Məlum olduğu kimi, dekabrın 21-də YAP-ın təşəbbüsü ilə "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Hazırda dünyada cərəyan edən proseslərə diqqət yetirdikdə mövzunun aktuallığı aydın şəkildə özünü büruzə verir. Bir faktı qeyd etmək kifayətdir ki, 2009-cu ildən başlanan və hələ də davam etməkdə olan iqtisadi və maliyyə böhranı hər bir ölkənin hansı imkanlara malik olduğunu göstərib. Azərbaycanın düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsi olaraq bu böhrandan uğurla çıxması, iqtisadi inkişaf modelinin digər dövlətlərə nümunə göstərilməsi belə bir mövzuda beynəlxalq tədbirin məhz Azərbaycanda keçirilməsinin nə qədər önəmli olduğunu təsdiqləyir. Yeni Azərbaycan Partiyasının təşəbbüsünün yüksək səviyyədə dəstəklənməsi tədbirə qatılacaq ölkələrin və nümayəndələrin sayından da görünür.
Tədbirdə 4 qitənin 33 ölkəsindən, o cümlədən Çin, Böyük Britaniya, Fransa, Rusiya, Türkiyə, İtaliya və s. kimi nüfuzlu dövlətlərdən 60-dan çox nümayəndə iştirak edəcək. Forumda həmçinin, Yeni Azərbaycan Partiyasının əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatların-Avropa Xalqları Partiyasının və Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının rəhbərləri iştirak edəcək. İştirakçılar arasında Belçika senatının fəxri spikeri Anne-Marie Lizin də var.
Anne-Marie Lizin dünən "Yeni Azərbaycan" qəzetinin redaksiyasında qonaq olub. Qonağa ilk olaraq, ölkəmizdə həyata keçirilən siyasət və əldə olunmuş böyük nailiyyətlərlə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən dövrün çağırışlarına və mühüm şərtlərinə uyğun olaraq müasirləşdirilərək uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda bütün sahələrdə böyük nailiyyətlər əldə olunub. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan dünyada ən yüksək iqtisadi inkişaf göstəricilərinə nail olan ölkələrdən biridir.
Azərbaycanda milli mətbuatın inkişafı sahəsində görülən işlərlə bağlı söylənilib ki, Azərbaycan mətbuatına göstərilən dövlət qayğısı və şəxsən Prezident İlham Əliyev cənablarının yüksək diqqəti sayəsində bu gün Azərbaycan mətbuatı problemlərdən xilas olur və demək olar ki, Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoymaqdadır. Belçika senatının fəxri spikeri Anne-Marie Lizin isə Azərbaycanın Avropa strukturlarına inteqrasiya istiqamətində çox mühüm nailiyyətlər əldə olunduğunu söyləyərək qeyd edib ki, Azərbaycan Avropa üçün çox böyük əhəmiyyətə malikdir: "Azərbaycan Avropa üçün enerji baxımından çox önəmli bir ölkədir. Enerji dedikdə isə birinci olaraq Azərbaycanın neft və daha sonra təbii qaz ehtiyatları yada düşür. Azərbaycan Avropa üçün ən mühüm enerji daşıyıcısı olan kəmərlərin çəkilişi baxımından da əhəmiyyətlidir. Azərbaycan dedikdə, həm də Cənubi Qafqazda yerləşən və Avropaya böyük maraq göstərən bir müsəlman dövləti yada düşür. Elə bu səbəbdən də Avropa İttifaqı (Aİ) Azərbaycanı özünə qonşu dövlət hesab edir və mövcud əlaqələrin möhkəmlənməsinə çalışır". Sonda xatirə şəkli çəkdirilib.