PDF Oxu

Əsas

  • 12

YAP-da növbəti beynəlxalq görüş keçirilib

YAP-da növbəti beynəlxalq görüş keçirilib

Duşan Petroviç: "Hesab edirəm ki, hakim Yeni Azərbaycan Partiyası ilə Serbiya Demokrat Partiyası arasında imzalanmış Memorandum xalqlarımız arasında dostluq münasibətlərinin daha da dərinləşməsinə və inkişafına xidmət edəcəkdir" Dünən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Serbiya Demokrat Partiyasının rəhbərliyi ilə görüş keçirildi. Yeni Azərbaycan Partiyası ilə Serbiya Demokrat Partiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimində YAP-ın İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, partiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev iştirak etdi.

Mərasimdən əvvəl keçirilən görüşdə Əli Əhmədov qonaqları salamalayaraq, beynəlxalq konfransda iştirak etdikləri üçün onlara öz təşəkkürünü bildirdi. YAP Sədrinin müavini səfər çərçivəsində partiyalar arasındakı əməkdaşlığın ölkələr arasındakı münasibətlərə də öz müsbət təsirlərini göstərəcəyini söylədi: "Azərbaycanla Serbiyanın həyatında oxşar cəhətlər çoxdur və bu baxımdan münasibətlərin, əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ilə Serbiya arasında əlaqələrin yüksələn xətlə inkişaf etməsi iki dövlət başçıları arasındakı dostluq əlaqələrinə və bu ölkələr arasındakı münasibətlərin hərtərəfli inkişafına geniş imkanlar açıb. Qarşılıqlı səfərlər zamanı imzalanmış çoxsaylı sənədlər əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaradıb".

YAP İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının yaranma tarixi, Azərbaycanın ictimai-siyasi həyatındakı rolu, beynəlxalq əlaqələri barədə də qonaqlara ətraflı məlumat verdi. Onun sözlərinə görə, YAP bir sıra beynəlxalq təşkilatlar və siyasi partiyaların blokları ilə sıx əməkdaşlıq edir. Serbiya Demokrat Partiyasının sədr müavini, bu ölkənin kənd təsərrüfatı, ticarət, meşəçilik və su təsərrüfatı naziri Duşan Petroviç onlara göstərilən qonaqpərvərliyə və Bakıda keçirilmiş "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirdi. Nazir onu da vurğuladı ki, Serbiya regionun ən çox inkişaf etmiş ölkəsi olan Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır: "Bu gün iki ölkə arasında münasibətlər daha da möhkəmlənir. Hökumətlərarası Komissiya həyatın müxtəlif sahələrində əməkdaşlığın genişlənməsini təmin edir".

Duşan Petroviçin sözlərinə görə, bu sənədin imzalanması təkcə iki partiya arasında deyil, həmçinin, gələcəkdə iki ölkə arasında böyük bir perspektivlər açacaq: "Son iki ildə dövlətlərimizin əlaqələrində böyük inkişaf müşahidə olunur. Ötən il Serbiyanın Prezidenti, Serbiya Demokrat Partiyasının sədri Azərbaycanı ziyarət etdi. Eyni zamanda, bir neçə ay əvvəl Prezident İlham Əliyev də ölkəmizdə səfərdə oldu. Düşünürəm ki, bu səfərlər əməkdaşlığımızın təməlini qoymaqla yanaşı, gələcəkdə əlaqələrimizin inkişafında da çox böyük rol oynayacaq. Məlumdur ki, Yeni Azərbaycan Partiyasının Avropanın müxtəlif partiyaları ilə də çox gözəl əlaqələri var. Eyni zamanda, Serbiyanın Demokratik Partiyası da başqa partiyaların yaxın əməkdaşıdır. Qeyd edim ki, bu sənədin imzalanması təkcə siyasi və ideoloji birləşmə deyil. Məsələyə başqa tərəfdən baxdıqda, bunu dövlətlərin və dostluğumuzun birləşməsi kimi qiymətləndirə bilərik. Mən hesab edirəm ki, bizim gələcək üçün çox böyük perspektivlərimiz var. Əminəm ki, gələcək 10 ildə ölkələrimiz çox böyük nailiyyətlər əldə edəcəklər. Əlbəttə ki, bütün bunlar bizim işbirliyimiz əsasında olacaq. Hesab edirəm ki, hakim Yeni Azərbaycan Partiyası ilə Serbiya Demokrat Partiyası arasında imzalanmış Memorandum xalqlarımız arasında dostluq münasibətlərinin daha da dərinləşməsinə və inkişafına xidmət edəcəkdir".

Sonda iki partiya arasında əməkdaşlıq haqqında saziş imzalandı. Sazişi YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov və Serbiya Demokrat Partiyasının sədr müavini Duşan Petroviç imzaladılar.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər