Prezident İlham Əliyevin Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə imzaladığı Fərmana münasibətini bildirən Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvi, millət vəkili Zahid Oruc vurğulayıb ki, ölkənin Ali Baş Komandanı tərəfindən silahlı qüvvələrin hərbçilərinin mənzil təminatı ilə bağlı verilmiş Fərman həyati məna daşıyır: "Bu Fərman qarşıdakı dönəm üçün Azərbaycanın ordu quruculuğunda bu sferada fəaliyyət aparan insanların təminatında önəmli rol oynayacaq.
Qeyd edim ki, illər ərzində Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün ölkənin sənaye potensialı formalaşdırıldı, eyni zamanda, qabaqcıl beynəlxalq təcrübə ilə mübadilə də baş verdi. Həmçinin, müasir silah, texnika və sair resursları respublikamıza gətirmək baxımından çox vacib işlər görüldü. Əlbəttə, bunun paralelində başlıca məsələ insan resursudur. Çünki həmin texnikanı, bütövlükdə, digər müasir kommunikasiya vasitələrini, kəşfiyyat qurğularını da hərəkətə gətirən məhz Azərbaycan hərbçisi və yaxud onun qulluqçusu, əsgəridir. Bu mənada, onların sosial şəraitinin çox vacib məsələlərdən biri kimi nəzərdə tutulduğunu deyən deputat vurğulayıb ki, ötən dövrdə bu yöndə xeyli işlər də görülüb".
Komitə üzvü onu da vurğulayıb ki, bu gün MDB məkanında hər bir zabitə və ya əsgərə çəkilən xərcə görə, yəni, dövlət smetasında xərclərin tutumunda Azərbaycan önəmli yerlərdən birini tutur: "Lakin bununla bərabər, etiraf etmək lazımdır ki, çoxlu hərbçilərin, bunların sayı kifayət qədər böyükdür, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ciddi ehtiyacı var idi. Onlar xidməti evlərlə təmin olunsa da, təxris olunduqları zaman ciddi problemlərlə üz-üzə qalırdılar. Hərbi qulluqçuların arxada qoyduqları böyük xidmət dövrləri, keçdikləri yol, vətən üçün təmannasız çalışmaları fonunda onların gələcək həyatını sığorta etmək, buna ciddi real baza yaratmaq vacib idi".
Z.Oruc hesab edir ki, Prezident tərəfindən verilmiş Fərman bunu təmin edəcək: "Tikintisi yarımçıq qalmış binaların tikintisi başa çatacaq, eyni zamanda, qüsursuz 20 ildən artıq xidmət edən insanların sayı dəqiqləşdirilərək əksəriyyətinin dövlət tərəfindən pulsuz təminatına rəvac veriləcək. Bu, özlüyündə hərbi peşəyə gələcək dövrdə can atan, onu özünün həyatının mənası, vəzifəsi sayan və dövlət qarşısında xidmətini yalnız hərbçi formasında keçirmək istəyən insanlar üçün mühüm stimul olacaq. Nəzərə alaq ki, hərbi sfera peşəkarlıq tələb edir. Yəni bütün əmək qabiliyyəti dövrünün hamısını buna yönəldən və şərəfli işi yerinə yetirmək istəyən insanların amalları qarşılığında dövlət ödənişlər etməli, öhdəliklərini yerinə yetirməlidir. Azərbaycan dövlətinin buna imkanı var".
Millət vəkili, eyni zamanda, qeyd edib ki, bu Fərman, həmçinin, ordu quruculuğunun gələcək dövrü üçün mühüm bir mərhələ olacaq: "Yəni, böyük şəraiti, iqtisadi və sosial durumu ən yüksək səviyyədə olan Azərbaycan zabitinin, hərbi qulluqçusunun bütün bu parametrlər üzrə digər düşmən dövlət üzərində mənəvi, sosial- iqtisadi üstünlüyü olacaq. Bu, çox mühüm amildir və düşünürəm ki, 2012-ci ilə yönəlik və Azərbaycanın gələcəyi üçün Azərbaycan Prezidenti tərəfindən hərbi qulluqçulara, Azərbaycan ordusuna və beləliklə, Azərbaycan millətinə ən böyük töhfə və hədiyyə təbriki oldu".
R.HÜSEYNOVA