PDF Oxu

Əsas

  • 11

Misirin “Al-Gumhuriya” qəzeti ilə “Səs” qəzeti arasında birgə əməkdaşlığa dair razılaşma imzalanıb

Misirin “Al-Gumhuriya” qəzeti ilə “Səs” qəzeti arasında birgə əməkdaşlığa dair razılaşma imzalanıb

Dünən Misirin "Al-Gumhuriya" qəzeti ilə "Səs" qəzeti arasında birgə əməkdaşlıq və informasiya mübadiləsinə dair razılaşma imzalanıb. SİA-nın xəbərinə görə, razılaşmanı "Səs" qəzetinin baş redaktoru, Səs İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev və Misirin "Al-Gumhuriya" qəzetinin redaktor müavini Mohamed İsmail imzalayıb.

İlk olaraq, qonağı salamlayan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev onu redaksiyada görməkdən məmnun olduğunu bildirib. Qəzetin tarixi barədə qonağa məlumat verən B.Quliyev vurğulayıb ki, 20 illik tarixə malik olan qəzet Ulu Öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsində mühüm ideoloji rol oynayıb və hazırda bu istiqamətdə fəaliyyətini davam etdirir.

Baş redaktor misirli qonağa Azərbaycanda söz və mətbuat azadlığının təmin olunmasında Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyev ideylarına sadiq qalaraq mətbuatın inkişafına göstərdiyi diqqət və qayğı barədə məlumat verdi: "Bu gün Azərbaycanda mətbuat azad və demokratik fəaliyyət göstərir. Bütün KİV-lərin inkişafı üçün böyük imkanlar yaradılıb. Hazırda Azərbaycanla Misir arasında dostluq əlaqələri mövcuddur. Ümummilli Lider Heydər Əliyevin qoyduğu dostluq ənənələri indi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz də mətbuat olaraq bu əlaqələrin inkişaf etdirilməsinə çalışmalıyıq. Bu baxımdan da Misirin və Azərbaycanın aparıcı mətbu orqanları olan "Al-Gumhuriya" və "Səs" qəzetləri arasında razılaşmanın imzalanması çox önəmlidir. Belə bir razılaşmanın əlamətdar bir gündə - ölkə başçısı İlham Əliyevin 50 illik yubileyi ərəfəsində imzalanması bizi çox sevindirir. İnanırıq ki, Misirin "Al-Gumhuriya" qəzeti Azərbaycan həqiqətlərinin, idman, mədəniyyət, siyasət, iqtisadiyyat və digər sahələrdəki uğurlu inkişafı barədə məlumatları Misir, eləcə də, Yaxın Şərq ictimaiyyətinə çatdırılmasında yardımçı olacaq".

"Al-Gumhuriya" qəzetinin redaktor müavini Mohamed İsmail isə Azərbaycanla Misir arasında əlaqələrin hələ SSRİ dövründən qurulduğunu bildirdi: "Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Azərbaycanda ilk səfirliyi də Misir açıb. Misir hər bir sektor üzrə Azərbaycanla əməkdaşlıq edir."

Qonaq onu da söylədi ki, bu gün "Səs" qəzetinin redaksiyasında olmaq onun üçün çox xoşdur: "Bildiyimiz qədər, sizin qəzet Azərbaycanda ən irəlidə gedən qəzetlərdəndir. "Al-Gumhuriya" qəzeti də Yaxın Şərqdə tirajına görə 3-cü yeri tutur. İlk dəfə olaraq 1953-cü il sentyabrın 7-də çıxan qəzet bu gün 57 yaşını qeyd edir. Misir mətbuatı bu gün irəliyə getmək üçün xeyli səylər göstərir və birgə əməkdaşlıqlara xüsusi önəm verir. Azərbaycanın "Səs" qəzeti ilə birgə əməkdaşlığa dair razılaşmanın imzalanması da bu əlaqələrin daha geniş şəkildə qurulmasına müsbət təsirini göstərəcək. Çox şadam ki, bu razılaşma Azərbaycan Prezidenti İlham Əliyevin 50 illik yubileyi ərəfəsində imzalanır və bu da bizim üçün böyük fəxrdir. Bu bayram münasibəti ilə də Azərbaycan xalqını və dövlət başçısını təbrik edirəm".

Tərəflər arasında razılaşmanın imzalanmasından sonra "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev məlumat verib ki, gələn ilin mart ayında "Al-Gumhuriya" qəzetinin baş redaktoru Azərbaycana səfər edəcək. Bu səfər çərçivəsində "Al-Gumhuriya" qəzeti ilə "Səs" qəzeti arasında birgə əməkdaşlığa dair memorandum imzalanacaq.

Digər xəbərlər