Azərbaycanda səfərdə olan Pakistan Dövlət Universitetinin beynəlxalq əlaqələr və siyasi sahədə professoru, doktor Taraq Vahidlə "Səs" qəzetinin baş redaktoru və Səs İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev arasında görüş keçirilib.
Görüşdə çıxış edən Bəhruz Quliyev Azərbaycan-Pakistan əlaqələri haqda ətraflı məlumat verərək bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurulub: "Azərbaycanla Pakistan arasında inkişaf etməkdə olan əlaqələr hər iki xalq tərəfindən rəğbətlə qarşılanır. Biz unutmuruq ki, Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər arasında olub.
Azərbaycan-Pakistan münasibətlərinin inkişafı üçün hökumətlərimiz tərəfindən lazımi addımlar atılır. İki ölkə arasında hərtərəfli münasibətlərin əsası 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Pakistana səfəri zamanı qoyulub. Bu gün Prezident İlham Əliyev də Pakistanla geniş əməkdaşlıq siyasətini davam etdirir.
Bütün bunlarla yanaşı, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda qızlar məktəbinin inşa etdirilməsi də, öz növbəsində, Azərbaycan-Pakistan əlaqələrinin təhsil sahəsində də uğurla inkişaf etdirildiyinin bariz nümunəsidir".
Daha sonra çıxış edən pakistanlı professor baş redaktorun fikirləri ilə razılaşaraq, ölkəmizdə səfərdə olmaqdan və iki ölkə arasında xoş əlaqələrin qurulmasından məmnunluq duyduğunu ifadə edib: "Azərbaycanla Pakistan arasında geniş əlaqələr mövcuddur. Mən dövlət universitetində siyasi elmləri tədris edirəm.
Qeyd etmək istərdim ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən birinin məhz Pakistan olması da iki ölkə arasındakı əlaqələrin göstəricisidir. Eyni zamanda, Pakistan dövləti Dağlıq Qarabağ məsələsində də Azərbaycana hər zaman dəstək olub və bu, belə də qalacaq. Biz Dağlıq Qarabağı Ermənistan yox, Azərbaycan ərazisi kimi tanıyırıq. Pakistan Ermənistanı dövlət kimi rəsmən tanımır".
Azərbaycanın müasir inkişafı haqda məlumat verən baş redaktor B.Quliyev bildirib ki, ölkəmizdə, eyni zamanda, media sahəsində də nəzərəçarpacaq qədər inkişaf var: "Ölkəmiz bir çox sahələrdə sürətlə inkişaf edir. Konkret olaraq, bu sahələr arasında KİV-i qeyd edə bilərik. Azərbaycanda söz azadlığı və fikir plüralizmi mətbuatın inkişafına daha çox təkan verir. Eyni zamanda, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması da ölkəmizdə mətbuata göstərilən qayğının bariz nümunəsidir. İstərdim ki, gələcəkdə Pakistanda fəaliyyət göstərən KİV-lərlə informasiya mübadiləsini daha da genişləndirək. Çünki bu əməkdaşlığımız iki ölkə arasında münasibətlərin inkişafına xidmət edir".
Taraq Vahid sözügedən inkişafın beynəlxalq səviyyədə müşahidə edildiyini və bundan şad olduğunu dilə gətirib: "Azərbaycanın bütün sahələrdə sürətli inkişafı göz qabağındadır. Düşünürəm ki, hər şeydən əvvəl, Azərbaycan xalqı Heydər Əliyev kimi bir liderə sahib olduğu üçün sevinməlidir. Ümumiyyətlə, Heydər Əliyev təkcə bir lider yox, həm də dövlət qurucusudur. Hazırda Azərbaycanda müşahidə edilən hər cür inkişaf məhz Heydər Əliyev siyasətinin uğurlu nəticələridir".
Görüş ölkələr arasında müxtəlif əlaqələr haqda fikir mübadiləsi əsasında davam etdirilib. Sonda isə xatirə şəkli çəkilib.
Elçin Bayramlı