Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək məqsədilə ölkəmizə səfər edən Tacikistanın hakim Xalq Demokratik Partiyasının sədr müavini Asror Vlatipov və bu partiyanın Düşənbə şəhəri üzrə İcraiyyə Komitəsinin sədri Camşid Saidov dünən "Yeni Azərbaycan" qəzetinin qonağı olublar.
İlk olaraq, qonaqlara ölkəmizdə həyata keçirilən siyasət və əldə olunmuş böyük nailiyyətlərlə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən dövrün çağırışlarına və mühüm şərtlərinə uyğun olaraq müasirləşdirilərək uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda bütün sahələrdə böyük nailiyyətlər əldə olunmuşdur. Eyni zamanda qeyd edilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində, beynəlxalq ictimaiyyətin Ermənistana qarşı loyal münasibəti haqlı narazılıq doğurur.
Asror Vlatipov bildirib ki, Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransda qlobal problemlər ətrafında müzakirələr aparılacaq. O, hesab edir ki, belə görüşlərin keçirilməsi, Asiya və Avropadan gəlmiş müxtəlif mütəxəssislər ilə təcrübə və fikir mübadiləsinin aparılması olduqca əhəmiyyətlidir. Həmçinin, A.Vlatipov bildirib ki, səfərinin digər məqsədi hər iki hakim partiya arasında əməkdaşlıq sazişinin imzalanmasıdır: "Bu vaxta qədər bizim münasibətlərimiz yüksələn xətlə inkişaf edib. Hamıya məlumdur ki, bütün sahələrdə ölkələrimiz arasında ikitərəfli əlaqələr var. Prezidentimizin tapşırıqlarına əsasən biz sizin partiya ilə əməkdaşlığa dair saziş imzalayacağıq. Mən hesab edirəm ki, hər iki partiya arasında başlanan dialoq davamlı olacaq və əhəmiyyəti baxımından yüksək dəyərləndirilməlidir".
Görüşdə qarşılıqlı maraq doğuran br sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.