PDF Oxu

Əsas

  • 19

“Milli Fəaliyyət Proqramı” Azərbaycanda bütün sahələrin  prioritet inkişafını müəyyənləşdirir

“Milli Fəaliyyət Proqramı” Azərbaycanda bütün sahələrin prioritet inkişafını müəyyənləşdirir

Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın ictimaiyyətə çatdırılması ilə bağlı konfrans keçirildi. Tədbirdə hökumət nümayəndələri, deputatlar və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

Konfransın təşkilatçısı olan Azərbaycan Hüquqşunasları Konfederasiyasının sədri, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli tədbirin əhəmiyyəti barədə danışaraq bildirdi ki, sözügedən sənəd Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən siyasətin məntiqi davamıdır.

Millət vəkili proqramın icra olunmasında KİV-lə vətəndaş cəmiyyətinin əməkdaşlığının zəruriliyini vurğuladı: "Elə buna görə də, vətəndaş cəmiyyəti ilə birgə təqdimatın keçirilməsi Proqramın əsas mahiyyətindən biridir. Çünki hüquqi münasibətlərin tənzimlənməsində vətəndaş cəmiyyətinin rolu böyükdür. Biz vətəndaş cəmiyyətinin nümayəndələrini proqramın icrası ilə bağlı fikir mübadiləsi aparmağa dəvət edirik".

Proqramın hazırlanması zamanı bir sıra ölkələrin, eləcə də, BMT-nin təcrübəsindən istifadə olunduğunu deyən komitə sədri deklerativ bir sənədə çevrilməməsi üçün MFP-nin icrasının yüksək səviyyədə həyata keçirilməsinin vacibliyini qeyd etdi: "Biz ATƏT, Avropa Şurası, BMT və digər qurumlarla bu sahədə əməkdaşlıq edirik. Milli Fəaliyyət Proqramı beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində, vətəndaş cəmiyyəti institutlarının, KİV-in iştirakı ilə həyata keçirilməlidir".

Ə.Hüseynli bu il Azərbaycan Milli Məclisi tərəfindən "Diffamasiya haqqında" qanunun qəbul olunacağına əminliyini də bildirdi: "Çünki bu və digər məsələlərin Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında nəzərdə tutulub".

Millət vəkili onu da vurğuladı ki, hamı kifayət qədər iradə nümayiş etdirsə, Milli Fəaliyyət Proqramı icra olunacaq: "İnkişaf etmiş ölkələrin əsas göstəricilərindən biri qanunun aliliyidir".

Azərbaycan Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov tədbirdə çıxış edərək bildirdi ki, bu proqram "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının tərkib hissəsidir: "Milli Fəaliyyət Proqramın əsas müddəaları Azərbaycan dövlətinin, xüsusilə də, ölkə başçısının əsas prioritetlərindən biri olmaqla yanaşı, ölkədə aparılan işlərin daha yüksək səviyyəyə çatdırılması üçün qəbul edilib".

Çingiz Əsgərov proqramın 6 fəsildən ibarət olduğunu vurğulayaraq, söylədi ki, bu fəsillər insan hüquqlarının müdafiəsi sahəsində tədbirləri əhatə edir: "Birincisi, qanunvericiliyi əhatə edir. İkincisi, zəif təbəqələrin, qaçqın, məcburi köçkün, qadınlar, uşaqlar, insan alveri qurbanlarının hüquqlarının müdafiəsini əhatə edir. Korrupsiyaya qarşı mübarizə, məhkəmə qərarlarının icrasının təmin edilməsi, hakimlərin peşəkarlığının artırılması da Milli Fəaliyyət Proqramına daxildir. Proqramın dördüncü və beşinci fəsillər maarifləndirmə və beynəlxalq təşkilatlarla əməkdaşlığı nəzərdə tutur. Altıncı fəsildə isə Milli Fəaliyyət Proqramının icra mexanizmi göstərilib".

Milli Məclsin deputatı, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının üzvü Fazil Mustafa bildirdi ki, Milli Fəaliyyət Proqramı ən ciddi sənədlərdən biri olduğu üçün Proqramın mütəmadi monitorinqi keçirilməlidir ki, onun icrasının səmərəliliyi təmin olunmalıdır: "Enerji resurslarına güvənən bir ölkənin belə Milli Fəaliyyət Proqramı qəbul etməsi çox mühüm səslənir: "İnsanların hüquq və azadlıqlarını bütün dövlət orqanları qarşısında həyata keçirilməsi ilə bağlı bütün məqamlar bu sənəddə əksini tapıb. Bütün vətəndaş cəmiyyəti institutları, media qurumları, siyasi partiyalar, vətəndaşlar praktik həyatda olan boşluqların doldurulması, problemlərin aradan qaldırılması istiqamətində təkliflərlə çıxış edə bilərlər".

Fazil Mustafa belə sənədlərin praktik həyatda işləməsini zəruri saydı. Bildirdi ki, Milli Fəaliyyət Proqramının həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının aparacağı monitorinq böyük rol oynayacaq: "Real həyatda Milli Fəaliyyət Proqramının həyata keçirilməsinə nail olunmalıdır. Tutaq ki, bu gün Azərbaycanda siyasi hüquqlardan daha çox mülki hüquqlar pozulur. Azərbaycanda böyük islahat başlamalıdır. Bunun üçün də insan hüquqları sahəsində çalışan QHT-lər monitorinqlərə başlamalıdır. Çünki Milli Fəaliyyət Proqramında müəyyən məsələlərlə bağlı konkret vaxtlar qoyulub".

"Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev də çıxışı zamanı söylədi ki, Milli Fəaliyyət Proqramı hərtərəfli sənəddir: "Belə bir ən ciddi sənəddə yaxşı olardı ki, maliyyə mənbələri də göstəriləydi. Çünki ayrı-ayrı məsələlərin icrası maliyyə resursları tələb edir. Sənədin əsas mahiyyəti odur ki, ölkənin inkişaf etdirilməsini insan resurslarında görür. Sənədin əsas istiqamətlərindən biri də korrupsiyaya qarşı mübarizə ilə əlaqədardır. Sənəddə 7 istiqamət korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlıdır".

Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbərinin müavini Teymur Məlikaslanov isə Milli Fəaliyyət Proqramının qəbul olunmasını müsbət hal kimi dəyərləndirdi: "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının qəbul olunması müsbət haldır".

O, Milli Fəaliyyət Proqramının ingilis dilinə tərcümə olunmasını da təklif edərək bildirdi ki, sənəd ingilis dilində olarsa, beynəlxalq təşkilatların nümayəndələri onunla asanlıqla tanış ola bilər.

Ədliyyə Nazirliyinin insan hüquqları üzrə şöbəsinin rəisi Faiq Qurbanov isə söylədi ki, Milli Fəaliyyət Proqramının qəbulundan sonra nazirlikdə kollegiya iclası keçirilib və Xüsusi Tədbirlər Proqramının hazırlanmasına başlanılıb.

Son illər məhkəmə sistemində bir sıra mütərəqqi islahatların həyata keçirildiyini deyən şöbə rəisi MFP-nin bu islahatlara təkan verəcəyinə əminliyini ifadə etdi.

Tədbirdə ATƏT-in Bakı Ofisinin Qanunun aliliyi şöbəsinin rəhbəri Monika Martiner isə Milli Fəaliyyət Proqramının qəbulunu yüksək qiymətləndirdi.

Tədbirdə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının üzvü Sahib Məmmədov Milli Fəaliyyət Proqramı ilə bağlı fikirlərini açıqlayaraq, bir sıra təkliflərini də verdi.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər