PDF Oxu

Əsas

  • 19

Yeni Azərbaycan Partiyasında Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyasında Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Dünən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP-ın Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədovun Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr şöbəsi nazirinin müavini Çen Fensyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirildi.

Ç.Fensyan Bakıda keçirilmiş "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda konfransın yüksək səviyyədə təşkili münasibətilə təbriklərini Ə.Əhmədova çatdırdı: ""Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə təşkili Azərbaycanın sürətli inkişafının və modernləşməyə verdiyi əhəmiyyətin göstəricisidir. Xüsusilə də, qeyd etməliyəm ki, bu YAP-ın təşkil etdiyi ilk belə tədbir deyildir. Hər dəfə də aktuallığı ilə seçilən yeni mövzuların müzakirəyə çıxarılması olduqca müsbət haldır və ÇKP bunu yüksək qiymətləndirir".

Bakıya bundan əvvəl də gəldiyini vurğulayan qonaq söylədi ki, hər səfərində böyük dəyişikliklərin şahid olur. O, paytaxt Bakının çox gözəlləşdiyini bildirdi. Ç.Fensyan, həmçinin, qeyd etdi ki, partiyalararası əlaqələr, ölkələr arasındakı əməkdaşlığa öz müsbət töhfələrini verəcək: "Bilirik ki, dekabrın 24-də Azərbaycanın Prezidenti İlham Əliyevin 50 illik yubileyi qeyd olunacaq. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan çox böyük inkişaf yolu keçmişdir. Qlobal maliyyə böhranından az təsirlə çıxmaq böyük hünər tələb edir. Çin hökuməti Azərbaycanın əldə etdiyi bütün uğurları təqdir edir və alqışlayır. Hər iki dövlətin uğurları dövlətimiz və xalqlarımızın münasibətlərinə də xoş təsir göstərir".

YAP-ın Sədr müavini Əli Əhmədov bu yaxınlarda Çinə etdiyi səfəri məmnunluqla xatırladaraq keçirilən görüşlərin, aparılan danışıqların əhəmiyyətini yüksək dəyərləndirdi: "Çin çox sürətlə inkişaf edir və bu dinamika xarici dövlətlər tərəfindən diqqətlə izlənilir. Xüsusilə də, yeni texnologiyaların tətbiqi, iqtisadiyyatın modernləşməsi güclü marağa səbəb olmuşdur. Azərbaycan da sürətlə inkişaf edən ölkədir və dövlət müstəqilliyini bərpa etdikdən sonra bir sıra uğurlara imza atıbdır. İqtisadiyyatın modernləşməsi istiqamətində tədbirlər davam etdirilir. Bu baxımdan, hesab edirik ki, Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına, təcrübə mübadiləsinə böyük ehtiyac vardır. Düşünürük ki, bizim hakim partiyalarımız - YAP və ÇKP arasında əlaqələrin inkişafına dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin daha da dərinləşməsinə və inkişafına xidmət edəcəkdir".

Əli Əhmədov onu da bildirdi ki, Azərbaycanın iqtisadi inkişafı bütün sahələrdə Çinlə əməkdaşlıq etməyə imkan verir. Onun sözlərinə görə, modernləşmə siyasəti bu gün dünya miqyasında əsas problemlərdən biri kimi özünü büruzə verir və bunun həlli istiqamətində ölkələr öz səyini əsirgəməməlidir. Sonra görüşdə qarşılıqlı səfərlər, parlamentlər və partiyalararası əlaqələrin inkişaf perspektivləri, siyasi və iqtisadi sahədə, xüsusən, modernləşmə ilə bağlı təcrübə mübadiləsi barədə geniş fikir mübadiləsi aparıldı. Çen Fensyan, həmçinin, YAP nümayəndə heyətini 2012-ci ildə Çinə səfərə dəvət etdi.

Görüşdə YAP İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, millət vəkili Ərəstun Cavadov, YAP Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev və YAP-ın beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Aytac Əliyeva iştirak etdi.


R.HÜSEYNOVA

Digər xəbərlər