Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə "Kaspi" qəzetinin 130 illiyi ilə bağlı elmi-praktik konfrans keçirildi. Tədbiri Mətbuat Şurasının sədri Əflatun Amaşov açıq elan etdi və bildirdi ki, cəmiyyətdə ictimai fikrin formalaşmasında qəzet əsas rol oynayır: ""Əkinçi" qəzeti maarifçilik ideyalarını yaymaqla mətbuatın təməlini qoydu və sonradan bu ənənələri "Kaspi" qəzeti yaşatdı. "Kaspi" 10 minlik nüsxə ilə dövrünün ən tirajlı qəzeti olaraq yalnız Azərbaycanda deyil, Rusiyada və Yaxın Şərq ölkələrində yayılırdı".
Ə.Amaşov onu da vurğuladı ki, Azərbaycan cəmiyyətində ictimai fikrin formalaşmasında mətbuat böyük vasitə olub, bəşəri dəyərlərə xidmət edən funksiya və fəaliyyət müxtəlifliyi baxımdan müstəsna rol oynayıb: "Xalqın milli şüurunun oyanışında prinsipial mövqe tutan mətbu orqanlarımız XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq milli müstəqilliyimizə aparan yolda başlıca istiqamətverici missiya daşıyıblar. "Həsən bəy Zərdabinin "Əkinçi"si ilə götürülən ideoloji kurs sonralar "Ziya", "Kəşkül", "Şərqi- Rus", "Molla Nəsrəddin" və digər bu kimi örnəklərlə layiqli davamını tapıb. Ümumilikdə, XX əsr tariximizdə dərin iz buraxmış mətbu nümunələrin meydana çıxdığı zamanda milli şüurda azərbaycançılıq ideyasını daşıyan, bu məfkurəni özünəməxsus şəkildə cəmiyyətə çatdıran qəzetlərdən biri də 1881-ci ildə nəşrə başlamış "Kaspi" idi. 1897-ci ildə "Kaspi" neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən alındı və bundan sonra o, dövrün böyük ziyalılarının qəzet ətrafında sıx birləşməsini təmin etdi. Həmin vaxtdan keçən müddət ərzində nəşrin populyarlıq dərəcəsi o qədər artdı ki, artıq Azərbaycanın hüdudlarından kənarda da onun daimi oxucuları yarandı".
"Kaspi" qəzetinin hazırkı dövrdə də tarixi ənənələrə sadiqlik ruhunda fəaliyyət göstərdiyini deyən Ə.Amaşov keçirilən toplantını qəzetlə birgə formalaşmış və inkişaf etmiş azərbaycançılıq məfkurəsinin elmi təhlilinə verilən qiymətin növbəti nümunəsi kimi dəyərləndirdi. O, tədbirdə "Kaspi"nin bu ilin aprelindən avqustunadək tədqiqatçılar və jurnalistlər arasında keçirdiyi müsabiqənin laureatlarının da mükafatlandırılacağını, eyni zamanda, nəşrin 130 illik yubileyi ilə bağlı işıq üzü görən "Üç əsrin qəzeti" kitabının təqdim ediləcəyini diqqətə çatdırdı.
Sona Vəliyeva: "Bizim bu gün təqdimatına toplaşdığımız "Üç əsrin qəzeti" kitabındakı materiallar gələcəkdə "Kaspi" ilə bağlı daha fundamental baxışların ortaya qoyulmasına təkan verəcək"
"Kaspi" qəzetinin rəhbəri, filologiya elmləri namizədi, jurnalist-alim Sona Vəliyeva tədbirdə çıxış edərək bildirdi ki, yubilyar nəşrin 130 illiyinə ən böyük töhfə jurnalistlər və mətbuat tarixi tədqiqatçıları arasındakı keçirilmiş müsabiqə və həmin müsabiqəyə təqdim olunmuş yazıların yer aldığı "Üç əsrin qəzeti" kitabının təqdimatıdır: "Hesab etdik ki, qarşımızda duran əsas məsələ "Kaspi" qəzetini elmi cəhətdən təhlil etməkdir. Çünki qəzet özlüyündə bir düşüncə məktəbi idi. Onun düşüncə sahibləri Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynamış şəxslərdir. Bu şəxslər özlərinin ictimai-siyasi baxışları, dünyagörüşləri və təfəkkürləri ilə tarixin gedişatına təsir göstərən insanlar olublar. Müsabiqəyə təqdim edilən tədqiqat işləri onlara aid bir sıra yeni tarixi faktları ortaya qoydu ki, bu da işimizin səmərəliliyi baxımından mühüm məqamdır".
S.Vəliyeva çıxışında diqqəti 1881-1919-cu illərdə fəaliyyət göstərmiş "Kaspi" qəzetinin 1897-ci ildə görkəmli Azərbaycan milyonçusu H.Z.Tağıyev tərəfindən himayəyə götürülməsinə yönəltdi. Böyük xeyriyyəçinin qəzetlə birgə eyniadlı mətbəəni də aldığını bildirən S.Vəliyeva bununla da nəşrin kənar təsirlərdən, antimilli qüvvələrin tribunasına çevrilmək təhlükəsindən qorunduğunu vurğuladı: "1898-1903-cü illərdə "Kaspi"də ədəbi tənqid rubrikasına rəhbərlik edən dövrün görkəmli ictimai xadimi Əhməd bəy Ağaoğlu daha çox xalqı düşündürən, millətin taleyi baxımdan önəm daşıyan məsələlərə geniş yer ayırırdı: "O dövrün "Kaspi"si düşüncələrin birliyindən süzülüb gəlmiş və özü ilə birgə ziyalı nəsli də formalaşdırmışdı ki, sonda bu nəslin daşıdığı məfkurə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasında və fəaliyyətində özünü bariz şəkildə göstərmişdi. Bu baxımdan orada faəliyyət göstərmiş Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun, Məmmədağa Şahtaxtlının, Firidun bəy Köçərlinin, Ceyhun və Üzeyir Hacıbəyli qardaşlarının, Sultan Məcid Qənizadənin, Nəcəf bəy Vəzirovun tarixi missiyaları xüsusi vurğulanmalıdır. Hesab edirəm ki, bizim bu gün təqdimatına toplaşdığımız "Üç əsrin qəzeti" kitabındakı materiallar gələcəkdə "Kaspi" ilə bağlı daha fundamental baxışların ortaya qoyulmasına təkan verəcək".
"Kaspi" qəzetinin ilk tədqiqatçısı, filologiya elmləri namizədi, Nizami adına Ədəbiyyat Muzeyinin baş elmi işçisi Samayə Mövlayeva bildirdi ki, "Kaspi" qəzeti uzun müddət burjua orqanı kimi təqdim edilib və bu cəhət onun öyrənilməsində, tədqiqində problemlər yaradıb.
Tədbirdə Səmayə Mövlayeva çıxışında, həmçinin, 1906-1918-ci illərdə Qafqaz Senzura Komitəsində Şərq dilləri üzrə senzor vəzifəsini tutmuş Mirzə Şərif Mirzəyevin türklərin buraxdıqları nəşrlərə qarşı ayrıseçkiliyin mövcudluğu ilə əlaqədar fikirlərini diqqətə çatdırdı.
BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli "Üç əsrin qəzeti" kitabının xüsusiyyətləri barədə geniş məlumat verərək bildirdi ki, nəşrdə "Kaspi"nin XIX əsrin sonu XX əsrin əvvəllərində azərbaycançılıq ideyasının təşəkkülündəki oynadığı müstəsna rola aydınlıq gətirən kifayət qədər elmi, publisistik materiallar cəmləşib. Müasir dövr "Kaspi" qəzetinin də azərbaycançılıq ruhlu fəaliyyətə hər zaman üstünlük verdiyini deyən C.Məmmədli tarixi ənənələrə söykənən mövcud dəst-xəttin qorunmasında nəşr rəhbərliyinin böyük xidmətlərinin mövcudluğunu vurğuladı.
BDU-nun jurnalistika fakültəsinin kafedra müdiri, professor Şamil Vəliyev çıxışında bildirdi ki, "Kaspi" qəzeti XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın milli həyatının ensiklopedik ideyasıdır. "Təəssüf ki, sovet dövründə ona pantürkist, panislamist damğası vuruldu: "Bu, nəşrin tarixinin tədqiqi üçün də xeyli maneələr yaratdı. Əslində isə "Kaspi"nin öyrənilməsi ümumilikdə həmin dövrün öyrənilməsi nöqteyi-nəzərdən yeni baxış formalaşdırır. Çünki XX əsrin əvvəllərində rus dilli mətbuat təkcə bununla məhdudlaşmırdı. "Kaspi" isə özünün coğrafiyasının böyüklüyü, liberal, müstəqil qəzet nümunəsi kimi fərqlənirdi. Bu fərqlilik ictimai-mənəvi həqiqətlərimizin təbliği baxımından da müstəsna önəm daşıyırdı".
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycanın ikinci dəfə müstəqilliyinə qovuşmasından sonra 1999-cu ildən fəaliyyətə başlamış "Kaspi" qəzetinin ötən müddətdə tarixi sələfinin oynadığı rola sadiqliyi ilə seçildiyini diqqətə çatdırıb. V.Səfərli nəşrin həyata keçirdiyi tədbirlərin örnək səciyyə daşıyan xüsusiyyətlərindən bəhs edərək, onun gələcəkdə daha böyük uğurlara imza atacağına əminliyini söylədi.
BDU-nun jurnalistika fakültəsinin professoru, müsabiqənin ekspert komissiyasının sədri Alxan Bayramoğlu "Kaspi" qəzetinin bu ilin aprelindən avqustunadək jurnalistlər və mətbuat tarixi araşdırmaçıları arasında keçirdiyi müsabiqə və onun nəticələri barədə məlumat verdi. O, müsabiqəyə təqdim edilən materialların hər birinin dəyərli olduğunu və buna görə də mükafatlandırılmasına qərar verildiyini vurğuladı və onlardan 12-i üstünlük xüsusiyyətləri nəzərə alınaraq, 300 manat məbləğində pulla qiymətləndirildiyini söylədi.
"Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli yubilyar nəşrin tarixi missiyasına və hazırkı fəaliyyətinə yüksək qiymət verdiyinə görə konfrans iştirakçılarına təşəkkürünü bildirdi. Qəzeti 1918-ci il mart qırğınlarının öyrənilməsində tarixi mənbə kimi xarakterizə edən baş redaktor "Kaspi"nin birbaşa "Əkinçi"dən sonrakı Həsən bəy Zərdabi ənənələrinin davamlılığı baxımından da müstəsna əhəmiyyət daşıdığını söylədi. N.Məmmədli, həmçinin, vaxtilə hazırkı Sabir adına Parkda "Kaspi" qəzeti mətbəəsinin fəaliyyət göstərdiyini deyərək, həmin yerdə bu barədə məlumatın əks olunduğu xatirə lövhəsinin hazırlanmasını təklif etdi.
Tədbirin sonunda "Kaspi" qəzetinin 130 illik yubileyi ilə bağlı keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı.
RƏFİQƏ HÜSEYNOVA