PDF Oxu

Əsas

  • 14

“Ermənistanın qeyri-konstruktiv mövqeyi onun həm daxili, həm də xarici siyasətdə iflasına gətirib çıxarıb”

“Ermənistanın qeyri-konstruktiv mövqeyi onun həm daxili, həm də xarici siyasətdə iflasına gətirib çıxarıb”

Yanvarın 9-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ölkəmizdə səfərdə olan Finlandiya parlamentinin nümayəndə heyətinin üzvləri ilə görüşüb.

AzərTAc xəbər verir ki, komitədə keçirilmiş görüşdə Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə danışıb, M.Qorbaçovun Sovetlər İttifaqının rəhbəri seçildikdən sonra onun rəğbətindən istifadə edən ermənilərin "Böyük Ermənistan" yaratmaq iddialarının daha da fəallaşdığını, 1988-1992-ci illərdə Ermənistanda etnik təmizləmə həyata keçirildiyini, bu ölkənin ərazisindən azərbaycanlıların misilsiz qəddarlıq və vəhşiliklə köçürüldüyünü, 250 min soydaşımızın oradakı ata-baba yurdlarından qovularaq qaçqına çevrildiyini xatırladıb. Məlumat verilib ki, 1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə münaqişənin sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul edib. Lakin Ermənistan bu qətnamələrin heç birinə əməl etmir.

Əli Həsənov qaçqın və məcburi köçkünlərin yaşayış yerləri, onların sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə də məlumat verib. Qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini bildirən Baş nazirin müavini qeyd edib ki, son dövrlərdə Azərbaycanın iqtisadiyyatı daha da inkişaf edib, hərbi qüdrəti güclənmiş, beynəlxalq əlaqələri möhkəmlənib. Bunun əksinə Ermənistanın siyasi, sosial-iqtisadi vəziyyəti daha da ağırlaşıb, təcavüzkar ölkənin tutduğu qeyri-konstruktiv mövqe onun həm daxili, həm də xarici siyasətdə iflasına gətirib çıxarıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Ermənistanda vəziyyəti daha da çətinləşdirərək, yeni problemlər yaradıb.

Ətraflı məlumata görə təşəkkürünü bildirən Finlandiya parlamentinin deputatı İlkka Kanerva Azərbaycana ikinci dəfə səfər etməkdən məmnunluğunu ifadə edib. İ.Kanerva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin vacibliyini vurğulayıb. Sonda qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən filmin diski təqdim edilib.

Digər xəbərlər