Dünən Bakı Slavyan Universitetinin akt zalında Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının 8-ci hesabat-seçki konfransı keçirildi. Tədbir iştirakçıları ilk olaraq, Universtitetdə ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə əklil qoydular.
Konfransı giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı hesabat məruzəsi ilə çıxış edərək, beş il ərzində görülən işlər barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, konfransa rayon təşkilatının əhatə etdiyi 111 ilk ərazi partiya təşkilatından 539 nümayəndə seçilib. 2006-2011-ci illər ərzində YAP Nəsimi rayon təşkilatının gördüyü işlər, keçirdiyi tədbirlər və konfranslar haqqında məlumat verən Məlahət xanım statistik rəqəmləri diqqətə çəkdi. O bildirdi ki, YAP Nəsimi rayon təşkilatı ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək, öz töhfələrini vermişdir. Belə ki, təşkilatın böyük potensiala malik olan üzvlərinin hər birinin fəallığı bütün seçkilərdə özünü büruzə vermişdir. Təşkilatın üzvləri sırasında gənclərin böyük qüvvəyə malik olduğunu diqqətə çəkərək, onun sıralarının günü-gündən artdığını da söylədi. Təşkilat sədri qeyd etdi ki, 2006-2011-ci illər ərzində 17 yeni ilk ərazi təşkilatı yaradılıb, 10 ilk ərazi təşkilatı ləğv edilib, 9 ilk ərazi təşkilatı ərazi prinsipi üzrə digər rayonlara göndərilib.• 3 ilk ərazi təşkilatı isə daha böyük təşkilatlarla birləşdirilib. Təşkilatın üzvü olan gənclərin 9874 nəfər olduğunu bildirdi ki, bu da 49,7%-i təşkil edir.
Konfransda nəzarət-təftiş komissiyasının hesabatı dinlənildi. Sonra söz səhiyyə naziri Oqtay Şirəliyevə verildi. O, Azərbaycan səhiyyəsində əldə olunan uğur və nailiyyətlərə nəzər salıb, son illərdə aparılan islahatların nəticəsi olaraq ölkənin dünyanın nüfuzlu dövlətləri sırasında nailiyyətləri ilə diqqətdə olduğunu söylədi. Belə ki, Prezident İlham Əliyevin sərəncamları əsasında Azərbaycan səhiyyəsinə göstərilən diqqətin məntiqi nəticəsi olaraq, ölkədə istər paytaxtda, istərsə də regionlarda müasir tibb müəssisələri açılmış və bir çoxları isə bərpa və təmir edilmişdir. O.Şirəliyev müasir avadanlıqla təchiz olunan səhiyyə ocaqlarının insanların sağlamlığı keşiyində durduğunu söyləyərək, bu nailiyyətlərin əsasında ölkədə aparılan uğurlu islahatların əsas amillər olduğunu vurğuladı.
Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev Azərbaycan təhsilinin müasir durumunu diqqətə çəkib, müstəqilliyimizin bizə verdiyi imkanların nəticəsi olaraq, Azərbaycan gənclərinin dünyanın bir çox ölkələrində təhsil aldığını söylədi. Belə ki, bu günün gəncliyi dünyaya inteqrasiya prosesində öz bilik və bacarığını ortaya qoyaraq, ön sırada gedir. K.Abdullayev Prezident İlham Əliyevin Azərbaycan elminin və təhsilinin inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü layihələrin nəticə verdiyini söylədi. Belə ki, Prezidentin sərəncamları əsasında Azərbaycan gəncləri müasir elmi biliklərə yiyələnərək, informasiya əsrində dünyanın aparıcı ölkələrinin tələbələri ilə belə elmi yarışlarda iştirak edirlər.
Konfransda çıxış edən Nəsimi rayon icra başçısı Nəsib Məhməliyev rayon ərazisində görülən işlərdən, sosial-iqtisadi inkişafdan danışdı. Nəsimi rayonunda həyata keçirilən quruculuq-abadlıq işləri rayon sakinlərində etimad və inamı daha da artırıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu günün ən aktual problemlərindən olan Qarabağ məsələsinə toxunaraq, ölkə ərazisinin 20 faizinin işğalda olduğunu söylədi. Bu sahədə aparılan danışıqları və dünya miqyasında Azərbaycanın haqq səsinin ucaldılmasının, eləcə də, geniş informasiya məkanına daxil olmağımızın bu məsələlərin həllindəki əhəmiyyətini nəzərə çatdırdı. M.Abbaszadə bugünkü gəncliyin təhsilə olan diqqət və marağını dilə gətirərək, bu sahədə dövlət tərəfindən görülən işlərin uğurlu nəticələr verdiyini söylədi.
YAP Nəsimi rayon təşkilatı gənclər şurasının sədri Sərraf Hüseynov konfrans iştirakçılarına gənclərə dövlət səviyyəsində göstərilən diqqətdən söz açdı. O, bu gün YAP-ın ətrafında birləşən gənclərin fəallığını qeyd etdi və böyük bir elmi biliyə, gücə malik olduğunu söylədi.
Konfransda çıxış edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov beş il ərizində rayon ərazilərində fəaliyyət göstərən partiya təşkilatlarının gördüyü işlərə nəzər saldı. Əli Əhmədov bildirdi ki, ötən beş il ərizində YAP üzvləri Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin həyata keçirilməsində fəallıq göstəriblər. Yeni Azərbaycan Partiyasının xalqın böyük etimad göstərdiyi bir partiya olduğunu deyən Əli Əhmədov dövlət quruculuğu prosesində onun üzvlərinin çox fəal olduğunu vurğuladı. Müasir Azərbaycanın dövlət quruculuğunda, iqtisadi dirçəlişin yolunda partiya fəallarının rolu da müstəsnadır. İcra katibi YAP-ın qarşısında duran vəzifələrin və məqsədin həyata keçirilməsində üzvlərin yaxından iştirak etdiyini söylədi. Dedi ki, öz sıralarında ictimaiyyətin bütün təbəqələrini təmsil edən 550 mindən artıq üzvü birləşdirən YAP Ümummilli Liderin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu günü-gündən möhkəmləndirməkdədir. Bu, Azərbaycan vətəndaşlarının Azərbaycanın bugünkü həyatına verdiyi qiymətdir. Prezidentimizin həyata keçirdiyi uğurlu siyasətini nəticəsidir ki, bu sayda insan onun ətrafında birləşib".
Əli Əhmədov Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, bölgəmizin ən güclü dövlətə çevrildiyini də bildirdi. Təbii ki, Azərbaycanın nüfuzu, inkişafının bilavasitə nəticələri təkcə bölgənin ən güclü və qüdrətli dövlətinə çevrilməsi ilə məhdudlaşmır. Azərbaycan bu gün dünya miqyasında, beynəlxalq siyasətdə öz rolunun əhəmiyyətini xeyli dərəcədə yüksəldib. YAP Nəsimi rayon təşkilatının fəaliyyətini müsbət qiymətləndirən Əli Əhmədov gələcəkdə təşkilatın daha da fəal olmasını arzuladı.
Çıxışlar sona yetdikdən sonra konfransda YAP Nəsimi rayon təşkilatına sədr seçkisi keçirildi və yenidən millət vəkili Məlahət İbrahimqızı yekdilliklə sədr seçildi. Daha sonra 99 nəfərdən ibarət yeni tərkibdə rayon şurası, 35 nəfərdən ibarət idarə heyəti və 11 nəfərdən ibarət nəzarət-təftiş komissiyasının üzvləri səsvermə yolu ilə seçildi. Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.
NƏZAKƏT ƏLƏDDİNQIZI