PDF Oxu

Əsas

  • 14

2011-ci ilin tələbə qəbulunun yekunları müzakirə olundu

2011-ci ilin tələbə qəbulunun yekunları müzakirə olundu

Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-2012-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi statistik təhlili ilə bağlı mətbuat konfransı keçirib.

TQDK sədri Məleykə Abbaszadə keçirilən tədbirdə bildirib ki, bu il respublikanın ali təhsil müəssisələrinə 31 min 419 tələbə qəbulu nəzərdə tutulub: "Onlardan 54 yerə qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər qəbul edilib. Qalan 21 min 223 yer Azərbaycan, 2615 yer rus bölməsi üçün ayrılıb, 7527 yer isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub. Qəbul planının 26 min 384 yeri dövlət, 5035 yer özəl təhsil müəssisələrinin payına düşüb. 10 min 516 yer ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul üçün nəzərdə tutulub".

M.Abbaszadə orta məktəbi bitirənlərin səviyyəsinin aşağı olduğunu da söyləyib. Onun sözlərinə görə, orta məktəbi bütün fənlərdən 3 qiymətlə başa vuran şagirdlərin 97,52 faizinin qəbul imtahanının da nəticələri çox zəif - 0-200 bal intervalında olub: "Bu il qəbul imtahanlarında iştirak edən 103 min 185 abituriyentdən 38,66 faizi 0-100, 23,78 faizi 100-200, 15,75 faizi 200-300, 16,53 faizi 300-500, 5,27 faizi isə 500-700 bal toplayıb. Abituriyentlərdən 1476 nəfəri 600 baldan yuxarı nəticə göstərib. Yüksək ballı abituriyentlər respublikanın demək olar bütün şəhər və rayonlarını, o cümlədən, bəzi kənd məktəblərini əhatə ediblər. Yüksək nəticə göstərənlər I qrupda 331, II qrupda 364, III qrupda 323, IV qrupda 458 nəfərdir. Dörd nəfər isə maksimum nəticə - 700 bal toplayıb. Onların hamısı I qrupunun abituriyentidir. Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında orta məktəbi 5 qiymətlə bitirən məzunların yalnız 65,12 faizi attestat qiymətini təsdiq edə bilib".

M.Abbaszadə mərkəzləşmiş imtahanlarla da bağlı fikirlərini bildirdi. Qeyd etdi ki, bununla bağlı təklifləri Təhsil Nazirliyini göndərilib. Onun sözlərinə görə, gələcəkdə həmin şəxslər əmək bazarındakı rəqabətə davam gətirə bilməyəcəklər: "Mərkəzləşmiş imtahanlar keçirilirsə, belə nəticələr olmamalıdır. Nə üçün 3 ildir qəbul imtahanlarından əvvəl keçirilən mərkəzləşmiş imtahanların nəticələrinə əsasən, 0-100 bal toplayan uşaqlara attestat verib, TQDK-yə göndərir?"

Azərbaycanda müəllimlərin bilik səviyyəsi məsələsinə də toxunan M.Abbaszadə bildirdi ki, təhsildə bu problem əsas amildir: "Ölkədə təhsil sahəsində müxtəlif proqramlar həyata keçirilir, infrastruktur yaradılıb. Amma dərs deyənlərin və dərsliklərin səviyyəsini qaldırmaq lazımdır. İslahatlar o zaman uğurlu olur ki, onun nəticələri də islahatlara uyğun olsun. İşlər, təbii ki, aparılır, amma nəticələr o qədər də qənaətbəxş deyil. Təhsil sahəsində idarəetmədə də çox ciddi islahatlar həyata keçirmək lazımdır. Azərbaycanda bu istiqamətdə ölkə Prezidenti tərəfindən siyasi iradə var. İndi hər şey bizdən, təhsil işçilərindən asılıdır. Hər kəs öz işini vicdanla yerinə yetirsə, nəticələr də yaxşı olar. Biz Qarabağ uğrunda mübarizənin məktəbdə elan etməliyik. Özümüzü məktəbdə yox, cəbhədə hiss etməliyik. Biz bilikli əsgər böyütsək, Qarabağda müharibəni udacağıq"

Azərbaycanda orta təhsilin müddətinin 12 il olması təklif edildiyini deyən M.Abbaszadə vurğuladı ki, bu yaxınlarda təsdiqlənməsi gözlənilən 10 illik Milli Təhsil Strategiyasında orta təhsilin müddətinin 12 il olması təklif edilib: "Bu məsələ, hələlik, müzakirə olunur. Qeyd edim ki, əgər orta təhsilin müddəti 12 il olarsa, bu mərhələli şəkildə həyata keçiriləcək. Biz dünya təhsil sisteminin bir hissəsi olmalıyıq. Təhsil sistemləri bir-birinə inteqrasiya olunur. Amma hər bir təhsil sisteminin özünəxas istiqamətləri var. Biz istəyirik ki, 12 illik təhsildən sonra hamı təhsil ala bilməsə də, müasir dünyada özünə yer tapsın, müəyyən bilik və bacarıqlara yiyələnsin. Buna görə hesab edirik ki, 12 illik təhsil zamanın tələbidir. Bizim uşaqlar I sinfə gedir və karvan kimi XI sinfə doğru irəliləyirlər, XI sinfi bitirəndə isə onların yalnız 10-12 faizi XI illik proqramı mənimsəyir. Biz istəyirik ki, bizim uşaqlar açıq dünyada, rəqabət olan dünyada öz yerlərini tapsınlar".

Tədbirdə təhsil nazirliyinin ümumtəhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov isə çıxışında bildirdi ki, orta təhsil pilləsinin 12 il nəzərdə tutulması mütərəqqi haldır: "Amma 12 illik təhsil müddəti icbari ola bilməz. Bu halda icbari təhsil yalnız 10 il ola bilər".


R.HÜSEYNOVA

Digər xəbərlər