"2011-ci ildə Azərbaycanın uğurları kifayət qədər çox olub. Bu uğurlar siyasi, sosial-iqtisadi, mədəni və digər sahələri əhatə edir". Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, bu il ərzində əhalinin sosial rifahının yüksəlməsi istiqamətində də vacib addımlar atılıb. Onun sözlərinə görə, 2011-ci ildə ən böyük uğurlarımız Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və "Eurovision-2011" mahnı müsabiqəsinin qalibi olmasıdır. "Əlbəttə ki, bu nailiyyətlərin qazanılmasının ciddi əsasları var. Son illər ərzində, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, demokratik islahatların və digər istiqamətdə aparılan işlər həmin qələbələrin əldə edilməsində mühüm rol oynayıb. Eyni zamanda, bu il ərzində Azərbaycanın gücü, qüdrəti daha da artıb, insan hüquqlarını qorunması, söz azadlığının təmin edilməsi, demokratiyanın inkişafı yönündə əhəmiyyətli nəticələr qazanılıb. Təbii ki, beynəlxalq müstəvidə ölkəmizin mövqeyinin möhkəmlənməsində bu amillərin rolu böyükdür"- deyə YAP İcra katibinin müavini vurğulayıb.