Dünən Yeni Azərbaycan Partiyasının Mərkəzi qərargahında "Modernləşdirmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün YAP-ın dəvəti ilə ölkəmizə səfər etmiş Vyetnam Kommunist Partiyası məsul işçilərinin qəbul-görüşü keçirilmişdir.
YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov qonaqları salamladıqdan sonra keçiriləcək konfransın mahiyyəti barədə məlumat verərək, bildirdi ki, bu cür tədbirlər dövlətlərarası müasir yaxınlaşmaya xidmət edən əhəmiyyətli amillərdən biri kimi dəyərləndirilir: "Mən sizləri, Vyetnam Kommunist Partiyasının məsul işçilərini salamlayır, sizi burada görməyimdən şərəf hissi keçirdiyimi bildirirəm. Sabahkı (bugünkü) "Modernləşdirmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" adlı konfransın keçirilməsi ölkələr arasında, eləcə də, iki ölkə və xalqlar arasında yaxınlaşmağa doğru atılan addım kimi də dəyərləndirilə bilər. Eyni zamanda, bildirmək istərdim ki, beynəlxalq aləmdə siyasi modernləşməyə hər zaman ehtiyac duyulmuşdur və burada sosial-iqtisadi yeniliyin, müasirliyin olması da, çox vacibdir. Hesab edirəm ki, beynəlxalq konfrans Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında yeni əməkdaşlıq səhifələrinin açılmasına da xidmət göstərəcək".
Görüşdə Vyetnam Kommunist Partiyası xarici əlaqələr şöbəsinin müdiri, İCAPPDK üzvü Vounq Thua Phonq qonaqpərvər və xoş dəvətə görə, Yeni Azərbaycan Partiyasına təşəkkürünü bildirdi. V.T.Phonq xatırlatdı ki, Heydər Əliyev hələ Moskvada Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən 1983-cü ildə onun ölkəsinə səfər etmişdir: "Vyetnamda Azərbaycanı yaxşı tanıyırlar. Çünki bu ölkənin Ümummilli Lideri Heydər Əliyev kimi dahi şəxsiyyəti var. Məhz həmin ərəfələrdə Heydər Əliyev Vyetnama səfər edərkən mən Onun şəxsi tərcüməçisi vəzifəsini icra etmişəm. Bundan qürur hissi duyaraq, vurğulamaq istərdim ki, bu gün dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının dəvəti ilə buradayam və sizlərlə görüşürəm. Bildirmək istərdim ki, Vyetnam da neftlə zəngin olan ölkə kimi tanınır. Lakin hələ o zamanlar, müəyyən səbəblərdən ölkəmiz bütün sahələrdə inkişafdan geri qalırdı. O dövrlərdə gənc vyetnamlılar Azərbaycana gələrək, burada bütün sahələr üzrə ali təhsil alırdılar. Bu gün onların arasında kifayət qədər tanınmış partiya xadimləri, alimlər və ziyalılar var. Həmçinin, onu da bildirmək istərdim ki, Heydər Əliyevin Vyetnama səfəri zamanı Onun körpü açılışında iştirak etməsi bu gün də Vyetnam xalqının hafizələrindən silinməyib. Xatırladım ki, bu gün Vyetnamda "Bakı" küçəsi mövcuddur və bu küçə öz gözəlliyi ilə seçilir. O zamandan məlum idi ki, Heydər Əliyev qurucu, yaradıcı şəxsiyyətdir. Bu gün Azərbaycanın inkişafı məhz Onun öz xalqına bəxş etdiyi dəyərli, əvəzsiz töhfədir. Sabahkı (bugünkü) konfransda da iki ölkələr arasında olan yaxınlaşma və dostluğun inkişaf edəcəyini vurğulamaq istərdim."
YAP İcra katibi Əli Əhmədov qonağın çıxışından sonra, onun fikirləri ilə razılaşdığını bildirdi və qeyd etdi ki, ölkələr arasındakı yaxınlaşma vacib və əhəmiyyətlidir. Həmçinin, onu da vurğuladı ki, məhz həmin dövrlərdə Azərbaycanda təhsil alan çoxlu vyetnamlı gənclər var idi: "Onların böyük hissəsi Neft Akdemiyasında və Bakı Universitetində təhsil alıblar. Vyetnamlı gənclər müxtəlif fakültələrdə təhsil almaqla yanaşı, aspiranturalarda öz təhsillərini davam etdiriblər. Mən həmin dövrlərdə Bakı Dövlət Universitetində çalışırdım. Çox sevinirəm ki, bu gün həmin tələbələrin böyük əksəriyyəti Vyetnamda müxtəlif məsul vəzifələrdə çalışaraq, öz ölkələrinə mühüm səmərələr verirlər. Düşünürəm ki, bu tarixi əlaqələr Azərbaycanla Vyetnam arasındakı yaranmış dostluğun təməl prinsipləridir. Həmçinin, ümid edirəm ki, onlar Azərbaycanı unutmayıblar, Bakı haqqında xoş xatirələrə malikdirlər. Hesab edirəm ki, bu dostluq əlaqələrin daha da genişləndirmək vacibdir. Eyni zamanda, bunu həm dövlət, həm də digər sahələrdə - partiyalarımız arasında etmək lazımdır. SSRİ süquta uğradıqdan sonra, müstəqil Azərbaycan dövləti yarandı, bu dövlətin müstəqilliyi belə əhəmiyyətli yaxınlaşmalara yol açdı. Bu gün ölkəmiz sosial, iqtisadi və siyasi sahələrdə bir çox ölkələrlə yaxınlıq-dostluq əməkdaşlığı qurur, o cümlədən, Vyetnamla da bu əməkdaşlığın qurulması yalnız inkişafa doğru atılan addım kimi qiymətləndirilməlidir. Müstəqillik əldə edildikdən sonra, Azərbaycanda bir çox siyasi partiyalar yarandı. Məhz bu gün hakim partiya olan Yeni Azərbaycan Partiyası dövlətimizin inkişafı istiqamətində mühüm rol oynayır".
Görüşdə YAP İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Vyetnam Kommunist Partiyası tərəfindən isə VKP xarici əlaqələr şöbəsinin müdiri, İCAPPDK üzvü Vuonq Thua Phonq, VKP xarici əlaqələr şöbəsinin məsul işçisi Tran Thi Kim Vinh, VKP xarici əlaqələr şöbəsinin məsul işçisi Tran Canh Hunq iştirak ediblər.
RƏFİQƏ KAMALQIZI