkibində dəniz və aviasiya kafedralarının fəaliyyətə başlaması, ilk dəfə olaraq, həmin ixtisaslar üzrə qəbulun keçirilməsi; Bakı şəhər Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən oğlanlar üçün açıq tipli xüsusi məktəbin Heydər Əliyev Fondu tərəfindən tam təmir edilərək, zəruri tədris bazası ilə komplektləşdirildikdən sonra ona Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbi statusunun verilməsi; Avropa Birliyi, NATO, BMQT, BMTQAK, Şiofok Konfransı, GUAM, ATƏT kimi beynəlxalq təşkilatlar və Rusiya Federasiyası, İran, Gürcüstan, Almaniya, Fransa, Türkiyə, Ukrayna, Belarus, Baltikyanı dövlətlər, Çin, Cənubi Koreya sərhəd xidmətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən, NATO-nun müraciəti əsasında cari ilin noyabr ayında Əfqanıstan və Orta Asiya dövlətlərinin sərhədçiləri üçün xüsusi beynəlxalq seminarın təşkil olunması; DSX Sahil Mühafizəsinin cənub, mərkəz və şimal şöbələrinin fəaliyyətə başlaması, Xəzər dənizinin sahil xətti boyu sahil nəzarəti məntəqələrinin DSX Sahil Mühafizəsinin tabeliyinə verilməsi və tam peşəkar heyətlə komplektləşdirilməsi, DSX Sahil Mühafizəsinə yüksək keçid qabiliyyətli üzmə vasitələrinin verilməsi, Xəzər dənizində sərhəd gözətçi gəmiləri tərəfindən fasiləsiz xidmətin təşkil edilməsi və sərhəd sularında Azərbaycan mənafelərinin qorunması, müşahidə və aşkaretmə imkanlarımızın əhəmiyyətli dərəcədə artırılması; Hava Nəqliyyatında Sərhəd Nəzarəti Dəstəsinin yaradılması, yeni istismara verilmiş Lənkəran və Qəbələ beynəlxalq hava limanlarında sərhəd nəzarətinin təşkil edilməsidir". Müşavirədə DSX-nin hesabat dövründə xidməti-döyüş fəaliyyətinin nəticələri ilə də bağlı məlumat verildi. Bildirildi ki, 2011-ci ildə dövlət sərhədini pozduqlarına görə 850 nəfər, sərhəd rejimini pozduqlarına görə 9 min 641 nəfər saxlanılmışdır. İl ərzində tutulan sərhəd pozucularının 29,2 faizi Azərbaycandan müqabil ölkələrə keçərkən, 70,8 faiz müqabil ölkələrdən Azərbaycana gələrkən saxlanılmışdır. Sərhəd pozucularının 30,5 faiz Azərbaycan-Rusiya, 11,6 faizi Azərbaycan-İran, 6,1 faiz Azərbaycan-Gürcüstan, 0,2 faiz Azərbaycan-Türkiyə, 1,8 faiz dəniz sərhədlərində və 49,8 faiz hava limanlarında saxlanılmışlar. 2011-ci il ərzində tutulan sərhəd pozucularının sayı 2010-cu illə müqayisədə 2,2 dəfə artmışdır. İl ərzində 671 nəfər saxta, 19 nəfər özgəsinin sənədi ilə və 17 nəfər gizli şəkildə sərhəd nəzarət məntəqələrindən keçməyə cəhd edərkən saxlanılmışdır. 2010-cu ilə nisbətən saxta sənədlərlə saxlanılmış şəxslərin sayı 3,7 dəfə artmışdır. Hesabat dövründə axtarışda olan 1307 nəfər tutulmuş, 434 nəfərin ölkədən çıxışı qadağan olunduğu üçün Azərbaycan Respublikasından çıxmasına icazə verilməmiş, 251 nəfər ölkəyə girişi qadağan olunduğu üçün Azərbaycan Respublikasına buraxılmamışdır. 57 nəfərin pasportu etibarsız olduğu üçün alınmışdır. 2011-ci il ərzində 715 halda təqribi məbləği 2 milyon 547,8 min manat dəyərində qaçaqmal tutulmuş, 137 kq 226,8 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır. Hesabat dövründə ümumi çəkisi 24,8 ton olan 58 min 976 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilmişdir. İl ərzində dövlət sərhədinin quru hissəsində dövlət sərhədini pozmağa cəhd edərkən tutulan Azərbaycan Respublikası vətəndaşlarının mühüm hissəsini - 23,9 faizini sərhədyanı rayonların sakinləri təşkil etmişdir. Sərhəd sularında rejimə nəzarət məqsədi ilə Azərbaycan Respublikasına məxsus 26, RF-yə məxsus 7, İİR-ə məxsus 3, TR-ə məxsus 2 gəmiyə, Azərbaycan Respublikasına məxsus 236 kiçik həcmli motorlu qayığa baxış keçirilmişdir. RF-yə məxsus 2 gəmi, AR-ə məxsus 9 gəmi və 94 qayıq sərhəd sularında rejimi pozduqlarına görə barələrində zəruri tədbirlər görülmüşdür. Keçirilmiş rejim tədbirləri zamanı dənizdə qurulmuş qanunsuz balıq ovlama vasitələri - 285668 metr tor və 156382 ədəd qarmaq yığılmışdır. Xidməti hesabat müşavirəsinin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev tərəfindən hərbi hissələrin və struktur qurumların xidməti fəaliyyəti qiymətləndirilmiş, 2012-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqlar qeyd olunmuşdur.

R.KAMALQIZI