Vurğun Əyyubov:
Ey "İP", bir faydana çıxaracağıq,
Min lənət şeytana, çıxaracağıq,
Yüz mini meydana çıxaracağıq,
Kütlə küçələrə axışar dərhal.
Tahir Kərimli:
Yeridin bir qədər həzin taktika,
"İP"-in taktikası dizin taktika,
Qazansaydı uğur sizin taktika,
Qayıdardı geri əvvəlki şər hal.
Vurğun Əyyubov:
Mitinqçün hazırdı bizlərdə dərman,
Deşib gözümüzü nataraz şirman,
Vermiş Qorbaçovun qətlinə fərman,
İştirakın ilə qocaman Basqal.
Tahir Kərimli:
Yerində oturdar zaman, çaşsanız,
Çoxalıb bir qədər coşub-daşsanız,
Əgər həddinizi azca aşsanız,
Yatacaq yeriniz olacaq vağzal.
Vurğun Əyyubov:
Qərbdən çoxlu bosslar biz ararıq ki,
Seli arxamıza apararıq ki,
O qədər gurultu qopararıq ki,
Bizim mitinqlərə yığışar mahal.
Tahir Kərimli:
Daim aksiyanla gəzə bilməzsən,
Narıncı geyimi təzə bilməzsən,
Kütlə təzyiqinə dözə bilməzsən,
Apara bilməzsən, ağırdı çuval.
Vurğun Əyyubov:
Aksiya bizimçün nisgilli yükmü?
Kütləyə içirə biləcəyikmi?
Biz mitinq keçirə biləcəyikmi?
Qəlbimin başından asılıb sual.
Tahir Kərimli:
Keçmişin şirəsi qalıb dişində,
Müəmmalar çoxdu mitinq işində,
"Uşaqdan-böyüyə" verilişində,
Oturdar yerində sizləri Nəval.
Vurğun Əyyubov:
Hər kəs öz yükünü bir özü çəkər,
Bizim üstümüzə yeriyir təkər,
Mitinqdə ciddi iş görməsək əgər,
İfrat boyunlarda çalacaq babal.
Tahir Kərimli:
Uduzar gedənlər məbuda doğru,
Götürrəm sürəti sübuta doğru,
Aksiya yönəlsə süquta doğru,
Meydanda mən özüm qalacam qaval.
Vurğun Əyyubov:
Zəif olsaz belə biz bir ceyilik,
Müxalifətdə, biz nadir deyilik,
Bilirik yürüşə qadir deyilik,
Boşalar mitinqlə yüklənmiş xaral.
Tahir Kərimli:
Yüngülsüz getdiniz ağıra doğru,
Yolunuz daralar cığıra doğru,
Gedə bilməzsiniz uğura doğru,
Sizin nəsibiniz olar dərd-məlal.
Vurğun Əyyubov:
Kütlələr bizlərdən rəncidə qaldı,
Nəzarət altında "Beşlər", həm "Altı",
Laləni, Əvəzi etdik gözaltı,
Son anda bizlərə qoşular İqbal.
Tahir Kərimli:
Elə bildiniz ki, siz açarsınız,
Sizi ələ verdi daim carçınız,
Həmişə kütlədən gen qaçarsınız,
Necə ki, pələngdən dağlarda maral.
Vurğun Əyyubov:
Son anda yan qaçdı bizlərdən Əvəz,
İndi ifratlarda təngiyər nəfəs,
Bizdə azalıbdı, mitinqə həvəs,
Necə ki, azalıb Urmiya, Aral.
Tahir Kərimli:
Ola bilmədiniz heç üstün belə,
Qoyulmaz heç yerdə tərs büstün belə,
Yoxdu sıranızda bir Aygün belə,
Nə kömək göstərər bir-iki Tural?
Vurğun Əyyubov:
Qərbdə bəyənmədin xan plovu sən,
Kürsüdə buraxdın tam cilovu sən,
Söz verdin, yenmədin Qorbaçovu sən,
İndi dağa gedib Basqalda qaral.
Tahir Kərimli:
İsanız, Əliniz bihuşdu mənə,
Sizdəki bədbinlik xuruşdu mənə,
Gedib qaralaram, bu, xoşdu mənə,
Sən isə xiffətdən, dərddən sol, saral.
Vurğun Əyyubov:
Əsəbdən hamımız olmuşuq şəkər,
Bu dərdi İsa da, Əli də çəkər,
Get-gedə süquta uğrasaq əgər,
Qərargah yerimiz olacaq Ural.
Tahir Kərimli:
İndi ayaqüstü yeyirsiz xama,
Dəvət etmir sizi bosslar da şama,
İsa valet oldu, Əli də dama,
Sizin içinizdən çıxmadı kral.
Vurğun Əyyubov:
Gəldi radikallıq bizə baha çox,
Küçədə-meydanda cırdıq yaxa çox,
"Yeni Müsavat"dan vallah, daha çox,
Bizi yazısında vəsf edir "Xural".
Tahir Kərimli:
Qaçın nə qədər ki, əldə yox paya,
Mitinqə gedirik üzümüz yaya,
Girib şəhərdə çox diskotekaya,
Rəqs edin qızlarla orada oral.
MİRZƏ QƏRƏNFİL