PDF Oxu

Əsas

  • 17

“SƏS” QƏZETİ-21

“SƏS” QƏZETİ-21

İLHAM ƏLİYEV: "ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV BU QƏZETİN FƏALİYYƏTİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİB, İNANIRIQ Kİ, "SƏS" QƏZETİ BUNDAN SONRA DA, İCTİMAİ MARAQLARI, MƏTBUAT ƏNƏNƏLƏRİNİ UĞURLA DAVAM ETDİRƏCƏK"


Bu gün Azərbaycan mediası ən yüksək dövrünü yaşayır desək, heç də yanılmarıq. Çünki bu günün azad mediası illər öncənin qeyri-azad mediasından dəfələrlə fərqlidir, dəfələrlə müasirdir və dəfələrlə müstəqildir. Və mediada bu müstəqilliyin əsasını, ölkəmizin bütün sahələrində olduğu kimi, Ulu Öndər Heydər Əliyev qoymuşdur. Ümummilli Liderin ölkə mediasına göstərdiyi diqqət və qayğısı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Lakin bütün bu fərəhdoğurucu anlardan danışarkən və yazarkən bir daha ötən illərə ekskurs etməmək olmur. Bu günün azad, müstəqil mediası illər öncə hansı əzablara, əziyyətlərə qatlaşıb və hansı keşməkeşli yolları arxada qoyub? Bax, bu barədə düşünərkən, istər-istəməz bu gün 21 illiyini qeyd edən "SƏS" qəzetinin tarixi əhəmiyyət kəsb edən qətiyyətli fəaliyyəti yada düşür. Bu qətiyyətin, bu mərdanəliyin və bu dönməzliyin arxasında, heç şübhəsiz, "SƏS"-Çİ olmaq mənəviyyatı dayanır. Və xoş bir təsadüfdür ki, bu gün bu qəzet məhz bu mühüm amillərin daşıyıcısı, dəstəkçisi və davamlı təhlilçisidir!


ULU ÖNDƏR HEYDƏR ƏLİYEV: "MƏN "SƏS" QƏZETİNİN FƏALİYYƏTİNİ YÜKSƏK

QİYMƏTLƏNDİRİRƏM, "SƏS" MƏNİM ÜÇÜN ƏN ƏZİZ QƏZETDİR"


"SƏS" qəzetinin 21 illik fəaliyyətində ən başlıca rolu, ən yüksək qiymətləndirməni Ulu Öndər Heydər Əliyev öz kəlamları ilə tarixin yaddaşına köçürmüşdür. Onun "SƏS" QƏZETİ MƏNİM ÜÇÜN ƏN ƏZİZ QƏZETDİR" tarixi kəlamı sonradan bu mətbuat orqanının rəmzinə, şüarına çevrilmişdir. Hansı ki, bu qəzetin daha bir müqəddəs şüarı var: "QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!"

1991-ci il yanvarın 11-də nəşrə başlayan "SƏS" qəzeti Azərbaycanın müstəqilliyi ilə həmyaşıddır. "Əlincə" Xeyriyyə Cəmiyyətinin rəsmi orqanı kimi öz tarixi fəaliyyətinə başlayan qəzet bu gün də Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik ideyalarının, Yeni Azərbaycan Partiyası ideyalarının təbliğatçısıdır. Hələ AXC-Müsavat cütlüyünün yarıtmaz iqtidarı dövründə yaradılan süni çətinliklərə, siyasi maneələrə və əngəllərə baxmayaraq, "SƏS" qəzeti öz fədakar jurnalistləri sayəsində öz nəşrini dayandırmayıb. Ən əsası isə odur ki, 90-cı illərdən başlayaraq, "SƏS" xalqın səsinə çevrilərək, xalq hərəkatının tüğyan etdiyi, Azərbaycanın parçalanmaya məruz qaldığı bir vaxtda sağlam ideologiya ortaya qoymaqla Heydər Əliyevi sevənləri öz ətrafında birləşdirdi və bu gün də birləşdirməkdədir. "SƏS" qəzeti o dövrlərdə 3-4 müstəqil qəzetlərdən biri kimi ən yüksək tirajla işıq üzü görürdü. O zamanlar qəzetin tirajı 30 min idi. Məhz o zamanlar, bugünkü müxalifətdən fərqli olaraq, sağlam düşüncəli, sivil və demokratik müxalifətçiliyin əsasını "SƏS" qəzeti qoyub. "SƏS" qəzetinə 13 il rəhbərlik edən tanınmış ziyalı, siyasi-ictimai xadim Ağabəy Əsgərov olub. 2005-ci il mayın 1-dən isə "SƏS" qəzetinə Bəhruz Quliyev rəhbərlik edir. Yuxarıda qeyd etdiyimiz kimi, "SƏS" qəzeti bu gün bir məktəb kimi formalaşmış mətbuat orqanı olmaqla, özündə digər əhəmiyyətli xüsusiyyətləri cəmləşdirir. Hətta 21 il öncə bu qəzetə gələn jurnalistlər bu gün də burada yorulmadan fəaliyyət göstərirlər.


QƏZETƏ VERİLƏN NÖVBƏTİ ALİ DƏYƏR


Hələ keçən ilin sonlarında - 2011-ci ilin 24 dekabr tarixində "SƏS" qəzeti özünün 4000-ci sayını işıq üzünə çıxardı. Məhz bu sayın, bu rəqəmlərin hər birində bir ŞƏRƏF, bir LƏYAQƏT simvolları dayanır. Bütün bu vaxt axarlarına nəzər saldığımız məqamlarda qəzetimizə verilən daha bir ali dəyər bizləri sevindirir. Belə ki, "SƏS" qəzeti 2011-ci ilin yanvarında 20 illik yubileyini qeyd edərkən, Azərbaycan Prezidenti İlham Əliyev "SƏS"-çilərə təbrik məktubu ünvanlayıb. Həmin tarixi təbrik məktubunda vurğulanıb: " "SƏS" qəzeti müxtəlif ictimai-siyasi hadisələri, vətəndaşları narahat edən problemləri işıqlandırmaqdan heç vaxt geri çəkliməyib. Özünəməxsus iş prinsipi ilə "SƏS" qəzeti aktual mövzuları öz səhifələrində işıqlandırıb, oxucunun informasiya tələbatını ödəməyə çalışıb. Ümummilli Lider Heydər Əliyev bu qəzetin fəaliyyətini yüksək qiymətləndirib. İnanırıq ki, "SƏS" qəzeti bundan sonra da ictimai maraqları, mətbuat ənənələrini uğurla davam etdirəcək. 20 illik yubileyi münasibəti ilə "SƏS" qəzetini təbrik edir və ona gələcək fəaliyyətində uğurlar arzulayıram".

Bəli, bu, bizim, eləcə də, bütün Azərbaycan xalqının "SƏS" qəzetdir və qəzetimizə verilən ən ali dəyərdir. Bu gün cənab Prezident İlham Əliyevin uğurlu siyasətini və Yeni Azərbaycan Partiyasının ideologiyasını yüksək səviyyədə dəstəkləyən "SƏS" qəzeti bütün mənalarda bu uğurlara, bu yüksəlişə layiqli mətbuat orqanı olduğunu sübut etməkdədir.

21 YAŞIN MÜBARƏK, SEVİMLİ "SƏS"!


RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər