PDF Oxu

Əsas

  • 9

“Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm”

“Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm”

Dünən "Hyatt Regency" otelinin "Quba" zalında Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Avropa Xalqları Partiyasının sədri Vilfred Martensin müəllifi olduğu "Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm" kitabının Azərbaycan dilində nəşrinin təqdimat mərasimi keçirildi. YAP İdarə Heyəti və Siyasi Şurasının üzvlərinin, Milli Məclisin deputatlarının və media nümayəndələrinin iştirak etdiyi mərasimi giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Sədr müavini Bahar Muradova bildirdi ki, keçirilən təqdimat mərasimi Azərbaycanla Avropa ölkələri arasında əlaqələrə öz töhfəsini verən tədbir olacaq. Çünki Azərbaycanın inkişaf istiqamətlərindən biri də Avropa ailəsinə daxil olmaq, dünyaya inteqrasiya siyasətini həyata keçirməkdir.

B.Muradova bildirdi ki, bu kitabın işıq üzü alması həm də ölkəmizin Avratlantik məkana inteqrasiyası istiqamətində atılan addımlara YAP-ın özünəməxsus töhfəsidir: "Kitab Avropa Xalqları Partiyasının rəsmi ideoloji mərkəzi sayılan Avropa Araşdırmalar Mərkəzinin nəşridir. Avropa Birliyi və Avropa Parlamenti tərəfindən maliyyələşdirilmişdir. Azərbaycanda Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə tərcümə və nəşr edilib. Kitab nəşr olunduğu vaxtdan ötən dövr ərzində həm ingilis, həm fransız, həm də türk və Azərbaycan dillərinə tərcümə edilib. Yaxın zamanlarda kitabın rus dilində nəşri gözlənilir. Tədbirdə iştirak edənlərin əksəriyyəti bir il bundan əvvəl kitabın ingilis dilində nəşrinin təqdimat mərasimini yaxşı xatırlayırlar. Etiraf edim ki, kitabın Azərbaycan dilində nəşrini oxuduqdan sonra nə dərəcədə geniş məlumat əldə etdim".

Vilfred Martensin həyat və fəaliyyəti barədə ətraflı məlumat verən B.Muradova bildirdi ki, o, son əlli ildə Belçikanın yetirdiyi ən məşhur siyasətçilərdən biridir: "U.Martensin çətinliklər içərisində böyüməsi, həmin illərdə ölkəsindəki ağır vəziyyət kitabda ardıcıllığı ilə qeyd edilir. Müəllifin o dövrdə çox gənc olmasına baxmayaraq, bu kimi hadisələrə qarşı mübarizənin önündə getməsi diqqətçəkən məqamlardandır. Bu, əlbəttə, çox ibrətamiz bir faktdır. Çünki Avropanın çox böyük təhlükələrlə üzləşdiyi həmin dövrdə sülhün, sabitliyin, əmin-amanlığın yaranmasına çox böyük ehtiyac var idi. Martens bu günədək zəngin və hərtərəfli fəaliyyəti ilə Avropa ölkələri, eyni zamanda, digər dövlətlərlə bu ölkələr arasında əlaqələrin inkişafına, daha da genişlənməsinə öz töhfəsini verir. Bu nailiyyətlər onu daha da ruhlandırır, əməkdaşlıq münasibətlərinin yeni istiqamətlərdə inkişafı üçün səylərini artırır".

"Biz çıxışlarımızda tez-tez "Avropa dəyərləri" deyilən bir ifadə işlədirik" söyləyən B.Muradova vurğuladı ki, bu dəyərləri yaxşı bilənlər bu gerçəkliyi də bilirlər ki, bu meyarlar, ilk növbədə, mənbəyini xristian demokratik dəyərlərdə götürür: "Xristian- demokratik dəyərlər o zaman Avropada, o cümlədən, Martensin vətəni olan Belçikada qarşıdurmaları aradan qaldırmaq üçün əsas ideya mənbəyi kimi götürülüb".

Milli Məclisin vitse-spikeri B.Muradova kitabın 10 fəsildən, hər fəsil isə bir neçə məqalələrdən ibarət olduğunu dedi. Vurğuladı ki, bu məqalələrin hər biri oxucu üçün əhəmiyyətlidir. Martensin Avropaya göstərdiyi xidmətlərin siyahısının uzun olduğunu diqqətə çatdıran B.Muradova bildirdi ki, kitabın əvvəlində onu nə üçün yazmasının səbəblərini açıqlayır: "Qeyd edir ki, memuar yazmaq bütün yazı işlərinin arasında ən çətinidir. Hətta bu, siyasi karyeranın yalnız bir hissəsini əhatə edəndə belə. O da bildirilir ki, bəzən fərqli və ziddiyyətli olan hissələri və təəssürtları bir araya gətirmək, eyni zamanda, keçmişdə qalmış hadisələri dəqiqliyi ilə təsvir etmək, mövcud olan zaman məsafəsinin imkan verdiyi dərəcədə mətni təhlillə və özünütənqidlə zənginləşdirmək, bununla belə həmin hadisələrin iştirakçısının yaşadığı emosiyaların reallığını, dərinliyini qoruyub saxlamaq bəzən mümkünsüz bir missiyaya çevrilir. Memuar yazmaq səmimiyyət və dəqiqlik tələb edən bir işdir. Kitab ilk səhifəsindən sonuna qədər səmimiyyət üzərində qurulmuşdur. Bu, yüksək qiymətləndiriləcək haldır. Kitabın tərtibatı çox sadə və cəlbedicidir. Martens düşünür ki, kitabın Azərbaycan dilinə çap olunmasına maraq haradan qaynaqlanır. Çünki onun ölkəsi regionların və icmaların birliyindən yaranmış bir ölkədir. Federalizm əsasında fəaliyyət göstərir. Azərbaycanda belə bir kitaba marağın olmasının özünəməxsus cavabı var. Çünki kitab Avropa ölkələrinin keçdiyi inkişaf və inteqrasiya mərhələlərinə işıq salmaqla yanaşı, bu dövlətlərin konfliktlərin həllində əldə etdikləri təcrübənin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".

"V.Martensin Avropada və dünyada tutduğu yer, beynəlxalq aləmdə gedən siyasi və iqtisadi proseslərdə oynadığı rol haqqında çox danışmaq olar. Buna da əsas verən Martensin 50 ildən artıq siyasi fəaliyyəti və çox zəngin həyat təcrübəsidir" söyləyən B.Muradova qeyd etdi ki, "Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm" kitabında bu reallıqlar öz əksini tapıb. "Düşünürəm ki, bu kitab hər kəs üçün maraqlı olacaq. Martens kimi şəxsiyyətlər öz həyatlarını yox, Avropanın həyatını yaşayırlar. Kitabın sonunda Martens bildirir ki, Avropa Xalq Partiyası dəyərlər partiyasıdır. Əgər bir gün bu partiya bu dəyərlərdən üz çevirib, siyasi ambisiyalara uyğun hərəkət edərsə, o, yalnız siyasi hakimiyyəti əldə saxlamaq alətinə çevriləcək. Məhz bu kimi fikirlərdən onun tutduğu yola sadiqliyi, dünya üçün nə qədər məsuliyyət hissi daşıdığı bir daha aydın görünür."

Milli Məclisin Beynəlxalq Münasibətlər və Palamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov V.Martensi Azərbaycanda yenidən görməkdən məmnun olduğunu bildirdi. Qeyd etdi ki, kitab faktiki olaraq Avropanın tarixidir. Avropanın bu gün belə güclənməsi mövcud dəyərlərlə sıx bağlıdır. Kitab ona görə əhəmiyyətlidir ki, o dəyərlərin müdafiəsini, əsil Avropanın mahiyyətini müdafiə edən fikirləri öz içərisində ehtiva edir. Yeni nəşrin ön sözündə xanım A.Merkel V.Martens haqqında çox gözəl sözlər deyib. Bildirib ki, son 50 ildə Belçikanın Avropaya bəxş etdiyi ən yüksək səviyyəli siyasətçi məhz V.Martensdir. O, 1979-1990-cı illərdə Belçikanın baş naziri kimi fəaliyyət göstərib. Bu dövrdə V.Martens fəaliyyəti ilə Belçikanı ən yüksək mərhələlərə yüksəldərək Avropanın ən inkişaf edən ölkələrindən birinə çevirdi. Martens daim siyasi fəaliyyətlə məşğul olub. Məhz ona görə 1976-cı ildə Avropa Xalqları Partiyasının yaracıdıcılarından biri olub və 90-cı ildə onun prezidenti seçilib. V.Martens bu günədək Avropada ən nüfuzlu, ən yüksək səviyyəli partiyanın sədridir. Bu gün Avropa Birliyində, Avropa Parlamentində, Avropa Şurasında Avropa Xalqları Partiyası ən təsiredici siyasi qüvvədir. Təsəvvür edin ki, Avropa Birliyinə daxil olan 27 ölkədən 16-sında rəhbər həmin partiyanın üzvüdür.

S.Seyidov bir xəbəri də Martensin diqqətinə çatdırdı. Bildirdi ki, müəyyən müddətdən sonra Avropa Şurası Parlament Assambleyasının prezidenti Avropa Xalq Partiyasının nümayəndəsi olacaq.

Komitə sədri Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə kitabın Azərbaycan dilində nəşrini yüksək dəyərləndirdiyini diqqətə çatdırdı.

Tədbirdə çıxış edən V.Martensin yaxın dostu, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının təsisçisi və daim Komitənin həmsədri Xose de Venesiya kitabın əhəmiyyətindən, Martensin siyasi fəaliyyətindən geniş bəhs etdi.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, YAP Gənclər Birliyinin beynəlxalq əlaqələr üzrə sədr müavini Ramin Məmmədov çıxışlarında Azərbaycanın xarici siyasət sahəsində əsas istiqamətlərdən birinin Avropaya inteqrasiya olduğunu qeyd etdilər. Vurğulandı ki, bu yolda Avropa təşkilatları ilə çox yüksək səviyyədə əlaqələr qurulub. Azərbaycanın Avropa Birliyinə üzv olan ölkələrlə əlaqələri yüksək səviyyədədir. Məqsəd dünyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənmək, respublikamızda mövcud olan meyarları Avropa dəyərlərinə uyğunlaşdırmaqdır. Dünyaya inteqrasiya siyasətini uğurla həyata keçirən Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar dünya dövlətləri, təşkilatlar tərəfindən də təqdir olunur.

O da qeyd edildi ki, ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının xarici əlaqələrini gündən-günə möhkəmləndirməsi sevindirici haldır. Ölkəmizdə vətəndaş cəmiyyətinin möhkəmlənməsi, qanunun aliliyinin yüksək səviyyədə təmin olunması, demokratikləşmə prosesinin sürətlənməsi aparıcı siyasi partiyaların Avropanın tanınmış siyasi qurumları ilə əməkdaşlığının inkişafına çox böyük təsir göstərir.

Çıxış edənlər bu istiqamətdə Yeni Azərbaycan Partiyasının gördüyü işləri yüksək dəyərləndirdiklərini bildirdilər.

Sonda müəllif çıxış edərək təqdimatın belə yüksək səviyyədə keçirilməsinə görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkürünü bildirdi. Azərbaycana ikinci dəfə gəldiyini qeyd edən müəllif ölkəmizin böyük inkişaf yolunda olduğunu diqqətə çatdırdı. V.Martens çıxışında kitabda yer alan mövzular, Avropanın inkişaf tarixi, eləcə də, Avropa Xalqları Partiyasının bu qitədəki önəmi haqqında fikirlərini bildirdi. Söylədi ki, nəşr siyasi fəaliyyətinin əlli ilini özündə birləşdirir: "Son əlli ildə Belçikanın keçdiyi inkişaf yolunu gənclərə çatdırmağı qarşıma mühüm vəzifə kimi qoyduğum üçün kitabın ərsəyə gəlməsindən, onun belə rəğbətlə qarşılanmasından böyük sevinc hissi keçirirəm."

Müəllif Azərbaycan haqqında təəssüratlarının böyük olduğunu qeyd etdi: "Ölkəniz inkişaf və tərəqqi yolundadır. Hər ötən dövrün yeni uğurlarla yadda qalması böyük hadisədir. Azərbaycanın bugünkü inkişafını yüksək dəyərləndirirəm. Ölkənizdə demokratiyanın inkişafı sahəsində görülən işləri xüsusi qeyd etmək istərdim."

V.Martens bir daha nəşr haqqında söylənilən xoş sözlərə görə tədbir iştirakçılarına minnətdarlığını bildirdi və kitabı YAP Sədrinin müavini, İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədova təqdim etdi.

Təqdimatdan sonra kitabın imza mərasimi keçirildi.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər