PDF Oxu

Əsas

  • 20

Azərbaycan ilə Bolqarıstan arasında əlaqələr yüksək səviyyədədir

Azərbaycan ilə Bolqarıstan arasında əlaqələr yüksək səviyyədədir

Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək məqsədilə ölkəmizə səfər edən Bolqarıstan prezidentinin Qara dəniz məsələləri üzrə müşaviri Peter Kinev dünən səfər çərçivəsində "Yeni Azərbaycan" qəzetinin redaksiyasında olmuşdur.

İlk olaraq, qonaqlara ölkəmizdə həyata keçirilən siyasət və əldə olunmuş böyük nailiyyətlərlə bağlı ətraflı məlumat verilib. Həmçinin, Azərbaycanda milli mətbuatın inkişafı sahəsində görülən işlərə toxunularaq vurğulanıb ki, Azərbaycan mətbuatına göstərilən dövlət qayğısı və şəxsən Prezident İlham Əliyev cənablarının yüksək diqqəti sayəsində bu gün Azərbaycan mətbuatı problemlərini həll etmiş və yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verilib. Vurğulanıb ki, rəsmi Bakı bu problemin danışıqlar və sülh yolu ilə həllinə çalışır. Amma Ermənistanın qeyri-konstruktiv mövqeyi və müxtəlif bəhanələrlə danışıqları uzatmaq cəhdləri bu problemin yekun həllinə mane olur.

Bolqarıstan prezidentinin Qara dəniz məsələləri üzrə müşaviri Peter Kinev isə ölkəmizə müxtəlif dövrlərdə səfərlər etdiyini xatırladaraq bildirib ki, sonuncu dəfə 3 il öncə Bakıda olub: " Bu il isə elə gətirib ki, 3 ayda artıq 3-cü dəfədir ki, Bakıda səfərdəyəm. Əvvəlcə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında, daha sonra Bolqarıstan prezidentinin Bakıya səfəri zamanı nümayəndə heyətinin tərkibində burada olmuşam. Xatırladım ki, Prezident İlham Əliyev Bolqarıstanın ən yüksək dərəcəli ordeni ilə təltif olunub. Eləcə də, Bolqarıstan prezidenti Azərbaycanın ən yüksək hesab edilən "Heydər Əliyev" ordeni ilə təltif olunub. İndi isə dekabrın 21-də Bakıda keçiriləcək Forumda iştirak etmək üçün burdayam. Mövzunun özü mənə çox maraqlıdır. Azərbaycandakı inkişaf region və eləcə də, bizim üçün kifayət qədər önəmlidir. Burada baş verənlər bizi olduqca maraqlandırır".

Ölkələrimiz arasında əlaqələrin mövcud durumu haqqında danışan P.Kinev qeyd edib ki, iki ölkə arasında əlaqələr yüksək səviyyədədir: "Ölkələrimiz arasında dostluq münasibətləri var. Hələ Sovet İttifaqı dönəmində biz birlikdə idik və hazırda da Azərbaycanda çoxlu bolqar yaşayır və fəaliyyət göstərir. Bir neçə min azərbaycanlı hər il bizim ölkəyə istirahət etməyə gəlir. Bir sözlə, ölkələrimiz arasında qardaşlıq münasibəti var".

Görüşdə qarşılıqlı maraq doğuran müxtəlif məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər