PDF Oxu

Əsas

  • 24

Milli Məclisin növbəti plenar iclası keçirildi

Milli Məclisin növbəti plenar iclası keçirildi

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, sabah Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günü, 50 illik yubileyidir. Möhtərəm Prezidentimiz Azərbaycanın bugünkü inkişafını təmin etmək və xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə Azərbaycan xalqının dərin hörmət və məhəbbətini qazanmışdır:

"Biz Prezidentimizə, xüsusən, ona görə minnətdarıq ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və davam etdirir. Cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına gətirib çıxarmışdır. Müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək üçün, geosiyasi təlatümlərdən, gizli axınlardan, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı üçün tarixi bir şansdır ki, bu gün ölkəmizə İlham Əliyev kimi dərin zəkaya, analitik təfəkkür tərzinə malik olan, dünyada gedən siyasi və iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir. Cənab İlham Əliyev öz vətənini sevən, xalqını sevən, azərbaycançılıq amalını qəlbində daşıyan bir rəhbərdir. Dünya siyasətində belə bir məfhum vardır ki, "xarici siyasətin başlıca prinsipi ölkə daxilində yaxşı idarəçilikdir". Azərbaycanın ötən illər ərzində apardığı uğurlu xarici siyasət, geniş bir bölgədə söz sahibi olması, tarixdə ilk dəfə olaraq, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi məhz ölkə daxilində möhtərəm Prezidentimizin həyata keçirdiyi müdrik siyasətin məntiqi davamı olmuşdur. Biz hamımız əminik ki, Azərbaycan ildən-ilə daha da irəli gedəcək, daha da inkişaf edəcək və dünyanın inkişaf etmiş dövlətləri arasında layiq olduğu yerini tutacaqdır. Bu gün xalqımızı düşündürən problemlər, xüsusən, torpaqlarımızın erməni işğalından azad edilməsi, qaçqın və köçkün soydaşlarımızın öz yurd-yuvalarına qayıtması məsələsi həll ediləcəkdir.

Möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasət buna təminat verir. Bu işdə dövlət başçısına kömək göstərmək, ölkəmizin qanunvericilik bazasını daha da möhkəmləndirmək və təkmilləşdirmək yolunda Milli Məclis bundan sonra da öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir".

Milli Məclisin Sədri çıxışının sonunda 50 illik yubileyi münasibəti ilə Prezident İlham Əliyevi deputatlar adından ürəkdən təbrik etdi, ona fəaliyyətində yeni-yeni uğurlar arzuladı! Sonra Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan parlamenti adından Prezident İlham Əliyevə ünvanlanmış təbriki oxudu. Gündəliyin müzakirəsinə keçməzdən əvvəl deputatlar çıxış edərək, Fransa parlamentinin qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsini kəskin pislədilər.


Siyavuş Novruzov: "Olmayan bir məsələni Avropa dövlətinin öz parlamentində müzakirə etməsi və belə bir qərar qəbul etməsi Avropa dəyərlərinin əleyhinə olan addımdır"


YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov dedi ki, bu məsələ cəmiyyətdə çox ciddi hiddətlə qarşılanır: "Çünki olmayan bir məsələni Avropa dövlətinin öz parlamentində müzakirə etməsi və belə bir qərar qəbul etməsi Avropa dəyərlərinin əleyhinə olan addımdır. Bu məsələnin araşdırılması tarixçilərin işidir. Mən bu qərarı qətiyyən pisləyirəm. Hesab edirəm ki, Azərbaycan parlamenti, Azərbaycan xalqı Türkiyənin yanındadır, Türkiyəyə dəstəkdir. Əsrin sonunda baş verən Xocalı faciəsi qanlı hadisə olan və faktlarla, sənədlərlə, videolentlərlə olan bu soyqırımı haqqında bu günə qədər həmin parlamentdə bir dəfə də belə söz deyilməyib. Ancaq əsrin əvvəllərində uydurma soyqırımı aktı hər hansı bir Avropa ölkəsinin parlamentində müzakirə olunurmu? Hətta belə bir qərar qəbul olunur ki, bu akta qarşı etirazını bildirən şəxs 45 min avro cərimə olunmaqla, bir il müddətinə həbs olunacaq. Bu yolverilməzdir. Hesab edirəm ki, biz bunu pisləməliyik. Hər bir Milli Məclisin deputatı buna öz münasibətini bildirməlidir.".

Azərbaycanın bu məsələdə Türkiyənin yanında olduğunu deyən Siyavuş Novruzov qeyd etdi ki, Azərbaycan iqtidarının ünvanına böhtan atanlar, təəssüflər olsun ki, öz sığınacaq yerlərini Fransada tapıblar. Bu da nə azərbaycanlılara, nə də türklərə məhəbbətdən irəli gəlmir.


Mübariz Qurbanlı: "Türkiyənin güclənməsindən narahat olan bəzi dairələr qondarma "erməni soyqırımı"ndan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər"


YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının sözlərinə görə, Fransa parlamentində "qondarma soyqırımı" ilə bağlı məsələlərin müzakirəyə çıxarılması Türkiyəyə qarşı əsassız cəhdlərin və təzyiqlərin davamıdır: "Yəni tarix təkrar olunur. Türkiyənin güclənməsindən narahat olan bəzi dairələr qondarma "erməni soyqırımı"ndan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər. Hazırda 20-yə yaxın ölkədə "qondarma soyqırımı" tanınıb. Bu, nə Türkiyənin inkişafını dayandıra, nə də onun mövqeyini zəiflədə bilər. Əminəm ki, Fransa, eləcə də, başqa ölkələr də belə qərarların qəbul edilməsi qardaş Türkiyənin fəaliyyətinə və onun mövqeyinə heç bir təsiri olmayacaq. Əlbəttə ki, bütün Azərbaycan ictimaiyyəti tərəfindən bu məsələ pislənilir. Eyni zamanda, Fransanın özündə də ticarət və biznes dairələrində bu məsələyə münasibət birmənalı deyildir. Fransa parlamentində belə bir antidemokratik qərarın qəbul edilməsinin nə fransızlara, nə də ermənilərə xeyiri var. Bu beynəlxalq aləmdə regionda, sülhə, əmin-amanlığa zərbə vuran bir hərəkətdir".

Deputat İqbal Ağazadə qeyd etdi ki, bir müddət əvvəl Fransa parlamenti qondarma "erməni soyqırımı"nı tanıyıb. Son qərarla isə Fransa əslində ifadə azadlığına, insan azadlıqları və haqlarına qarşı addım atıb. Fransa bununla öz vətəndaşlarının haqlarına qarşı gedib. Bu, antidemokratikliyə doğru addımıdır.

Deputat Məlahət İbrahimqızı bildirdi ki, bu günlərdə Azərbaycan qeyri-hökumət təşkilatları Fransa QHT-lərini özündə birləşdirən şuraya müraciət edib. Fransa QHT-lərini birləşdirən şuradan alınan cavab məktubunda göstərilib ki, Fransanın QHT-ləri də belə bir addımı qətiyyətlə pisləyirlər. Fransa parlamentinin bu addımını pisləyən Məlahət İbrahimqızı əlavə etdi ki, bizim etirazlarımız Fransa xalqına yox, bir qrup fransız siyasətçisinədir.


Əli Əhmədov: "Fransa parlamenti tərəfindən uydurma "erməni soyqırımı"nı tanımayanlara qarşı məsuliyyət müəyyən edən qanun layihəsinin qəbul olunması demokratiya anlayışı ilə uzlaşmır"


Yeni Azərbaycan Partiyasının Sədr müavini, Milli Məclisin deputatı Əli Əhmədovun sözlərinə görə, qondarma iddialar əsasında Fransa parlamenti tərəfindən uydurma "erməni soyqırımı"nı tanımayanlara qarşı məsuliyyət müəyyən edən qanun layihəsinin qəbul olunması demokratiya anlayışı ilə uzlaşmır: "Bu sənədin qəbulu Fransanın demokratik dövlət və cəmiyyət kimi imicinin üzərinə çox ciddi kölgə salır. Bundan sonra Fransanın hər hansı məsələ ilə bağlı kiməsə demokratiya dərsi keçmək cəhdlərinin qarşısı alınmalıdır. Fransanın bu qərarı Türkiyəyə qarşı çevrilib və Azərbaycan cəmiyyəti Türkiyəyə yönəlmiş bu qərara kəskin şəkildə etirazını bildirir. Ölkə vətəndaşlarının iradəsini ifadə edən Azərbaycan parlamenti də bu məsələ ilə bağlı mövqeyini ortaya qoymalıdır".

Əli Əhmədov, həmçinin, qeyd etdi ki, bundan sonra Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz üzərinə götürdüyü missiyanı da ədalətli və qərəzsiz şəkildə həyata keçirəcəyinə şübhələr daha da artacaq: "Minsk Qrupunun 20 ilə yaxındır ki, fəaliyyət göstərməsinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ciddi nəticəyə gətirən addımlar atılmayıb. Bunun səbəblərindən biri də odur ki, Fransa münaqişənin həllinə dair ədalətli yanaşma ortaya qoya bilməyib. Tarixdə baş verməyən bir hadisə haqda qanun qəbul edən Fransa parlamenti indiki nəsillərin gözü qarşısında baş verən faciələrə münasibət bildirməkdə belə "operativlik" göstərə bilmir. Xocalı soyqırımına münasibətini ifadə etmədən Minsk Qrupunun həmsədr dövlətlərindən biri kimi Fransanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunması üçün səylər göstərəcəyinə inanmaq çox çətindir. İndiki təşəbbüslər, sadəcə, imitasiya yaratmaq cəhdlərindən başqa bir şey deyil".


Bahar Muradova: "Bu qərar təkcə Fransada yaşayan türklərə və yaxud da azərbaycanlılara qarşı yönəlmir"


"Türkiyədə yaşayan bütün soydaşlarıma, türk siyasətçilərinə və rəsmilərinə üzümü tutub deyirəm - Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı və Azərbaycan parlamenti, Azərbaycan dövləti həmişə sizin yanınızdadır. Azərbaycan bütün haqq işinizdə hər zaman sizi dəstəkləyib bundan sonra da dəstəkləyəcək. Eyni zamanda, üzümü Avropa Birliyinə və ona daxil olan təşkilatlara, ölkələrə tutub deyirəm. Bu qərar təkcə Fransada yaşayan türklərə və yaxud da azərbaycanlılara qarşı yönəlmir. Əminəm ki, Avropa Birliyinə daxil olan ölkələrdə kifayət qədər rəsmi şəxslər və sıravi vətəndaşlar var ki, onlar tarixdə belə bir hadisənin olmadığını və yaxud da belə bir hadisələrə görə insanların azadlıqlarını məhdudlaşdıran belə bir qərarın yolverilməz olduğunu bilirlər". Milli Məclis Sədrinin müavini Bahar Muradovanın sözlərinə görə, bu addım təkcə Türkiyənin Şərqdə, eləcə də, ərəb dünyasında söz sahibi olmasının qarşısını almağa deyil, həm də Türkiyənin Avropa Birliyinə girişinin qarşısının alınmasına yönəlib. Bu qərar qəbul ediləcəyi təqdirdə, Türkiyə çox ciddi cavab tədbirləri görəcək.


Ziyafət Əsgərov: "Bu, bir qrup vəzifə azarkeşinin, vəzifə hərisinin haikmiyyətdə qalmaq naminə ortaya atdığı bir məsələdir"


Fransan parlamentinin qərarını pisləyən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov dedi ki, 5 respublika qurmuş Fransa demokratiyasına bu cür hərəkətlər yaraşmır: "Bu cür qərarın qəbul olunmasını bütün Fransa xalqına aid etmək olmaz. Bu, bir qrup vəzifə azarkeşinin, vəzifə hərisinin hakimiyyətdə qalmaq naminə ortaya atdığı bir məsələdir. İnandırım ki, birinci mərhələdir. İkinci mərhələdə Türkiyənin qarşısına məsələ qoyacaqlar ki, bu qərarı ya qəbul edirik, ya da siz özünüz "erməni soyqırımı"nı qəbul etməlisiniz. Yəni bu siyasətdə artıq bazarlıq ediləcək. Məqsəd isə Türkiyənin Avropa Birliyinə qəbul edilməməsidir. Çünki Türkiyə Avropa Birliyinin bütün şərtlərini qəbul etsə belə, axırda deyəcəklər ki, "erməni soyqırımı"nı qəbul et, sonra biz sizi bu birliyə qəbul edək. Təbii ki, Türkiyə də buna getməyəcək". Ziyafət Əsgərov əlavə etdi ki, bu məsələ tarixçilərin işidir. Onda biz də adekvat bir addım atmalıyıq. Əgər Azərbaycana gəlmiş hər hansı bir fransız Xocalı soyqırımını qəbul etmirsə, o zaman ona qarşı biz cinayət işi qaldırmalıyıq. Burada deyilən fikirlərin hamısına qoşuluram və bu qərarın heç bir hüquqi, mənəvi, əxlaqi əsası yoxdur və bu məsələdə hər zaman Türkiyənin yanında olacağıq".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər